Ölkəyə kokain axını güclənir
12:25 31-01-2014
CƏMİYYƏT
Ölkəyə kokain axını güclənir
Dövlət rəsmisi həyəcan siqnalı verdi
Əhməd Abasbəyli: "İrandan Azərbaycana il ərzində keçirilən narkotiklər tonlarla ölçülür"
Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev 2013-cü ilin fəaliyyət yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş komitənin geniş kollegiya iclası ərəfəsində bildirib ki, "Qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik maddələrin böyük əksəriyyəti İrandan gətirilir".
Onun sözlərinə görə, 2013-cü ildə gömrük orqanları tərəfindən Azərbaycana 135 kiloqramdan artıq narkotik maddənin keçirilməsinin qarşısı alınıb. Rusiyadan narkotiklərin gətirilməsi ilə bağlı bir neçə hadisə istisna olmaqla, yerdə qalan faktların hamısı İranla sərhəddə qeydə alınıb.
DGK sədri əlavə edib ki, diqqəti belə maddələrin qaçaqmalçılığının strukturuna yönəltmək lazımdır: "İlk dəfə qaçaqmalçılığın ümumi həcmində heroin yüksək xüsusi çəkiyə malikdir. Bu, diqqət yönəldilməsi lazım olan çox həyəcanlı faktdır. Uzun müddət biz ölkəyə kokain gətirilməsi cəhdləri ilə üzləşməmişik. Belə hallar 2013-cü ildə qeydə alınıb. Ən ciddi amil kimi bir çox sintetik maddələrin istehsalı üçün xammal rolunu oynayan metamfetaminlərin qaçaqmalçılığı, eləcə də tranzitini qeyd etmək lazımdır".
Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin rəhbəri Əhməd Abasbəylinin "Unikal"a bildirdiyinə görə, "Ötən illərdə də belə bir məlumat var idi ki, narkotiklərin Rusiya və Avropa ölkələrinə daşınması üzrə tranzit ölkələrdən biri də Azərbaycandır. Bu yüklər, əsasən, Əfqanıstan-İran-Azərbaycan-Rusiya-Avropa marşrutu üzrə daşınır. Ortalıqda çoxlu faktlar var ki, İrandan Azərbaycana il ərzində xeyli narkotiklər keçirilir. Söhbət 135 kq-la bitsəydi, dərd yarıydı. İrandan ölkəmizə gətirilən narkotikərin həcmi tonlarla ölçülür. Ölkənin güc strukturları bu problemi önləmək üçün imkanlar daxilində kifayət qədər iş aparır. Amma təbii ki, bu yüklərin hamısını ələ keçirtmək mümkün olmur. Çünki narkotiklərin daşınmasını beynəlxalq narkomafiya təşkil edir və bu da məlumdur ki, bu qurum geniş imkanlara və ciddi təşkilatçılıq qabiliyyətinə malikdir".
Ekspertin sözlərinə görə, "Konkret olaraq hansısa bir dövləti narkotiklərin daşınmasında iştirak etməsini təsdiqləmək və yaxud ittiham etmək düzgün olmazdı. Amma istər Azərbaycanda, istər Amerika Birləşmiş Ştatlarında, istərsə də dünyanın digər ölkələrində bu alver prosesi gedirsə və bu məhsul birbaşa istehlakçıya satılırsa, deməli, həmin ölkələrdə bu prosesin iştirakçıları var. Təbii ki, Amerikada da bu prosesin iştirakçıları var. Yadınızdadırsa, Əfqanıstandan narkotiklərin daşınması ilə bağlı qalmaqal yarananda məlum oldu ki, bu ölkədə dislokasiya olunmuş Amerika ordusundan müəyyən qüvvələr də bu işlərin iştirakçısıdır. Bu baxımdan zaman-zaman Avropa ölkələrində və Rusiyada da müəyyən faktlar ortalığa çıxır. Söhbət yüksək rütbə sahiblərindən gedir. Onlar hətta narkotikləri daşıyan nəqliyyat vasitələrinin təhlükəsizliyini də təmin edirlər. Amma yenə də deyirəm: hər bir ölkədə müəyyən məmurlar bu prosesə qoşularaq qazanc əldə edirlərsə və beynəlxalq narkomafiyanın güclü təsiri və hətta təzyiqi altındadırlarsa da, bütövlükdə hansısa dövləti suçlamaq düzgün deyil".
Abasbəyli hesab edir ki, "Azərbaycanda narkomaniyanın ildən-ilə artdığını rəsmi statistika da təsdiqləyir. Buna görə də bu istiqamətdə aktiv tədbirlər görülməlidir. Narkomaniyaya aludə olmuş insanların sağaldılması və cəmiyyətə qaytarılması, doğrudan da, çox çətin bir prosesdir. Təkcə bir ailə və ayrıca bir dövlət qurumu bu işin öhdəsindən gələ bilməz, hamı əl-ələ verməlidir. Təəssüf ki, Azərbaycan cəmiyyəti bu sahədə də əməkdaşlıq ruhu sərgiləyə bilmir. Mən dəfələrlə ən yüksək səviyyəli dövlət strukturlarına müraciət etmişəm ki, narkomaniyaya qarşı laqeyd yanaşma dövlətin gələcəyini təhlükə altına sala bilər. Amma onlar məsələyə çox da ciddi yanaşmırlar. Narkomaniya ölkədə ciddi şəkildə yayılıb və xalıqımızın genofondu təhlükə qarşısındadır. Təəssüf ki, nə dövlət məmurları, nə də QHT-lər bu təhlükəni ciddiyə alırlar. Donor təşkilatları da bu məsələyə çox laqeyd yanaşır. Ona görə də Azərbaycanda bu istiqamətdə iş aparmaq çox çətindir. Son zamanlar QHT-lərə dəstək üçün dövlət şurası yaradılıb. Bu qurumun fəaliyyətində də narkomaniyaya qarşı mübarizə tədbirləri nəzərdə tutulub. Amma bu sahəyə ayrılan maliyyə vəsaiti yetərincə deyil. Ona görə də QHT-lərin də bu işə marağı ciddi şəkildə azalıb. Ayrı-ayrı sahələr üzrə QHT-lər çox yaradılıb, amma narkomaniyaya qarşı mübarizə aparacaq QHT-lər yox dərəcəsindədir. Hamısı da yuxarıda sadaladığım səbəblər üzündəndir".
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49