Məmurların "xaricdə istirahət" hiyləsi
11:49 08-01-2014
İQTİSADİYYAT
Məmurların "xaricdə istirahət" hiyləsi
Onların mütəmadi olaraq xaricə getməsinin şok sirri "Unikal"da
Mövzumuz bu və ya digər mənada birbaşa turizmlə bağlıdır, amma bir qədər fərqli mənada. Bu dəfəki yazımızın məqsədi bir suala cavab tapmaqdır: məmurlarımız və onların ailə üzvləri niyə istirahət üçün mütləq mənada xarici ölkələri seçirlər?
Yaxşı bunu da anladıq, bəs onlar niyə tez-tez, hətta az qala, ildə 7-8 dəfə istirahətə ehtiyac duyurlar, həm də məhz xaricdə? Burada hər hansı digər maraq varmı? Bütün bu suallara cavab tapmağa çalışacağıq.
Turizm sektoru dünya iqtisadiyyatında ən gəlirli sahə hesab olunur. Bir çox ölkələrin ümumi daxili məhsulunda turizm sektorunun xüsusi çəkisi var. Belə ölkələrə İspaniya və Türkiyəni misal göstərmək olar. Azərbaycan da turizm baxımından əlverişli məkan olduğundan son illər ölkəmizdə bu sahəyə diqqət əhəmiyyətli şəkildə artıb. Gözəl təbiəti və qədimliyi ölkəmizi turizm baxımından əlverişli edir. Son illər ərzində Azərbaycanda çoxsaylı istirahət mərkəzləri, turizm obyektləri hotellər yaradılaraq istifadəyə verilib. Ölkənin cənubu, Xəzər sahili ərazilər və şimal-qərbi hazırda başlıca turizm mərkəzləridir. Turizm Universitetinin yaradılması isə bu sahədə hazırlıqlı kadrlara olan tələbatın ödənilməsinə hesablanıb. Lakin görülən bütün bu tədbirlərə baxmayaraq, daxili turizmin keyfiyyəti istənilən səviyyədə deyil. Bunun səbəblərinə gəlincə isə ən müxtəlif arqumentlər gətirilə bilər.
Bəzi ekspertlərin fikrincə, Azərbaycanda xidmətin aşağı olmasına baxmayaraq bizdə qiymətlər hətta Avropa ölkələrinin turizm obyektlərindən də bahadır.
Digər səbəb kimi isə bu sahənin ölkəmizdə yeni olması və təzə-təzə inkişaf etməsini göstərmək olar. Amma məslənin bu yönünün yazımızın əsas məqsədinə birbaşa yox, dolayı şəkildə aidiyyatı var. Bütün bu səbəblər öz yerində, bəs məmurlar və onların ailə üzvləri niyə yalnız xarici kurort mərkəzlərinə üz tutmağa üstünlük verirlər?
Söhbət Azərbaycandakı turizm obyektlərinin bahalı olmasından gedirsə, məntiqlə bunun həmin məmurlara heç bir təsiri olmamalıdır. Əvvəla ona görə ki, bizim bir çox məmurlar pullarının sayına görə Bil Qeytslə də yarışa girməyə hazırdılar. Digər tərəfdən isə ölkədəki əksər turizm obyektləri elə onların özlərinə məxsusdur. Belə olan halda onların ölkə daxilindəki turizm məkanlarını seçməməsinin səbəbi kimi qiymətlərin bahalılığı göstərilə bilməz.
İddia oluna bilər ki, insan təbiətən səyahət etmək, daha çox ölkə görmək ehtirasına sahibdir və bizim məmurlar, onların ailə üzvləri də həmin ehtirasın ardınca xarici ölkələrə səfər edirlər. Təbii ki, bu bizə kifayət qədər məntiqli görünə bilərdi, bəzi əmmalar olmasaydı...
Əmmalardan biri odur ki, haqqında bəhs etdiyimiz məmurlar indiyə qədər, demək olar ki, planetin bütün ölkələrin gəziblər. Belə də onları bu səfərlərə görmədikləri yerləri görmək arzusu qanadlandıra bilməz. Daha bir vacib əmma isə ondan ibarətdir ki, axı həmin məmurlar istirahət adı ilə xarici ölkələrə il ərzində bir dəfə deyil, bir neçə dəfə səfərlər edirlər. Ən böyük müəmma isə, tutaq ki, hansısa məmurun il ərzində, təxminən, yeddi-səkkiz dəfə eyni ölkəyə gedib-gəlməsidir. Həmin səfərlərə verilən səbəb donu isə hər zaman bu olub - istirahət...
İndi özünüz düşünün, bir şəxsin bir ölkəyə bir il ərzində, az qala, on dəfə getməsi istirahətlə bağlı ola bilərmi? Təbii ki, mümkün deyil.
Bununla bağlı "Unikal"a danışan hökumət içindəki mötəbər mənbənin sözlərinə görə, əslində həmin məmurlar il ərzində bir neçə dəfə istirahətə deyil, xaricdə qurduqları bzinesə baş çəkmək üçün gedirlər.
Mənbəmiz iddia edir ki, hazırda əksər məmurların xarici ölkələrdə, xüsusən də Avropada gizli biznesləri var: "Bunu aydınlaşdırmaq üçün çox kiçicik araşdırma aparmaq yetərlidir. İl ərzində məmur eyni ölkəyə istirahət adı ilə bir neçə dəfə gedib-gəlir. Bundan əlavə, onun ailə üzvləri, övladları və biznes ortaqları da il ərzində bir neçə dəfə "istirahət" üçün məhz həmin ölkəni seçirlər. Qan qohumluğu olsa belə, tip və xarakter etibarı ilə müxtəlif olan bu şəxslərin eyni ölkəyə "vurğunluğu" kifayət qədər şübhəli görünür. Hesab edirəm ki, bu şübhəli məqamlar müvafiz qurumlar tərəfindən araşdırılarsa, ortaya çox ciddi və sensasion faktlar çıxa bilər."
Seymur Quliyev
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53