Şok iddia! Kılıçdaroğlu ABŞ-la birləşib Ərdoğanı devirəcəkmiş
15:05 27-12-2013
İQTİSADİYYAT
Şok iddia! Kılıçdaroğlu ABŞ-la birləşib Ərdoğanı devirəcəkmiş
"Böyük rüşvət işi" şiddətlənir: Türkiyə baş nazirinin oğlunun həbsi üçün hazırlıqlara start verildi
Türkiyə Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu "sui-istifadə və rüşvət" əməliyyatlarının başlandığı 17 dekabr tarixində ABŞ-ın Türkiyədəki səfiri ilə görüşü barədə deyilənlərə cavab verib. Qardaş ölkənin "CNN Türk" kanalının canlı yayımına qatılan CXP sədri ABŞ səfiri ilə yemək tarixinin bir təsadüf olduğunu bildirib.
"Əvvəlcədən razılışdırılan bir tarix idi, əməliyyatın keçirildiyi günə düşməsi təsadüf idi. Mənim ABŞ səfərimdən sonra ABŞ səfirinin dəvəti oldu", - K.Kılıcdaroğlu söyləyib.
ABŞ-a səfər etdiyi üçün "Amerikançı" olmaqla günahlandırılan CXP sədri hakim Ədalət və İnkişaf Partiyasını sərt tənqid edib: "Biz türkiyəçiyik, məsələnin əsli budur. Mən Çinə də getdim, amma kimsə bizə "Çinçisiniz" demədi. İngiltərəyə və İraqa getdim, yoldaşlarımı Misirə göndərdim. Biz Ədalət və İnkişaf Partiyasının Türkiyəni öz coğrafiyasına həbs etdiyini görürük. Türkiyə böyük bir ölkədir, öz coğrafiyasına həbs ediləcək bir ölkə deyil. Biz bütün qonşularımızla sağlam bir dialoq qurmaq istəyirik".
17 Dekabr əməliyyatı sonrası baş verənləri qiymətləndirən Kılıçdaroğlu bunların dövlət böhranı olduğunu bildirib: "Bunu bir dövlət böhranı olaraq qiymətləndirə bilərik. Çünki, konstitusiyada hakimiyyətin bölgüsü qanunu var. Qanunverici, icraedici və məhkəmə. Prokuror məhkəmənin, polis icraedici hakimiyyətin bir parçasıdır. Biz məhkəmə ilə icraedici hakimiyyətin döyüşünü gördük. Bu bir dövlət döyüşüdür, dövlət böhranıdır. Burada problemi həll etməli olan məhkəmədir. Dövlət Şurasının hadisəni bir gün gecikdirməsi belə sui-istifadəçilərə mükafat verməsi anlamına gəlir".
Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğanın nəzarətindəki KİV-lər Kamal Kılıçdaroğlunun ABŞ səfiri ilə görüşündə birgə səylərlə AKP hökumətinin devrilməsinin müzakirə olunduğunu iddia edir.
Ərdoğan hökumətə
10 yeni şəxs gətirdi
Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb. Hökumətə 10 yeni şəxs gətirilib:
Baş nazirin müavini - Əmrullah İşlər
Ədliyyə naziri - Bəkir Bozdağ
Ailə və sosial siyasət naziri - Ayşənur İslam
Avropa Birliyi naziri - Mövlud Çavuşoğlu
İqtisadiyyat naziri - Nihat Zeybəkçi
Ətraf mühit və şəhərsalma naziri - İdris Güllece
Daxili işlər naziri - Əfqan Ala
Nəqliyyat naziri - Lütvi Əlvan
Elm, sənaye və texnologiya naziri - Fikri İşıq
Gənclər və idman naziri - Akif Çağatay Kılıç.
Xatırladaq ki, dekabrın 25-də Türkiyənin ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraqdar, iqtisadiyyat naziri Zəfər Çağlayan və daxili işlər naziri Müəmmər Gülər istefaya gediblər. Onların oğlanları dekabrın 17-də rüşvət və korrupsiya ittihamı ilə həbs ediliblər.
Adı korrupsiya qalmaqalında hallandırılmış Egemen Bağış da (Avropa İttifaqı ilə danışıqlar üzrə baş müzakirəçi, nazir idi) yeni kabinetdə təmsil olunmur.
CHP-li deputatın nəvəsi Ərdoğan hökumətinin
ən gənc naziri oldu
Bu arada məlum olub ki, Ədalət və İnkişaf Partiyasının (AKP) Samsundan olan millət vəkili Akif Çağatay Kılıç yeni kabinetin ən gənc naziri ünvanına sahib olub. O, 1976-cı il təvəllüdlüdür.
Həmçinin bildirilir ki, Akif Çağatay Kılıç hazırda ölkənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının 1960 və 70-ci illərdə millət vəkili olmuş İlyas Kılıcın nəvəsidir.
Akif Çağatay Kılıç millət vəkilliyindən əvvəl baş nazir Ərdoğanın özəl müşaviri olub.
Qəribə təsadüfdür ki, Ərdoğan hökumətinin sabiq gənclər və idman nazirinin də soyadı Kılıc (Suat Kılıc) olub.
Yeni təyinatlar Ərdoğan iqtidarını iflasdan qurtara biləcəkmi?
"Hesab edirəm ki, Türkiyədə Ədalət və İnkişaf Partiyası hakimiyyətinin geriyə dönüşü başlanılıb". Bunu politoloq Qabil Hüseynli deyib. O, Türkiyədə nazirlərin istefasına və hökumətin yeni tərkibinin formalaşdırılmasını şərh edərkən bildirib ki, baş nazir Rəcəb Tayyib Ərdoğanın da hakimiyyətdən getməsi gündəmdədir.
Onun sözlərinə görə, yeni təyinatlar da Ərdoğan iqtidarını iflasdan qurtara bilməyəcək. "Rüşvət və korrupsiya əməliyyatlarının yeni-yeni məqamları üzə çıxır. Xalqın etirazları da səngimək bilmir. Türkiyə hazırda ciddi problemlərlə üz-üzədir", - deyə Q. Hüseynli qeyd edib.
Politoloq bildirib ki, bütün bu proseslər hakim partiyanın sonunu yaxınlaşdırır. Onun qənaətincə, Ərdoğan hökuməti ölkədə keçirilən prezident seçkisinə qədər hakimiyyətdən gedə bilər: "Prezident seçkilərində iştirak etsə belə, AKP-nin parlament seçkilərində sarsıdıcı məğlubiyyəti gözlənilir. Bir sözlə, Türkiyədə Ərdoğan erasının sona çatmaq üzrə olduğunu söyləmək mümkündür".
Ərdoğan Rza
Zərrabı təriflədi
Dünən həmçinin Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan rüşvət və qaçaqmalçılıqda ittiham olunaraq saxlanılan iş adamı Rza Zərrabdan danışıb.
Baş nazir Pakistan səfərindən Ankaraya qayıdarkən təyyarədə jurnalistlərin Rza Zərrabla bağlı sualını cavablandırıb.
Ərdoğan bildirib ki, Rza Zərrab ölkəyə xeyri dəyən, xeyirxah insandır.
Hökumət başçısı vurğulayıb ki, "Xalq bank"ın idarə heyətinin həbsdə olan sədri Süleyman Aslanın dürüst olduğuna şübhə etmir, onun təmizürəkliliyinin qurbanı olduğunu düşünür.
Ərdoğanın oğlu haqqında həbs qərarı verilib?
Türkiyədə həbslərin ikinci dalğası çərçivəsində baş nazir Ərdoğanın oğlu Bilal Ərdoğanın həbsinə hazırlıq görülüb. Bu barədə qardaş mediası məlumat yayıb.
Bildirilir ki, Türkiyə Mülkü Prokurorluğunun rəhbəri Müammər Ağqaş AKP-yə qarşı əməliyyatın 2-ci dalğasını həyata keçirmək istəyir. Ancaq lazım olan şəxslərin həbsini həyata keçirən qurum polis olduğu üçün əməliyyat dalana dirənib.
Hazırkı vəziyyətdə həbslərin Ərdoğanın 2 oğluna qədər uzanacağı iddia edilir. Bu məlumatı doğrulayanlardan biri də Türkiyə hökümətinin mediadakı dəstəkçilərindən olan "Yeni Şəfəq" qəzetinin müxbiri Cihat Arpacıqdır. Jurnalist özünün "Tvitter" hesabında yazır: "Prokurorluq saat 09:00-da Bilal Ərdoğan haqqında polisə "saxlanılsın" təlimatı verib. Ancaq əməliyyat hələ ki, həyata keçirilməyib. İddiaya görə, səbəb əməliyyat barədə yuxarılara məlumat verilməsidir".
İstanbul Valiliyi və Polis İdarəsi rəisi haqqında vəzifələrindən sui-istifadə və sübutların gizlədilməsinə görə istintaq başladılıb.
İstintaqı Türkiyə Mülkü Prosessual Məcəlləsinin 10-cu maddəsinə uyğun olaraq, qurumun müvafiq şöbəsi tərəfindən araşdırır. Prokurorluğun həmin şöbəsi "silahlı dəstələr və terror təşkilatları" ilə məşğul olur".
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17