Ərdoğan höküməti  çökdürülür
Ərdoğan höküməti
çökdürülür

Türkiyə məhkəməsindən baş nazirə tərs sillə

Türkiyədə icra orqanlarına hüquqi nəzarət funksiyasını həyata keçirən məhkəmə orqanı olan Danıştay 17 dekabr əməliyyatından sonra hökumətin qəbul etdiyi və polis və prokurorların valiyə və baş prokurora xəbər vermədən həbslər, axtarışlar həyata keçirməsini qadağan edən təlimatın icrasını dayandırıb.

Hökumət dekabrın 17-də həyata keçirilən rüşvət və korrupsiya əməliyyatından sonra polis və prokurorların yuxarı orqanlara xəbər vermədən bu əməliyyatı keçirdiyini bildirərək bundan sonra belə halların qarşısını almaq üçün xüsusi təlimat qəbul etmişdi.
Yeni təlimata əsasən istintaq aparan prokurorlar həbs və axtarışlara sanksiya vermək üçün baş prokurordan, polislər isə prokurorun sanksiyası əsasında həbslər və axtarışlar həyata keçirmək üçün validən (qubernator) icazə almalı idilər. Lakin Türkiyə Vəkillər Birliyi bu təlimatın Konstitusiyaya və qanunvericiliyə zidd olduğunu əsas gətirərək təlimatın icrasının dayandırılması və ləğvi üçün Danıştaya müraciət edib. Türkiyə Hakimlər və Prokurorlar Ali Şurası da təlimatın Konstitusiyaya zidd olduğunu açıqlayıb.
Bu gün müraciətə baxan Danıştay təlimatın icrasını dayandırmaq qərarını verib. Bundan sonra polis və prokurorlar dekabrın 18-nə qədər olduğu kimi, baş prokuror və valiyə xəbər vermədən əməliyyat keçirmək hüququna malikdir.
AKP rəhbərliyi Ə. Günayı partiyanın siyasətinə zidd mövqe tutmaqda ittiham edərək onun partiyadan xaric olunması üçün Nizam-İntizam Komissiyasına müraciət edib. Ə. Günayla bərabər daha iki millət vəkilinin – Ərdal Kalkan və Haluk Özdalqanın da partiyadan xaric edilməsi tələb olunub. Ə. Kalkan və H. Özdalqa partiyanın qərarını gözləmədən AKP-dən istefa veriblər. Bu gün isə Ə. Günay mətbuat konfransı keçirərək AKP-dən istefa verdiyini bəyan edib. Sabiq nazir korrupsiyaya qarşı çıxdığı üçün partiya rəhbərliyinin qəzəbinə tuş gəldiyini və bundan sonra təmiz siyasət uğrunda mübarizə aparacağını bildirib.
Qeyd edək ki, hər üç millət vəkili AKP üzvü olmazdan əvvəl Türkiyədə solçu kimi tanınıb. Ərdoğanın oğlu Azərbaycana qaçıb?
Türkiyədə başladılan, ölkədə sarsıntılara səbəb olan rüşvət və korrupsiya əməliyyatlarının növbəti dalğasının olacağı bildirilir. Bu çərçivədə Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın ifadə vermək üçün prokurorluğa çağırıldığı qeyd edilib. Türkiyə mətbuatı isə Bilal Ərdoğanın ifadədən yayınmaq üçün gizləndiyini bildirir.
Oğul Ərdoğanın İstanbulda atasına aid evdə olduğu, habelə qaçaraq Azərbaycanda gizləndiyi iddia olunur.
Qeyd edək ki, Bilal Ərdoğan rüşvət korrupsiya qalmaqalı nəticəsində saxlanılan biznesmenlrin milyonlarla lirə pul köçürdüyü iddia olunan TÜRGEV-in (Türkiyə Gənclik və Təhsilə Xidmət Fondu) idarə heyətinin üzvüdür.
“Tayms” AKP ilə Gülən hərəkatı arasındakı davam edən gərginlikdə Baş nazir Ərdoğan üçün ən böyük təhdidin prezident Abdullah Gül olduğunu iddia edib.Qəzetin “Baş nazirə ən böyük təhdid onun sadiq müttəfiqidir” başlıqlı analiz belədir:
“Rəcəb Tayyib Ərdoğan siyasi karyerasını xilas etmək üçün çalışdığı vaxtda sadiq dostu Abdullah Gül onun potensial xələfi olaraq görünür.
İngiltərədə təhsil alan loyal prezident Gül dəstəkçiləri tərəfindən Baş nazirə daha sakit bir alternativ olaraq görünür.
10 ildən çoxdur davam edən müttəfiqlikləri müddətində Gül “yaxşı polis”, Ərdoğan isə ölkəyə sərt şəkildə yenidən forma verən “pis polis” rolunu oynadı.
Prezidentin Baş nazirlə Kreml tərzində vəzifə dəyişdirməsi lazım gələ biləcəyi bildirilsə də, lakin dostluqları zədələnməyə başlayıb.
Yay aylarında İstanbulda baş verən etirazlara sərt reaksiyasına görə AKP daxildə və xaricdə qınandığı vaxtda Gül daha yumşaq reaksiya verdi. Politoloqlar hər nə qədər ikilini müttəfiq olaraq görməsə də, Gül, Gülənin dəstəkçisi olaraq təsvir edilir. Yenə də bütün gözlər prezidentin sərgiləyəcəyi mövqeyə dikilmiş vəziyyətdədir.
Əgər Gül Gülənin yanında olsa, deməli, Ərdoğanın işini bitmiş saymaq olar. Getdikcə insanları özündən soyudan Ərdoğan siyası karyerasının davam etməsi üçün köhnə dostlarını özünə yaxınlaşdırmaq məcburiyyətində olduğunun fərqindədir”.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın oğullarının sahib olduqları mülklərin siyahısı açıqlanıb.
Jurnalistin yazdığına görə, baş nazirin oğulları qızıl ticarəti, qida sənayesi, sabun və kosmetika məhsullarına qədər bir çox sahədə biznesə sahibdir.
Məlumatda bildirilir ki, Harvard universitetində ictimai idarəçilik oxuyan Bilal Ərdoğan bir müddət Dünya Bankında işləyib, daha sonra qardaşı Burak Ərdoğan ilə dəyəri 1 milyon lirə olan villa alıb. Həmin villalardan biri də onların bacısı Vəsilə Ərdoğanın həyat yoldaşının olub.
Qeyd edilir ki, Bilal Ərdoğanın ABŞ-ın Marilənd ştatında da bir evi var. Baş nazirin böyük oğlu Burak Erdoğanın gəmisi var. Qardaşların “BMZ Qrup Dənizçilik və İnşaat A.Ş” aldı dənizçilik şirkəti var. Şirkətin quruluş kapitalı 3 milyon lirədir.
Bilal Erdoğan “Maye Xarici Ticarət” adlı şirkətlə kosmetika biznesinə də girib. Onun “Mis Hədiyyəlik Əşya Sənaye Ticarət Limited” şirkəti isə qoxulu sabunlar satmaqla məşğuldur.
Oğul Ərdoğanın eyni zamanda “Doruk Izgara Limited” adlı qida sənayesində fəaliyyət göstərən bir şirkəti də var.Burak Ərdoğanın “Ata Gold” adlı qızıl satışı ilə məşğul olan şirkəti var.
“Mən hələ ki bir neçə gün müstəqil bir millət vəkili olaraq fəaliyyət göstərəcəm”. Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verən izmirli deputat, keçmiş Mədəniyyət və Turizm naziri Ərtoğrul Günay deyib. O bildirib ki, ona digər partiyalardan üzvlüklə bağlı təkliflər gəlsə də, bunu qəbul etməyib. Deputatın sözlərinə görə, hər hansı bir partiya yaratmaq fikri də yoxdur. “Gedişatdan asılı olaraq yeni bir mövqe sərgiləməyimi də istisna etmirəm”.
Ə. Günay AKP-dən istefasının səbəbləri haqqında da danışıb: “Son zamanlar Türkiyədə hüququn olmaması ilə bağlı ciddi müzakirələr var. Bu müzakirələrin üstünə gedib həqiqətlərin üzə çıxarılması düşüncəsindəydim. Amma təəssüflər olsun ki, AKP rəhbərliyi Konstitusiyaya, qanunlara zidd davrandı. Bu hərəkətləri də haqlı olaraq tənqid etdik. Partiya rəhbərliyi məni və digər yoldaşlarımı dinləmək əvəzinə İntizam Komissiyasına müraciət etməklə bizim AKP-dən kənarlaşdırılmağımızı istədi”.
Ə. Günay Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın yeni formalaşdırdığı hökumətə də münasibət bildirib. Millət vəkili qeyd edib ki, həmin kabinetdə onun yaxın dostları var və onlar öz vəzifələrinin öhdəsindən layiqincə gələ biləcəklər: “Onların hamısına uğurlar arzulayıram”.
Deputat ölkəni sarsıdan rüşvət və korrupsiya əməliyyatlarının 2014-cü il martın 30-da keçiriləcək bələdiyyə seçkilərində Ərdoğanın nüfuzuna təsir məsələsinə də toxunub: “Əlbəttə, hər bir şeyin siyasi qarşılığı olacaq. Belə davam edərsə cəmiyyətdə iqtidarın nüfuzu aşağı düşəcək”.
Qeyd edək ki, AKP-nin İzmirdən olan millət vəkilləri Erdal Kalkan, Ərtoğrul Günay və Ankaradan olan deputatı Haluk Özdalga hakim partiyadan istefa veriblər.
Fuad