Aydın Bəşirovun həbs olunacağı gün bəlli oldu
09:44 11-01-2014
İQTİSADİYYAT
Aydın Bəşirovun həbs olunacağı gün bəlli oldu
"Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin birinci müavini Rafael Rəhmanov da istintaqa cəlb olundu,daha 6 gəmi kapitanı müstəntiqin suallarını cavablandırıb
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" nin sabiq rəisi Aydın Bəşirovun başı üzərindəki təhlükə artıq özünün pik həddinə çatıb. Onun vəzifədən çıxarılmasının ardınca qurumda aparılan yoxlama və təftişlər heç də xoş olmayan perspektivdən xəbər verir. Xatırladaq ki, "Unikal" qəzeti dəfələrlə Aydın Bəşirovun maliyyə maxinasiyalarını konkret faktlarla ictimailəşdirib, indi isə istintaqın bu və ya digər faktları hüquqi müstəvidə araşdırması kifayət qədər ciddi mətləblərdən xəbər verir.
Aparılan istintaqla bağlı redaksiyamıza olduqca ilginc faktlar daxil olub, həmin faktların təqdimatına keçməzdən öncə isə Aydın Bəşirovun iş başında olduğu müddət ərzində reallaşdırdığı ağlagəlməz maxinasiyalarla tanış olaq...
Qohumları vasitəsilə milyardları necə mənimsəyib?
Qəzetimizi bilgiləndirən etibarlı mənbənin sözlərinə görə, hələ bir müddət öncə aparılan daxili yoxlamalar milyardlarla ölçülən maxinasiyaları üzə çıxarıb. Məlum olub ki, QSC-nin sələfi olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (CASPAR) sabiq rəisi Aydın Bəşirov özünə yaxın kadrların, yaxın qohumlarının vasitəsi ilə dövlət büdcəsinə ödənməli olan külli miqdarda vəsaitləri şəxsi məqsədlərinə sərf edib.
Yoxlamalar zamanı həmçinin bəlli olub ki, A.Bəşirov təkcə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin inzibati binasının təmirinə sənədlər üzərində nə az, nə çox düz 27 milyon manat silib. Bu fantastik rəqəmin qarşılığında bina orta səviyyədən də aşağı təmir edilib. Binanın təmiri adı ilə mənimsənilən məbləğin ayrılmış vəsaitin təxminən 80-90 faizini təşkil etməsi də gələn məlumatlar sırasındadır.
Bundan başqa A.Bəşirovun ikili mühasibatlıq aparması da üzə çıxıb. Məlum olub ki, gəmilər sənədlərdə göstərilən marşrutlar üzrə hərəkətdə olmayıblar. Çox ustalıqla həyata keçirilən ikili sənədləşmələrin varlığı gəmi kapitanları və ekipaj üzvlərinin sorğu-sualından sonra aydın olub. Həmin maxinasiyalardan isə A.Bəşirovun fantastik məbləğdə pullar qazanması şübhəsizdir.
Gəmilər yalnız sənədlər üzərində "təmir olunub"
Hazırda istintaqın üzərində araşdırma apardığı məsələlərdən biri də "Həzi Aslanov" və "Qafur Məmmədov" tankerlərinə ayrılan milyonlarla manat vəsaitin ustalıqla silinməsidir. Araşdırmalar zamanı bəlli olub ki, A.Bəşirov "Həzi Aslanov"u 9 il ərzində təmir adı ilə "Zaqafqaziya Federasiyası" adına Gəmi təmiri zavodunda saxlayıb. Guya hər iki tankerdə ikinci dib adlanan yeni qatlar düzəldilməliymiş. Bu illər ərzində təkcə "Həzi Aslanov"un təmirinə sənədlər üzərində 7 milyon manat vəsait xərcləndiyi qeyd edilib. Faktiki olaraq isə "Həzi Aslanov" tankeri bu illər ərzində daha da istifadəyə yararsız vəziyyətə düşüb. A.Bəşirova yaxın kadr olan zavodun direktoru isə hər il hesabdan hesaba pul köçürüb. "Qafur Məmmədov" tankerində də eyni kateqoriyaya aid təmir işləri adı ilə zavodda 5 il dayanıb. Bu illər ərzində təmirə sənədlər üzərində 5 milyon manat ayrıldığı göstərilib. Amma işlər görülməyib, tanker sahildə dayanmaqdan korroziyaya uğrayıb. Qurumun yeni sədri Rauf Vəliyev hər iki tankerin vəziyyəti ilə maraqlanandan sonra gəmilərin istismara yararsız olduğunu söyləyib. Sonradan tankerlərin kəsilib metalloma verilməsini məqsədəuyğun hesab edib.
Aydın Bəşirov nəyin bədəlini ödəyir?
Məlumat üçün bildirək ki, bir müddət öncə ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə Rauf Göyüş oğlu Vəliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri təyin edilib. Bu sərəncam Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin uzun illər rəisi olan Aydın Bəşirovun tutduğu postun itirilməsinə səbəb olub.
Bundan dərhal sonra isə Baş Prokurorluq ləğv olunan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus "İslam Səfərli" yük gəmisində yol verilmiş qanun pozuntularına dair Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırmaların başlandığını açıqlayıb. Noyabrın ortalarında isə Almaniyaya getmək istəyən A.Bəşirovu Bakı Beynəlxalq Hava Limanından geri qaytarıblar. Hava alanında saxlanan A.Bəşirov ağır xəstə olduğunu və Almaniyaya müalicəyə getdiyini söyləsə də, onu eşidən olmayıb.
Maraqlıdır, vəzifədən uzaqlaşdırılan digər həmkarlarından fərqli olaraq Aydın Bəşirovun "məşhər ayağına" çəkilməsi bir daha sübut edir ki, mətbuatın uzun illər onun barəsində yazdıqları heç də əsassız deyilmiş. Belə olmasaydı, Aydın Bəşirov da vəzifədən alınan digər həmkarları kimi sakit şəkildə həyatını yaşayardı. Amma onun rəhbərliyi altında dövlət büdcəsinin talanmasına xidmət edən korrupsioner şəbəkənin aşkarlanması indi onu həbsxana astanasına qədər gətirib. Hər halda aşkarlanan faktların dəhşət saçan korrupsiya məbləğləri ilə ifadə olunması Aydın Bəşirov üçün digər perspektivləri qaçılmaz edir.
Bəşirovun 1-ci müavini və 6 gəmi kapitanı "məşhər ayağına" çəkildi
Xəzər Dəniz Gəmiçiliyində aparılan yoxlamaların nəticələri barədə dünən əldə etdiyimiz informasiyalar da proseslərin Aydın Bəşirovun həbsinə hazırlıq mahiyyəti daşıdığını təsdiqləyir. Həmin məlumatlarda Aydın Bəşirovun birinci müavini olmuş Rafael Rəhmanovun artıq istintaqa cəlb edildiyi və ondan lazımi informasiyaların alındığı bildirilir. Eyni zamanda altı gəmi kapitanının da istintaqa cəlb edilməsi daxil olan informasiyalar arasındadır. Xəzər Dəniz Gəmiçiliyindən daxil olan məlumata görə, istintaqa cəlb edilənlər 2010-cu ildə Qazaxıstanın Aktau limanından Bakıya metal qırıntıları gətirən Kişinyov tipli 5 min tonluq quru yük götürmə qabiliyyəti olan "Bakı", "Mikayıl Müşfiq", "Cəfər Cabbarlı" və sair gəmilərin kapitanlarıdır. Kapitanların istintaqa çağırılmasının səbəbi isə ikili sənədləşmə ilə bağlıdır. Bildirilir ki, 2010-cu ildə metal qırıntıları Bakıya gətirilsə də, ikinci sənədləşmə ilə bu yüklərin guya Yunanıstana aparılmasının rəsmiləşdirilməsidir. Sənədləşmədə "Yunanıstana gedən" quru yük gəmilərinin başqa dövlətlərin sərhədini keçmək üçün gömrük haqqı, Volqa-Don kanalından Qara dənizə adlayarkən keçilən 18 ədəd şülüzun pulu, yanacaq məsrəfi və xarici sularda üzdüklərinə görə gəmi heyətinə əlavə olaraq valyuta ödənişi və digər xərclər yazılıb və bu yalançı sənədləşmə nəticəsində külli miqdarda vəsait mənimsənilib. Xəzər Dəniz Gəmiçiliyində aparılan yoxlamalar zamanı hər gəmi üçün 300 min manat, ümumilikdə 6 gəminin "yol məsrəflərinə" 3 milyon manat silindiyi üzə çıxıb. Qeyd olunur ki, ikinci sənədləşmənin aparılmasından kapitanlar məlumatsız olduqlarını bildiriblər. Hazırda istintaq bu korrupsiya faktında sənədləşmə aparanların möhür və imza saxtakarlığından istifadə edib-etmədiyini müəyyənləşdirməyə çalışır.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53