Ziya Məmmədov rəqiblərinə güc nümayiş etdirdi
13:20 23-11-2013
İQTİSADİYYAT
Ziya Məmmədov rəqiblərinə güc nümayiş etdirdi
Nəqliyyat naziri Kənd Təsərrüfatı Nazirliyinin ardınca Hesablama Palatasını da əlində saxladı
Nəqliyyat naziri Ziya Məmmədovdan rəqiblərinə qarşı növbəti zərbə gəlib. Belə ki, prezident seçkilərindən sonra yenidən formalaşan hökumətin tərkibində yalnız öz postunu qoruyub-saxlamaqla kifayətlənməyən nəqliyyat naziri qudası Heydər Əsədovu kənd təsərrüfatı naziri təyin etdirməyi bacarmışdı. İndi isə o, Hesablama Palatasını da yenidən nəzarətində saxlamağa nail olub.
Belə ki, dünən Milli Məclisin dünənki iclasında Hesablama Palatasına yeni sədr təyin edilib. Çıxış edən parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Hesablama Palatasına sədrliyi irəli sürülən Vüqar Gülməmmədovu deputatlara təqdim edərək bildirib ki, o peşəkar iqtisadiyyatçısıdır.
Z. Səmədzadə deputatları V. Gülməmmədovun Hesablama Palatasına sədr təyin edilməsinə səs verməyə çağırıb. Daha sonra təklif səsverməyə çıxarılıb və V. Gülməmmədov Hesablama Palatasının yeni sədri təyin edilib.
Hesablama Palatasının sabiq sədri Heydər Əsədov kənd təsərrüfatı naziri təyin edildiyi üçün onun yeri boş qalmışdı.
Qeyd edək ki, V. Gülməmmədov 1971-ci il aprelin 3-də Bakıda anadan olub, 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun istehsalın iqtisadiyyatı və idarəedilməsi fakültəsini bitirib. 1992-ci ildə Suraxanı Maşınqayırma Zavodunda tərcüməçi işləyib, 1993-1997-ci illərdə Suraxanı rayon Səhiyyə Şöbəsində baş mühasibin müavini, baş mühasib vəzifələrində çalışıb, 1997-2007-ci illərdə Maliyyə Nazirliyinin Suraxanı rayon Maliyyə İdarəsinin müfəttişi, rəis müavini, müdiri, Səbail rayon Maliyyə İdarəsinin rəis müavini, şöbə rəisi, Binəqədi rayon Maliyyə İdarəsinin rəis müavini, sektor rəisi, Yasamal rayon Maliyyə İdarəsinin rəis müavini, sektor rəisi olub.
Sonradan, 2007-ci ildən Hesablama Palatasının xarici investisiyalı və infrastruktur layihələrinə nəzarət şöbəsinin müdiri vəzifəsində işləyən V. Gülməmmədov Palatanın yaradılmasının 10 illiyi ilə əlaqədar və Palatanın fəaliyyətində xüsusi xidmətlərinə görə Azərbaycan prezidentinin 2011-ci il 31 oktyabr tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Məlumatlı mənbələrdən “Unikal”a daxil olan bilgiyə görə, Hesablama Palatasına yeni sədr təyinatı bu qurumun faktiki olaraq yenidən nəqliyyat naziri Ziya Məmmədovun nəzarətində saxlanılması deməkdir. Belə ki, qurumun əvvəlki sədri Heydər Əsədov nazirin qudasıdır. Onun İsmət Abbasovdan boşalan kənd təsərrüfatı naziri təyin edilməsi ilə Ziya Məmmədov faktiki olaraq aqrar sektoru da öz nüfuz dairəsinə daxil etmiş oldu.
Bundan sonra Hesablama Palatasının sədri postu uğrunda oliqarxlar arasında mübarizə start götürdü. Palatanın Ziya Məmmədovun təsir dairəsindən çıxarılacağı gözlənilsə də, bu baş vermədi və Vüqar Gülməmmədovun qurumun başına gətirilməsi ilə Hesablama Palatası yenidən Ziya Məmmədovun nəzarətində qaldı. Məsələ burasındadır ki, yeni sədr də nəqliyyat nazirinin adamıdır, onunla yaxşı münasibətlərə malikdir və sözügedən posta təqdimatında birbaşa Ziya Məmmədovun rolu və iştirakı olub.
Beləliklə, həm qudasını kənd təsərrüfatı naziri təyin etdirməklə aqrar sahəni nüfuz dairəsinə keçirərək, həm də Hesablama Palatasına öz adamının təyin olunmasına nail olaraq bu qurumu yenidən öz əlində saxlamaqla Ziya Məmmədov faktiki olaraq iqtidar içi rəqiblərinə güc nümayiş etdirməyi bacardı. Bu mənada onu son prezident seçkilərindən sonrakı ilk dövrün ən qazanclı oliqarxı saymaq mümkündür. Açıq görünür ki, nəqliyyat naziri hakimiyyət daxilində sürətlə güclənməyə, mövqelərini möhkəmləndirməyə və genişləndirməyə doğru gedir. Bunun isə onun rəqiblərində ciddi narahatlıqlara yol açacağı mübahisəsizdir.
Xüsusilə Hesablama Palatasını əlində saxlamaqla nəqliyyat naziri iri məmurlara qarşı ciddi təsir rıçaqlarından birinə malik olaraq qalır. Bu qurumun aparacağı auditlər, yoxlamalar yenə də Ziya Məmmədova özünə rəqib kimi gördüyü yüksək çinli məmurları davamlı təzyiq altında saxlamaq, onların zəiflədilməsi üçün imkanlar əldə etmək fürsəti verəcək.
Eyni zamanda istisna edilmir ki, nəqliyyat nazirinin iqtidar daxilində güc və təsir imkanlarını artırması, nüfuz dairəsini genişləndirməsi və möhkəmləndirməsi qarşıdakı mərhələdə anti-Ziya Məmmədovçu dairələri hərəkətə gətirsin. Onlar adıçəkilən nazirin bu şəkildə güc mərkəzinə çevrilməsini qəbul etməyərək əks-həmlələrə başlaya bilərlər.
Belə bir ehtimalın reallaşıb-reallaşmayacağını, həmin əks-həmlələrin nədən ibarət olacağını isə bizə heç şübhəsiz ki, qarşıdakı zaman kəsimi göstərəcək.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53