Mətbuat Şurasında Rəsulzadəyə aid sənədli filmin təqdimatı oldu
15:32 01-02-2014
SİYASƏT
Mətbuat Şurasında Rəsulzadəyə aid sənədli filmin təqdimatı oldu
Dünən Mətbuat Şurasında Azərbaycan Xalq Cumhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadəyə həsr olunmuş “Bir kərə yüksələn bayraq” sənədli filminin təqdimatı keçirilib.
Bu barədə Tədbir ideya müəllifi MŞ İdarə Heyətinin üzvü, Milli Məclisini deputatı Cavanşir Feyziyev, layihə rəhbəri Şura sədri Əflatun Amaşov və ssenari müəllifi tanınmış tele-jurnalist Bəxtiyar Qaraca olan filmin nümayişi ilə başlanıb. Yarım saatlıq ekran əsərində M.Ə.Rəsulzadə irsinin görkəmli tədqiqatçısı, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin professoru Şirməmməd Hüseynovun elmi araşdırmalarına istinad olunub.
Mərasimi açan MŞ sədri Əflatun Amaşov bildirib ki, 31 yanvar 2014-cü il tarixdə 130 yaşı tamam olan M.Ə.Rəsulzadənin çoxşaxəşi fəaliyyətində jurnalistika mühüm yer tutub. İdeyalarının cəmiyyətə çatdırılmasında jurnalistikanın gücündən məharətlə yararlanmış görkəmli mütəfəkkir Azərbaycanda XIX əsrin sonu - XX əsrin əvvələrindən başlayaraq geniş yayılmış maarifçilik təfəkkürünü siyasi publisistikaya daşıyaraq məfkurə halına saldı. “Tarixilik baxımdan bu, son dərəcə mühüm missiya idi və nəticə etibarilə həmin missiya Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına gətirdi”, - deyən Ə.Amaşov onu da əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” sərəncamı çərçivəsində respublikamızın müxtəlif bölgələrində görkəmli şəxsiyyətin həyat və yaradıcılığına həsr olunmuş tədbirlər keçirilir. Mətbuat Şurasının hazırladığı film də bunlardan biridir. MŞ sədri çıxışında həmçinin rəhbərlik etdiyi qurumun Azərbaycanın ictimai fikir tarixində mühüm missiya daşımış şəxslərlə bağlı daha 12 sənədli filmin çəkilişini həyata keçirəcəyini diqqətə çatdırıb.
MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, M.Ə.Rəsulzadənin yaradıcılığının Azərbaycan ictimaiyyətinə az məlum olan hissəsi onun mühacirətdəki fəaliyyətidir. “Həmin dövrün çatdırılmasına da ehtiyac böyükdür. Çünki məhz mühacirət illərində yazdığı əsərlər Rəsulzadəni Azərbaycan miqyasından çıxararaq onu ümumdünya humanitar mədəniyyətinin tərkib hissəsinə çevirib. Hesab edirəm ki, görkəmli şəxsiyyətə bu rakusdan da qiymət vermək lazımdır”, - deyən C.Feyziyev prezident İlham Əliyevin imzaladığı sərəncamın M.Ə.Rəsulzadənin irsinin öyrənilməsi ilə bağlı gerçəkləşdirilən işlərə təkan verəcəyinə əminliyini vurğulayıb.
MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, prezident İlham Əliyevin M.Ə.Rəsulzadənin 130 illik yubileyinin keçirilməsinə dair sərəncamında deyildiyi kimi, Rəsulzadə xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadimdir: “Hesab edirəm ki, bu sənəd Rəsulzadə irsinə verilən ən böyük qiymətdir. Görkəmli şəxsiyyətə həs edilmiş sənədli filmin Mətbuat Şurası tərəfindən çəkilməsi isə onun irsində jurnalistikanın önəmini vurğulamaq nöqteyi-nəzərdən son dərəcə müstəsna hadisədir. Bu film eyni zamanda ölkə miqyasında Rəsulzadə ilə əlaqədar dövlət tədbirlərinə əməli dəstək mənasında mühüm səciyyə daşımaqdadır”.
B.Qaraca M.Ə.Rəsulzadənin həyat və yaradıcılığına verdiyimiz önəmin gələcək nəsillərə Azərbaycançılığı təbliğ etmək istiqamətində dəyərli yol, məfkurə sığınacağı olduğunu vurğulayıb. “Çox şadam ki, bu cəhət Azərbaycan cəmiyyətində kifayət qədər dərk edilir. Ümumən Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətinin öyrənilməsinə verilən dəyərin özünü hər zaman konkret faktlarda, real iş müstəvisində göstərməsi ictimaiyyət tərəfindən dərin rəğbət hissi ilə qarşılanmaqdadır. Rəsulzadə də həyat yolu rəğbət doğuracaq şəxsiyyətlərimizdən, tarixi simalarımızdandır”.
Zaman-zaman M.Ə.Rəsulzadənin həyat və yaradıcılığı ətrafında birmənalı baxışın olmadığına diqqət çəkən “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu qeyd edib ki, 23 illik müstəqillik tariximizdə də bu meyl özünü göstərib. “Amma hesab edirəm ki, prezident İlham Əliyevin 22 noyabr 2013-cü il tarixdə imzaladığı sərəncam ortaya Rəsulzadənin ümummilli dəyər simasını tam şəkildə təsdiqlədi. Bu, dövlətçilik tariximiz baxımından son dərəcə mühüm addım idi”, - deyən T.Aydınoğlu onu da bildirib ki, fikrinin, baxışlarının çatdırılmasında jurnalist rəngarəngliyi ilə də seçilən M.Ə.Rəsulzadə barədəki filmdə görkəmli tədqiqatçı Şirməmməd Hüseynovun elmi baxışlarına söykənilməsi ekran əsərinin uğurunu şərtləndirən amildir.Təqdimat mərasimində çıxış edənlərdən MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə, “Zaman Azərbaycan” qəzetinin redaktoru Ürfan Məmmədli, “Xalq qəzeti”nin əməkdaşı Namiq Əhmədov və başqaları uzun müddət ərzində Rəsulzadə şəxsiyyətinin Azərbaycan cəmiyyətinə yanlış təqdim olunmasının doğurduğu mənfi nəticələrdən söz açıblar. Ü.Məmmədli bildirib ki, XX əsrdə ikinci dəfə müstəqilliyimizə qovuşanda fəaliyyət sistemi kimi bəlli dövlət aparatının idarəçilik tərzindən yararlanıldı və sonradan özünəməxsus cəhətlər ön plana çıxdı. 1918-ci ildə belə bir idarəçilik strukturu olmamışdı və M.Ə.Rəsulzadə məhz həmin strkuturu formalaşdırmaqla da çox böyük missiya yerinə yetirmişdi. N.Əhmədov “Bir kərə yüksələn bayraq” sənədli filmini media ictimaiyyətinin dahi şəxsiyyətin yubileyinə hədiyyəsi kimi dəyərləndirib. R.Hüseynzadə isə Rəsulzadənin İrandakı jurnalistlik fəaliyyətinin siyasi-publisistik tərəflərindən ətraflı bəhs edib.
Digər Xəbərlər
2024-12-23 10:35:27
2024-12-23 09:02:41
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40
2024-12-20 20:16:32
2024-12-20 18:59:55
2024-12-20 18:53:55
2024-12-20 16:42:00
2024-12-20 16:20:59
2024-12-20 12:22:21
2024-12-20 11:10:26
2024-12-20 11:02:21
2024-12-20 09:42:13
2024-12-19 23:07:49
2024-12-19 22:44:15
2024-12-19 21:51:33
2024-12-19 20:28:29
2024-12-19 19:52:17
2024-12-19 19:01:52