GUAM dirçəlir?
12:30 22-11-2013
İQTİSADİYYAT
GUAM dirçəlir?
Mətbuat yazır ki, Kiyevdə Türkiyənin də quruma gətirilməsi müzakirə mövzusu olub
Ölkə prezidenti İlham Əliyevin Ukrayna səfəri və müzakirə olunan məsələlər Rusiya və Ukraynanın əksək kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir. Rusiya nəşrləri səfərə müəyyən mənada qərəzli yanaşsalar da, Ukrayna mətbuatı bu səfərin ikitərəfli münasibətlərə ən yüksək töhfə olduğunu vurğulayır.
"Nezavisimaya qazeta" yazır ki, prezidentlər İlham Əliyev və Viktor Yanukoviç Qərb və Rusiya arasında balanslaşdırılmış münasibətlərin olmasında maraqlıdırlar. Rusiya nəşri yazır ki, mətbuatda bu səfər zamanı iqtisadi sahədə bir sıra sənədlərin imzalanması barədə xəbərlər dolaşsa da, bu belə olmadı. "Əvəzində isə GUAM - Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın daxil olduğu qurumun bərpası barədə razılıq əldə olunub. Ən əsası, Türkiyənin də bu quruma gətirilməsi müzakirə olunub" deyə yazıda qeyd edilib. "Penta" analitik mərkəzininin rəhbəri Vladimir Fesenko qəzetə bildirib ki, iki ölkəni bir sıra məsələlərdə strateji müttəfiqlik telləri bağlayır: "Eləcə də tarixən Ukrayna ilə Azərbaycan arasında münasibətlər yüksək səviyyədə olub. Hər iki ölkə Avropa İttifaqının "Şərq tərəfdaşlığı" layihəsinin üzvləridir. GUAM buna əyani misaldır. İndi isə bu layihə yeni miqyasda və səviyyədə bərpa oluna bilər.
Kiyevdəki ekspertlər hesab edirlər ki, GUAM-ın təşəbbüskarı olan Birləşmiş Ştatlar da yenidən onun bərpasını istəyir. Ağ ev bununla Şərqi Avropa siyasətinə və MDB-yə nüfuz etmək istəyir. Ukrayna üçün də bu məsələ Vilnüs toplantısının necə başa çatmasından asılı olmayaraq, çıxış yolu ola bilər".
Digər bir mətbu orqan "Kommersant" isə bu qənaətdədir ki, Ukrayna TANAP layihəsinin investorlarından birinə çevrilə bilər: "Bu fikri Ukraynanın enerji və kömür naziri Eduard Staviçki də təsdiq edib. Ukraynanın bu layihədə iştirak etmək istəyini ötən ilin payızında baş nazir Nikolay Azarov da bəyan etmişdi".
Yeri gəlmişkən, prezidentin Kiyevə rəsmi səfəri Ukraynada həm dövlətə məxsus, həm də müstəqil elektron və mətbu KİV-lərin əsas mövzusu olub. Mərkəzi və regional telekanallar, informasiya agentliklərinin xəbər buraxılışları, radioefirlər, qəzetlər və jurnallar, internet-nəşrlər Ukrayna ictimaiyyətini İlham Əliyevin noyabrın 18-də bu dost ölkədə olması barədə məlumatlandırıb. Məsələn, Ukraynanın Milli İnformasiya Agentliyi (Ukrinform) "Yanukoviç: Ukrayna və Azərbaycan Avropaya karbohidrogenlər nəql edilməsi sahəsində səylərini birləşdirməlidirlər" sərlövhəli məqalədə yazır: "Prezident Viktor Yanukoviç əmindir ki, Ukrayna və Azərbaycan karbohidrogenlərin Avropa istiqamətində nəql edilməsi məsələlərində öz səylərini birləşdirmək üçün hər cür imkana malikdirlər. Bu barədə o, jurnalistlərə prezident İlham Əliyevin Ukraynaya rəsmi səfərinin gedişində məlumat verib". "Ukrinform" dövlət başçısının aşağıdakı sözlərini sitat gətirir: "Ukrayna enerji daşıyıcılarının nəql edilməsi üçün etibarlı tranzit ölkə, Azərbaycan isə onların etibarlı təchizatçısı kimi çıxış edir. Energetika sahəsində qarşılıqlı fəaliyyət prioritet məsələlərdən biridir və ölkələrimiz karbohidrogenlərin Avropa istiqamətində nəql edilməsi məsələlərində öz səylərini birləşdirmək üçün hər cür imkana malikdirlər".
Ukrayna Müstəqil Xəbərlər İnformasiya Agentliyi "Yanukoviç və Azərbaycan Prezidenti bir-birinə orden veriblər" sərlövhəli materialda yazır: "Ukrayna Prezidenti Azərbaycan Respublikasının Prezidentini Azadlıq ordeni ilə təltif edib. Prezident İlham Əliyev isə ukraynalı həmkarına Azərbaycanın ali dövlət təltifini - "Heydər Əliyev" ordenini təqdim edib. Prezidentlərin iştirakı ilə bir sıra ikitərəfli sənədlər də imzalanıb".
Agentlik sonda bildirir ki, Viktor Yanukoviç və İlham Əliyev Ukrayna və Azərbaycan Respublikası Prezidentləri Şurasının dördüncü iclasının protokolunu imzalayıblar. Bu sənəddə Ukrayna-Azərbaycan ikitərəfli münasibətlərinin gündəliyində olan əsas məsələlərin, o cümlədən siyasi dialoqun, ticari-iqtisadi, yanacaq-energetika sahələrində əməkdaşlığın vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsinin nəticələri, habelə Prezidentlər Şurasının iclasının nəticələrinə əsasən əldə edilmiş razılaşmalar təsbit olunub.
"Kapital" internet nəşrində bu səfər haqda məlumat "Yanukoviç və Əliyev bir sıra ikitərəfli müqavilələr imzalayıblar" sərlövhəsi ilə dərc edilib. Materialda iki dost ölkənin dövlət başçıları tərəfindən iki ölkə Prezidentləri Şurasının dördüncü iclasının protokolunun imzalanmasından bəhs olunur və qeyd edilir ki, həmin protokolda Ukrayna-Azərbaycan ikitərəfli münasibətlərinin gündəliyindəki əsas məsələlərin müzakirəsinin nəticələri təsbit olunub.
"Komsomolskaya pravda v Ukraine" nəşrinin "Prezident: Ukrayna və Azərbaycan iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar" sərlövhəli redaksiya materialında Viktor Yanukoviçin Kiyevdə aparılmış danışıqları necə şərh etməsindən bəhs olunur. Yanukoviçin sözlərinə görə, etimada əsaslanan konstruktiv dialoq Kiyev ilə Bakı arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına və dərinləşməsinə şərait yaradır: "Bizim görüşlərin keçdiyi ənənəvi qarşılıqlı anlaşma şəraitini qeyd etmək mənə xüsusilə xoşdur".
Viktor Yanukoviç qeyd edib ki, Şuranın iclasında əvvəlki dövr ərzində görülmüş işlərə yekun vurulub, əsas istiqamətlər üzrə gələcək ikitərəfli əməkdaşlıq planları ətraflı müzakirə edilib.
V.Yanukoviç İlham Əliyevi prezident seçkilərində layiqli qələbə münasibətilə təbrik edərək vurğulayıb: "Bu, sabitlik əlaməti, Azərbaycan xalqının öz liderinə ən yüksək etimadının əlamətidir". Azərbaycan prezidenti isə öz növbəsində qeyd edib ki, Ukrayna və Azərbaycan praktiki olaraq bütün istiqamətlər üzrə əməkdaşlıq edirlər. "RBK - Ukraina" informasiya agentliyi isə "Əliyev: Ukrayna Azərbaycanın enerji resurslarının nəqlini təmin edən etibarlı tranzit ölkədir" başlıqlı materiala sərlövhə kimi prezident İlham Əliyevin Viktor Yanukoviçlə görüşündən sonra dediyi sözləri seçib, hər iki ölkənin bir-biri ilə sıx strateji münasibətlər bağladığını vurğulayıb.
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53