Müsavat Milli Şuranı dağıtdı
11:48 08-01-2014
İQTİSADİYYAT
Müsavat Milli Şuranı dağıtdı
Müxalifət düşərgəsində hami bir-birini hakimiyyətə işləməkdə ittiham edir
Uzun müzakirələrdən sonra Müsavat Milli Şuraya öldürücü zərbəsini vurdu. Belə ki, Müsavat partiyası bəyanatla çıxış edib. Bəyanatdan bəzi məqamları nəzərinizə çatdıraq: "Müsavat Partiyas Azərbaycanda fəaliyyət göstərən real siyasi qüvvələrlə müttəfiqlik və əməkdaşlıq müqavilələri bağlamaq, onlarla birgə yeni siyasi şəraitə uyğun olaraq həm Milli Şura daxilində, həm Milli Şuradan kənarda funksional əməkdaşlığın səmərəli yollarını birgə müzakirə etmək təklifini irəli sürdü. Müsavat Partiyasının bu xoşməramlı təklifinə bəzi siyasi qüvvələrin adekvat olmayan reaksiyası, müttəfiqlik münasibətlərinin qurulmasından imtina edilməsi, əksinə mütəffiqlik təklif etdiyimiz bəzi qüvvələr tərəfindən Müsavat Partiyasına qarşı böhtan və təhqir kampaniyasına start verilməsi partiya strukturlarında böyük təəssüf və narahatçılıqla qarşılanıb.
Müsavat Partiyasının Divanı yuxarıda qeyd olunanları nəzərə alaraq, prezident seçkiləri ilində və prezident seçkiləri ilə əlaqədar yaradılan Milli Şuranın bundan sonrakı fəalliyətində Müsavat Partiyasi üzvlərinin iştirakını məqsədəuyğun saymır. Müsavat Partiyası Milli Şurada fəaliyyət göstərən qüvvələrə uğurlar arzulayır və onlarla həm ikitərəfli, həm çoxtərəfli funksional əməkdaşlığa hazır olduğunu bəyan edir". Bununla da müxalifətin son 20 ildə bir dəfə bir araya gələrək yaratdığı Milli Şura faktiki yox oldu. Bunu da qeyd edək ki, əslində, Milli Şura missiyasını hələ seçkilərdən öncə başa vurmuşdu. Belə ki, Milli Şuranın ilk yaranış dövründə məlum oldu ki, bu qurum Rusiyanın maraqlarını təmin etmək üçün yaradılır və işin baş memarı heç də Rüstəm İbrahimbəyov yox, rəsmi Kremlə sığınan Abbas Abbasov idi. Məhz buna görə də tanınmış onlarla müxalifət lideri bu prosesə qatılmaqdan imtina etdilər və açıq şəkildə bəyan etdilər ki, bu, Rusiyanın oyunudur. Hətta Milli Şuraya üzv olan Müsavat partiyasının rəhbərliyi də bu fikirdə idi və ictimai rəyin qınağına tuş gəlməmək üçün məcburiyyət qarşısında qalaraq bu quruma üzv oldu. Amma ilk fürsətdə Milli Şuranıın sıradan çıxması prosesinə start verdilər. Bu gün isə nəticə artıq göz qabağındadır.
Ekspertlər hesab edir ki, proseslər heç də bununla sona çatmayacaq. Çünki hazırda 50-dən çox Milli Şura üzvü də istefaya hazırlıq görür və bu müxalifət daxilində parçalanmanı daha da dərinləşdirəcək. İndinin özündə isə artıq AXCP ilə Müsavat rəhbrliyinin bir-birinə qarşı sərt ittihamlarına start verilib.
"Müsavat partiyasının rəhbərliyində olan insanlar ilk əvvəl Rüstəm İbrahimbəyovun fəxri sədrlikdə olmasını bəhanə edirdi. Rüstəm müəllimin rəmzi xarakter daşıyan postdan getməsindən sonra da Müsavat Partiyası Milli Şuradan getmək məsələsini müzakirə mövzusu etdi. Əslində bu faktın özü göstərirdi ki, Müsavat partiyası Milli Şuradan getmək qərarını çoxdan verib və sadəcə, bəhanə axtarışında idi".
Bu sözləri AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Müsavat partiyasının Milli Şuradan getməsi xəbərini şərh edərkən deyib.
Fuad Qəhrəmanlı Müsavat rəhbərliyini mandat alverində də ittiham edib: "Bu maraqlar 2015-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı olub və Müsavata təklif edilən mandatlar ola bilər. Təəssüf ki, Müsavat partiyasının rəhbərliyi öz korporativ maraqlarına görə partiyanın siyasi kursunu dəyişdi. Bu dəyişiklik Müsavatın hakimiyyətə qarşı loyallaşmasına səbəb olacaq. Çox güman ki, bu qərar təkcə cəmiyyətdə deyil, həm də Müsavat partiyasının daxilində etirazla qarşılanacaq". Müsavat Divanının üzvü Tural Abbaslı bildirib ki, yüzlərlə fədakar, mübariz cəbhəçiyə rəhbərlik edənlərin sırasında Fuad Qəhrəmanlı kimi qeyri-ciddi, qeyri-adekvat adamların olmasından təəssüf edir: "Təəssüf ki, Müsavat kimi şərəfli tarixi keçmişi olan bir partiyanın atdığı addımlara Fuad Qəhrəmanlı kimi qeyri-adekvat adamlar münasibət bildirir".
Tural Abbaslı Fuad Qəhrəmanlının Müsavata yönəlik ittihamlarının hamısının boş və mənasız söz yığını, qarayaxma olduğunu vurğuladı: "Azərbaycanda ağlı başında olan, siyat səhnəsində cərəyan edən hadisələrdən xəbərdar hər kəs çox gözəl bilir ki, Müsavat heç vaxt hakimiyyətlə separat danışıqlarda, mandat alverində iştirak etməyib və bundan sonra da heç vaxt iştirak etməyəcək. Mən onlardan soruşmaq istəyirəm ki, əgər Müsavat hakimiyyətlə nə vaxtsa separat danışıqlar aparıbsa, onda indiyə qədər niyə Müsavatın başqanı İsa Qəmbər heç olmasa bir dəfə də olsa, parlamentə seçilənlərin sırasına düşə bilməyib? Azərbaycanda hansı partiyaların sədrlərinin vaxtaşırı hakimiyyətdən deputat mandatı ala bildiyinə diqqət yetirdikdə hər şey aydın olur. Mən Müsavata qarşı bu cür səviyyəsiz açıqlamanı AXCP-nin adına yaraşdırmadım. Yalnız onu deyə bilərəm ki, ayıb olsun. Çox təəssüf edirəm ki, AXCP-nin rəhbərliyində Fuad Qəhrəmanlı kimi adamlar təmsil olunur".
Müsavat Divanın üzvü İkram İsrafil də facebook səhifəsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ittihamlarına cavab verib: "Fuad Qəhramanlıya xəbərdarlıq edirəm ki, onun yaşı çatmayan vaxtlar partiyasinda nələr olub keçdiklərini bir öyrənsin, sonra danışsın. Bəlkə, mandat alverini Azərbaycan bazarına ilk çıxaranın kimliyini bilmir, bilmirsə öyrənsin. Yox, bilir də özünü bilməmiş kimi göstərmək istəyirsə, onda adama deyərlər saxla, səndən siyasətçi yox, heç cəbhəçi də olmaz".
Bu arada digər partiyalarda Müsavatın Mİlli Şuradan getməsinə münasibət sərgiləyiblər.
"Məncə, Milli Şura bitdi. Bu təkcə Müsavat Partiyasının verdiyi qərarla bağlı deyil, buna qədər olanlara qədər də bu nəticəyə gəlmək olar. Çünki buna qədər də Milli Şuranı tərk edənlər oldu". Bunu Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə "Unikal"a verdiyi açıqlamada bildirdi ki, "Milli Şura ölkənin ictimai-siyasi həyatında və yaxud ictimai rəyin formalaşdırlmasında rol oynaycaq ciddi qurum deyil. Ona görə də vaxt sərf edib onun daxilində gedən prosesləri şərh etməyə çalışmaq mənasız işdir. Sadəcə, bunu qeyd edə bilərəm ki, həm Müsavat Partiyası, həm də AXCP müxalifət düşərgəsində özlərinə sərf edən şəkildə güc mərkəzi yaratmağa cəhd edir. Hakimiyyət də bu durumdan məharətlə yararlanmağa çalışır və buna nail də ola bilir. İqtidar bu qurumlara qalib gəlməyin yollarını asanlıqla tapmağı bacarır. AXCP ilə Müsavatın yaxın keçmişdəki tarixi də buna yaxşı imkanlar verir. Uzun illərin zədələnmiş imici, obyektiv və yaxud subyektiv səbəbdən hakimiyyətin cəmiyyətə təlqin etdiyi obraz, 92-93-cü illərin real nəticələri, xaos, qarşıdurma, hərbi qiyam və bunların nəticəsində indiki hakimiyyətin sələflərini hakimiyyətə dəvət etmək və hakimiyyəti könüllü təslim etmə, illər boyu aparılan təbliğat. Belə bir durumda iqtidar onları ictimai rəydə vurmaq üçün özünü çox da çətinliyə salmır".
Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyevin "Unikal"a verdiyi açıqlamaya görə, o, Milli Şuranın dağılacağını hələ bir il əvvəl proqnozlaşdırmışdı və bu pronoz da düzgün çıxmağa başlayıb: "Çünkli Milli Şura, sadəcə, kəmiyyət prinsipi əsasında yaradılmışdı. Orea cəmləşmiş siyasi qurumları bir araya gətirən keyfiyyət özəllikləri deyildi. Yəni onlar bir-birinə tamamilə yad qurumlar idi. Siyasi ittifaq, adətən, dəyərlər əsasında baş verir. Milli Şurada bir araya gəlmiş Müsavat Partiyası ilə, tutaq ki, Azərbaycan İslam Partiyasını birləşdirən nə idi? Seçkiləri udmaq həvəsi? Seçkilərə qoşulan istənilən fiziki və yaxud hüquqi şəxs də bu məqsədi güdür və seçkd qalib gəlmək meyli hələ birlik üçün zəmin ola bilməz".
Partiya sədrinin sözlərinə görə, "Müsavat Partiyası müxalifət düşərgəsində heç zaman birləşdirici rol oynaya bilməyib və həmişə qrup maraqları uğrinda mübarizə aparıb. Milli Şurada olan digər qurumlar da oranı tərk edəcək. Sadəcə, bunun zaman ehtiyacı var. Bir daha təkrar edirəm ki, ideya birliyi olmayan yerdə birləşməkdən və yaxud birlikdən danışmaq özün aldatmaq və birlik görüntüsü yaratmaqdan başqa bir şey deyil".
Tanınmış politoloq Qabil Hüseynlinin "Unikal"a söylədiyinə görə, "Müxalifət prezident seçkilərini uduzduqdan sonra depressiyaya düşüb və nəticədə mərkəzdənqaçma meylləri üstünlük təşkil etməyə başlayıb. Gözləmək olardı ki, prezident seçkilərindən sonra müxalifət düşərgəsində konsolidasiya prosesi daha da güclənəcək. Amma hazırda bunun əksini müşahidə edirik. Müxalifət sıraları dağılmağa başlayıb".
Politoloqun sözlərinə görə, "Müsavat Partiyasının yeni siyasi birlik yaratmaq şansları aşağıdır. Çünki siyasi birliyin yaranması mürəkkəb prosesdir və bu birliyin təməlində aydın və səmimi siyasi maraqlar durmalıdır. Bizim müxalifət partiyalarında isə bu aydınlıq və səmimiyyət çatışmır. Milli Şuranın perspektivinə glincə isə, güman etmirəm ki, bu qurum əvvəlki gücünü hansısa qüvvələrin hesabına bərpa edə bilə. Hətta Cəmil Həsənli kimi mötədil siyasi xətt yürüdən bir sədr də hələ ki konkret şəkildə icra aparatını formalaşdıra bilməyib. Buna görə də Milli Şuranın gələcək perspektivi də kfayət qədər suallar doğurur və o qədər də ümidverici deyil".
Beləliklə uzun dartışmalardan sonra Müsavat Milli Şuranı bitirdi. Ekspertlər hesab edir ki, bununla da müxalifət 2015-ci il parlament seçkilərinə düşmən ovqatda gedəcəklər. Buda ehtimal olunur ki, Milli Şuraya daxil olan qüvvələr bütün imkanlarını səfərbər edərək Müsavatı siyai səhnədən silməyə çalışacaqlar. Amma güman etmək olmaz ki, bunun qarşılığında Müsavat susacaq. Əskinə, yaxın günlərdə Müsavatın AXCP-yə açıq savaş elan edəcəyi gözlənilir və çox böyük ehtimal ki, AXCP 2000-ci illərdə hakimiyyətlə gizli iş birliyiondə ittiham olunacaq və Müsavat Milli Şuraya qarşı alternativ qurum yaradacaq.
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53