Oliqarxların baş nazirlik davası bitir
13:21 23-11-2013
İQTİSADİYYAT
Oliqarxların baş nazirlik davası bitir
Bəzi iri məmurların Artur Rəsizadənin postu uğrunda mübarizəsi niyə səngiyib?
Azərbaycanda ikinci ən mühüm iqtidar postu olan baş nazirlik uğrunda bəzi iri məmurların savaşı haqqında çoxdan yazılır. Bir çox oliqarxların Artur Rəsizadənin əyləşdiyi kürsüyə can atdığı və bunun üçün də hökumət daxilində müəyyən qarşıdurmaların yaşandığı KİV-in uzun müddətdir diqqət mərkəzində saxladığı mövzulardan biridir.
Son prezident seçkisindən sonra da bu posta iddialılar öz arzularına çata bilmədilər. Baş nazirliyə can atanlar Artur Rəsizadənin yenidən Nazirlər Kabinetinin rəhbəri görəvində qalması həqiqətini qəbul etdilər.
Ümumiyyətlə isə son vaxtlar baş nazirlik postu uğrunda bəzi oliqarxlar arasında çəkişmələrin səngidiyi hiss edilir. Doğrudur, bunu Rəsizadənin həmin postda saxlanılması ilə də izah etmək olar. Amma məsələ burasındadır ki, prezident seçkiləri öncəsi də əvvəlki dönəmlərdən fərqli olaraq baş nazirliyə iddialıların KİV-də qeyd edildiyi kimi, amansız mübarizəsinin simptomları nəzərə çarpmadı. Bəs bunun səbəbi nədir?
“Unikal”ın əməkdaşı ilə söhbətində adının çəkilməsini istəməyən mənbə həmin səbəbi son vaxtlar hökumətə yaxın mətbu orqanlarda ortaya atılan bir iddia ilə əlaqələndirməyi doğru sayır. Xatırladaq ki, bu iddianın yer aldığı yazılarda bildirilir ki, son prezident seçkilərindən sonra ölkədə başlanan islahatlar zəruri olduğu qədər, ölkənin siyasi gələcəyinə hesablanmış addımlar təəssüratını da yaradır. İlk növbədə Baş nazirinin müavinlərinin sayı artırılmaqla bu institutun gücləndirilməsi gedişi edildi. Hansı ki, prezident respublikası olan Azərbaycanda indiyə qədər Baş nazir institutuna bu qədər diqqət ayrılmamışdı. Bu baxımdan, Baş nazirlik institutunun səlahiyyətlərinin genişləndirilməsi Azərbaycanın siyasi idarəçiliyinə gələcək dəyişiklərin konturlarını açmış olur və gözlənilən hadisələrin ilkin ehtimallarını ortaya çıxarır. “İqtidar bu seçkidə öz qalibiyyətini təmin etdi. Bunun təbii səbəbləri mövcuddur: ən azından, qarşı düşərgənin zəifliyi ilə hakim düşərgənin xeyli səs salan uğurları müqayisə olunmazlığı ilə seçilirdi. Bu sıradan olan səbəblər kifayət qədərdir ki, iqtidarın halal qələbə çaldığına əsas yaradır. Faktiki olaraq da, hazırki iqtidarın sonrakı qələbələri də görünməkdədir. Hakim düşərgə də öz gücünü qorumaqla ölkəyə rəhbərlik etməkdə maraqlıdır, “xalq istəyirsə niyə də olmasın” yanaşması ilə burda təəccüblü heç nə yoxdur. Amma eyni sistemlə 4-cü dəfə ölkəyə rəhbərlik etmək istər daxili, istərsə beynəlxalq aləmdə birmənalı qarşılanmayacağı da yəqindir. Bu baxımdan, iqtidarın siyasi idarəçilikdə dəyişikliyə getməsi, bir sözlə prezident respublikasından parlament respublikasına keçilməsi əvvəlcədən zəruri görünürdü. Bu, ölkənin idarə edilməsində, hakimiyyətin daha geniş çevrədə cəmlənməsinə, nəticə etibarilə daha səmərəli idarəçiliyə də yol aça bilər.
Seçkiöncəsi proseslər və seçkidən sonra baş verənlər belə bir addımın atılacağı ehtimalını gücləndirir. Baş nazir institutunun gücləndirilməsini də birbaşa gələcək dəyişikliyin ilkin addımları olaraq qəbul etmək olar” deyə hökumətyönümlülüyü ilə seçilən KİV-lərdə bildirilir.
Hətta bu günlərdə iqtidaryönümlü BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev də parlamentli respublikaya keçidlə bağlı perspektivləri açıqlayıb. Onun fikrincə, siyasi islahatlar Azərbaycanın konstitusion quruluşunu dəyişməklə başlanmalıdır: “Azərbaycan reallıqları üçün yeganə optimal variant parlament idarəçiliyinə keçməkdir. Siyasi islahatlarla paralel olaraq iqtisadi azadlıqlar da genişləndirilməlidir. Bu islahatlar bir-birini şərtləndirəcək və üzvü sürətdə bağlıdırlar. Düşünürəm ki, Azərbaycanda islahatlar başlayacaq. Hər halda buna böyük ümidlərim və inamım var. 2015-ci ilə, yəni növbəti parlament seçkisinə qədər belə bir islahatın keçirilməsi zərurətə çevriləcək. İdarəçilik formasının dəyişdirilməsi qaçılmazdır. Hesab edirəm ki, iqtidarın belə bir qərarı vaxtında qəbul etməyə müdrikliyi çatacaq”.
YAP-ın tanınmış simalarından olan deputat Eldar İbrahimov isə ölkədə baş nazir institutunun gücləndirilməsi və gələcəkdə parlamentli respublika keçidinə də münasibət bildirib. Deyib ki, Baş nazir institutu gücləndirilir, çünki bu lazımdır: “Əlbəttə ki, baş nazir strukturu güclü olmalıdır. Bu prezidentə köməklikdir. Lakin başqa ehtimalları düşünməyə ehtiyac yoxdur. Vaxtı gələndə görəcəyik ki, bu ehtimallar yerini tutub”.
Bəzi ehtimallara görə, 2018-ci ildə Azərbaycan artıq həmin ildə tam parlamentli respublikaya keçid edə bilər. Əgər 2015-ci ildə parlamentli respublika modelinə keçsək, konstitusiyanın keçid müddəalarında qeyd edə bilərik ki, hökumətin parlament tərəfindən formalaşdırılması 2018-ci ildə baş verəcək. Beləliklə, 2015-ci ildə parlament seçkisi keçirilir və 3 il sonra prezidentin səlahiyyətləri başa çatanda artıq yeni hökuməti parlament formalaşdırır. Qüdrət Həsənquliyev və bir çox başqaları bunun baş verməsini “tarixi hadisə” kimi qiymətləndirir.
Biz isə son vaxtlar hökumətyönümlü media və şəxslər arasında belə polemikaları bəzi oliqarxların baş nazirlik savaşını bitirməsinin əsas səbəbi kimi qəbul edirik. Elə mənbəmiz də düşünür ki, hazırda əksər oliqarxlar belə bir siyasi ehtimalın olduğunu və onun gerçəkləşəcəyi təqdirdə özlərinin baş nazirlik perspektivinin qalmadığını nəzərə alaraq Artur Rəsizadənin postu uğrunda mübarizəni dayandırıblar. Onlar artıq ölkənin ikinci şəxsi vəzifəsinə şanslarının olmadığı həqiqətini qəbul ediblər. Bu səbəbdən də artıq baş nazirlik mübarizəsini illərdir həmin həvəslə yaşayan bəzi oliqarxlar üçün bitmiş saymaq olar.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53