Dini təşkilatlardan tolerantlıq razılığı
12:27 07-02-2014
SİYASƏT
Dini təşkilatlardan tolerantlıq razılığı
Krişnaçılar və bəhailər durumlarından razıdırlar
Azərbaycanda dini tolerantlığın səviyyəsi qaneedicidir və hesab etmək olar ki, əsrlərboyu müxtəlif dinlər dözümlülük halında fəaliyyət göstərib və göstərməkdədir.
Bunu da qeyd edək ki, Azərbaycanda tək səmavi dinlər yox, müəyyən insanların yaratdığı və inandığı ruhsal cərəyanlar da fəaliyyət göstərir. Bu yazımızda krişnaizmlə bəhailiyin Azərbaycanda fəaliyyətinə diqqət ayıracağıq.
Azərbaycanda 1992-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi din azadlığı haqqında qanunu qəbul etdikdən sonra Azərbaycan bəhailəri rəsmi olaraq icma yaratmaq imkanı əldə etdilər. 1993-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının qərarı ilə Bakı Bəhailərinin fəaliyyətinə rəsmən icazə verildi.
2002-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində Bakı İcması təkrar qeydiyyatdan keçib. Sumqayıt İcması da həmin ildə qeydiyyata alınıb. 2004-cü ildə isə Azərbaycan Bəhailərinin Milli Ruhani Məhfili rəsmi qeydiyyata alınıb. Bu gün Azərbaycan Respublikasında bəhailər digər vətəndaşlarla yanaşi fəal həyat sürürlər.
Qeyd edək ki, bu gün dünyanın 235 ölkəsində 6 milyondan çox bəhai var. Qonşu İranda isə 300 000-dən artıq bəhai yaşayır. İranda İslam inqilabı həyata keçiriləndən sonra 200-dən çox bəhai edam olunub. Azərbaycanda, təxminən, 1000 nəfərə yaxın bəhai var. Ölkəmizdə bəhailər təqib olunmur. Əsas təşkilatları Ümumdünya Ədalət Evidir. Amma bunu da vurğulayaq ki, bəhailərin Azərbaycanda fəaliyyəti XIX əsrdən başlanıb. Belə ki, hələ Bab öz missiyasını elan etdiyi vaxt, yəni bəhailiyin yarandığı ilk anlarda din yaradıcısının şagirdlərindən biri Molla Sadıq Vənəndli Ordubadın Vənənd kəndinin və ətraf kəndlərin adamlarını öz ətrafına toplayaraq babiliyi onlara çatdırıb. Qısa vaxt ərzində Naxçıvanda onun çoxlu tərəfdarları meydana gəlib. Hətta Çar Rusiyası tərəfindən xanlıqdan uzaqlaşdırılan Naxçıvanın sonuncu xanı da babiliklə bağlı olub.
Bundan başqa tanınmış milyoner Musa Nağıyev də bəhai olub. XIX əsrin ikinci yarısında Bəhai İcmaları Şimali Azərbaycanın Bakı, Naxçıvan, Balaxanı, Gəncə, Bərdə, Şəki, Sabirabad, Neftçala və digər bölgələrində fəaliyyət göstərib. Bakı və Balaxanı İcmaları dünyanın ən qədim bəhai icmalarından hesab olunur.
1860-70-ci illərdə Bakı İcmasının yaradılmasında Azərbaycanın xalq şairi Mikayıl Müşfiqin babası Mirzə Əbdülqədir İsmayılzadənin böyük rolu olub. O vaxt bu icmalarda yüzlərlə insan təmsil olunub. Maraqlıdır, bəs babilik nə deməkdir?
Babilərin Bakı bürosunun mətbuat xidmətindən "Unikal"a bildirdilər ki, babilik Seyyid Əli Məhəmməd Babın yaratdığı bir dini təlimdir. İranda, daha doğrusu, Güney Azərbaycanda yaranıb. Seyyid Əli Məhəmməd Bab 1844-cü ildə Bab ləqəbini götürmüş, özünü Allahın vəd etdiyi Mehdi olduğunu bəyan etmiş, 18 müridindən biri olan Quddusla Məkkəyə yollanaraq müsəlmanların müqəddəs ibadətgahı Kəbə yaxınlığında öz missiyasını elan etmiş, vəd olunmuş Qaim, yəni Mehdi olduğunu bildirmişdir.
Daha sonra Seyyid Əli Məhəmməd Kufə şəhərinə gedərək orada öz dəvətini elan edib. Təbliğinə başladığı gündən Babın təlimi fanatizmə qarşı yönəlmiş olduğu və tamamilə yeni prinsip və qanunlar elan etdiyi üçün İran cəmiyyətinin orta və aşağı təbəqələrində özünə çoxlu tərəfdar topladı. Lakin Seyyid Əli Məhəmməd Babla bu dəvət və missiya bitmirdi. Seyyid Əli Məhəmməd Bab özündən sonra zühur edəcək "Allahın zahir edəcəyi kəs" haqqında danışmış, bütün yazılarında onu mədh etmişdir.
1863-cü ildə əsl adı Mirzə Hüseyn Əli olan Bəhaullah Bağdadın Rizvan bağında bəyan etdi ki, o bütün İlahi Kitablarda, həmçinin Babın "Bəyan" kitabında zühuru vəd olunmuş "Allahın zahir edəcəyi kəs"dir. Babın sağlığında onun davamçısı olanların, onun ardıcıllarının böyük əksəriyyəti Bəhaullahın təliminə iman gətirdi. Babdan sonra özünü "Allahın zahir edəcəyi kəs" elan edən Bəhaullahın ardıcılları bəhailər adlanırlar. Bəhailik artıq yeni bir inanc sistemi, yeni bir dindir.
Bunu da qeyd edək ki, bəhailər Azərbaycanda ən varlı təbəqə hesab olunur. Amma çox qəribədir ki, bəhailərin bir qismi bəhai olduğunu nədənsə ictimailəşdirməkdən yayınır və daha çox qəbilə halında fəaliyyət göstərirlər.
Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin Bakı bölməsinin rəhbəri Ramil Əliyev "Unikal"a açıqlamasında qurumla bağlı maraqlı açıqlama verib: "Beynəlxalq Krişna Şüuru Cəmiyyəti (BKŞC) 1966-ci ilin iyulunda Amerika Birləşmiş Ştatlarında Abhay Çaran Bhaktivedanta Svami Prabhupada tərəfindən rəsmi olaraq qeydiyyatdan keçirilmişdir.1977-ci il noyabrın 14-dək, yəni bu dünyanı tərk edənədək, Bhaktivedanta Svami Prabhupadanın rəhbərlik etdiyi cəmiyyət yüzdən çox aşram, məktəb, məbəd, institut və kənd təsərrüfatı icmalarından ibarət ümumdünya miqyaslı ittifaqa çevrilir. Bhaktivedanta Svami Prabhupadanın 1971-ci ildə Sovetlər Birliyinin paytaxtı Moskva şəhərinə gəlişi ilə bu hərəkat bu və ya digər vasitə ilə tədricən öz ardıcıllarını toplamağa başlamışdır. Beynəlxalq Krişna Şüuru Cəmiyyəti 80-ci illərin ortalarından Azərbaycanda fəaliyyət göstərir. İlk dəfə 1989-cu ildə rəsmi dövlət qeydiyyatına alınmışdır. Həmin ildən rəsmi olaraq fəaliyyət göstərir. BKŞC-nin fəaliyyəti, bu hərəkatın banisi və ustadı Bhaktivedanta Svami Prabhupadanın ən qədim İlahi yazılar olan Vedaların qədim sanskrit dilindən ingilis dilinə, ingilis dilindən isə dünyanın müxtəlif dillərinə (eləcə də Azərbaycan dilinə) tərcüməsi, çapı, dərindən öyrənilməsi, təbliğatı və tətbiqi üzərində qurulmuşdur. BKŞC özünün ilk illərində sovet hakimiyyətinin ateist siyasətinin yaratdığı müxtəlif çətinliklərə baxmayaraq , bu məkanın səmimi insanlarına dünyanın ən qədim bilik xəzinəsi olan Vedalara üz tutmaq və həyatın ən fundamental problemlərinin İlahi üsulla həlli, insan həyatının mahiyyəti, təyinatı və ən ali məqsədi barədə mükəmməl bilik almaq şansı yaratdı. Bhaktivedanta Svami Prabhupada "Bhaqavad-qita"(Tanrı nəğməsi) və "Şrimad-bhaqavatam"(İlahi vəhylər) kimi Veda təliminə verdiyi izahlarla müasir insanın diqqətini indiki dəmir dövrünün (Kali-yuqa) ən asan özünüdərk etmə metodu olan sankirtana-yaqya - Allahın Müqəddəs adlarının birgə tərənnümü prosesinə cəlb edir".
Onun sözlərinə görə, "Krişnanı anlamaq üçün Veda fəlsəfəsini bilmək lazımdır. Orada isə deyilir ki, rəngarəngliyin və müxtəlifliyin eyniliyi və harmoniyası barədə biliyi olmayanın əslində biliyi yoxdur! Ancaq bu cür biliyi olanın fərqlərdən danışmağa ixtiyarı var! Diqqət etsək, çox asanlıqla görmək olar ki, istənilən anlaşılmamazlığın, xoşagəlməz halların kökündə məhz bu prinsipin pozulması durur. Belə bilikdən məhrum olan insan ikinci, üçüncü, onuncu dərəcəli fərqləri elə qabardır ki, hətta səmimi insan belə birinci dərəcəli eyniliklərə və oxşarlıqlara məhəl qoymadan yanlış müqayisələrin və ayrı-seçkiliyin qurbanı olur! "Tanrı təkdir" ifadəsi o deməkdir ki, hökm və Hakim birdir, ən ali Həqiqət birdir, bu Həqiqətə aparan yol birdir, təbliğ olunan ən ali iradə birdir, can atılan ən Ali məqsəd birdir! Başqa sözlə desək, bu və ya digər üsulu təcrübədən keçirən fərdlərin maddi dünya illüziyası qatının müxtəlif qalınlıqları fərqindən başqa olan fərqlər, sadəcə olaraq, həmin illüziyanın məhsulu olub insanın əqli uydurmasıdır, çünki deyildiyi kimi zamana, yerə və şəraitə uyğun olaraq da belə, eyni bir əbədi həqiqət təbliğ olunur!
Hare Krişna Hare Krişna
Krişna Krişna Hare Hare,
Hare Rama Hare Rama
Rama Rama Hare Hare!"
Mahamantrasını (böyük qurtuluş duası) tərənnüm etməyi məsləhət görmüşdür.Yuxarıda deyildiyi kimi bu, mantra-yoqa adlanır və heç bir etiqad xarakteri daşımır, çünki Tanrının Müqəddəs adlarının tərənnümü istənilən dini fəaliyyətdən üstün olub hər cür təmənnadan tamamilə azaddır. Dini fəaliyyətin ən ali məqsədi Allaha məhəbbət olduğunu nəzərə alsaq, Tanrının Müqəddəs Adlarının tərənnümü bu məqsəd üçün yeganə və ideal üsul kimi etiqadından asılı olmayaraq hər bir insan tərəfindən təcrübədən keçirilə bilər. Bunun üçün əvvəlcədən tamamilə heç bir şərt qoyulmur, heç nəyin dəyişdirilməsi tələb olunmur, sadəcə olaraq istənilən melodiya altında tərənnüm edilməsi tövsüyə olunur.İnamından asılı olmadan nəticənin çox gözlətməyəcəyinə zəmanəti Tanrı Özü veribdir!"
Müsahibimizin sözünə görə, "Bakıda cəmiyyətin üzvləri əsasən üç kateqoriyaya bölünür: dostlarımız , xeyir-duaçılarımız, sadəcə olaraq maraqlananlar, ikinci daimi gələn qonaqlar və özünü həsr edən fədailərimiz. Hamısı bir yerdə min nəfərə yaxın üzvümüz vardır. Azərbaycanın digər bölgələrində maraq göstərənlərimiz olsa da, mərkəz rəsmi olaraq hələ ki ancaq Bakı şəhərindədir. Biz Bakıda fəaliyyətə başlayandan bəri həmişə dövlətdən qayğı görmüşük. Dövlət bizə üç il əvvə l, 5 min manat, ötən il isə 3 min manat yardım edib. Bu qayğıya görə möhtərəm prezidentimizə minnətdarıq".
Beləliklə, gördüyünüz kimi hər iki ruhsal cərəyanın dinin Azərbayanda rahat fəaliyyəti üçün münbit şərait yaradılıb və bu kimi onlarla fakt ölkəmizdəki dini tolerantlığın səviyyəsini bir daha nümayiş etdirir.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə əsasında. Hazırladı Fərzuq Seyidbəyli
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35