Başlandı! Dindarlar 4 jurnalistə qarşı cəbhə açdılar
12:41 15-02-2014
SİYASƏT
Başlandı! Dindarlar 4 jurnalistə qarşı cəbhə açdılar
Bu statusların arxasından mərhum Rafiq Tağıya tuşlanan bıçaqların tiyəsi görünür
Suriyada Bəşər Əsədə qarşı vuruşan azərbaycanlılara dəstək verən bəzi dindarlar Azərbaycanın dörd jurnalistinə qarşı kampaniyaya başlayıblar. Radikal dini təriqətin üzvü olduğu ehtimal olunan həmin şəxslər “Facebook”da ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev, şirkətin vitse-prezidenti Mirşahin Ağayev, APA-nın əməkdaşı Hafiz Heydərov və “APA Holding”ə daxil olan “Kulis.az” saytının baş redaktoru Qan Turalı barəsində təhdidlərin yer aldığı statuslar və şərhlər yazırlar.
Onlar öz “Facebook” səhifələrində ANS televiziyasında son vaxtlar Suriyada döyüşən azərbaycanlılarla bağlı yanlış informasiyalar verildiyini əsas gətirərək V. Mustafayev və M. Ağayevin ünvanına təhqir və tənqidlər səsləndirirlər. Dindarlar V. Mustafayev və M. Ağayevin üzərinə “ANS kanalı fars şiəliyini yaymağa son qoy!” şüarları yazılmış fotolarını sosial şəbəkələrdə paylaşırlar.
Dindarlar həmçinin sosial şəbəkələrdə Suriyada öldürülən azərbaycanlılarla bağlı məlumatlar yayan APA İnformasiya Agentliyinin əməkdaşı Hafiz Heydərovun ünvanına da nalayiq ifadələr işlədiblər. Onlar iddia edirlər ki, guya H. Heydərov “Facebook”da başqa adlarla qeydiyyatdan keçərək onlardan Suriyada öldürülən azərbaycanlılarla bağlı məlumatlar toplayır. Dindarlar hamını bu jurnalistdən ehtiyat etməyə çağırıb.
Sosial şəbəkələrdə radikal dindarların hədəfinə çevrilən daha bir jurnalist isə Qan Turalıdır. Radikallar Qan Turalını İslamın düşməni adlandıraraq, onun bir neçə il əvvəl qətlə yetirilən yazıçı-publisist Rafiq Tağının davamçısı olduğunu bildirirlər. Jurnalistin fotolarını paylaşan şəxslər bütün dindarlara onu tanımağı məsləhət görüblər: “Bu adam Rafiq Tağının davamçısı və İslamın düşmənidir. Bakıda yaşayır. Düşmənlərimizi tanıyaq”.
Bəli, tanış təhdidlərdir. Ən azından, bu statusların arxasından mərhum Rafiq Tağıya tuşlanan bıçaqların tiyəsi aşkarca görünür.
Necə deyərlər, bu statuslar adicə facebook tozanağıdır, yoxsa jurnalistlərimiz üçün real fiziki təhdidə çevrilə bilər? Rafiq Tağının faciəli aqibətində olduğu kimi...
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu hesab edir ki, Azərbaycan artıq real təhlükələrlə üz-üzədir. Onun “Unikal”a bildirdiyinə görə, “Hansısa qurumlar Azərbaycandan 300-ə qədər adamı təşkil edərək Suriyaya döyüşməyə apara bilirsə, deməli, ortalıqda ciddi təşkilati sistem var. Maraqlıdır ki, dövlətin müvafiq qurumları bu təşkilatçıları üzə çıxaracaqlarını vəd etsələr də, indiyə qədər bu yöndə əməli addımların atılmasının şahidi olmamışıq. Radikal dinçilər cəmiyyət üçün real təhdid yarada biləcək qüvvəyə çevriliblər və onların jurnalistlərə qarşı sosial şəbəkələrdəki hədələrini elə-belə qulaq ardına vurmaq olmaz. Müvafiq strukturlar təcili tədbirlər görməlidir”.
Partiya sədrinin sözlərinə görə, “Xaricdən idarə edilən radikal dinçilərin bu qədər saymazyana şəkildə bəyanat vermələri təsadüfi deyil. Çünki müxalifət zəifdir və cəmiyyətdə real qüvvə rolunu oynaya bilmir. Bu vəziyyətdən istifadə edən radikal dinçilər həmin boşluğu sürətlə doldurmağa başlayıblar və bu tendensiyanı gözardı etmək böyük problemlərə gətirib çıxarda bilər”. "Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı hesab edir ki, radikal dinçilərin jurnalistlərə qarşı açıq təhdidə keçməsi faciəvi vəziyyətdir. Şıxlı “Unikal”la bölüşdüyü fikirlərdə bildirdi ki, “Əgər bəzim gənclərimiz bu gün Vətən uğrunda deyil, xarici güclərin siyasi alver məkanına çevirdiyi Suriyaya gedib orada döyüşüb həlak olurlarsa, deməli, biz bir cəmiyyət olaraq son illərdə ciddi səhvlərə yol vermişik və inkişaf yönümüz düzgün deyil. Bu olduqca ciddi problemdir və vəziyyətdən çıxış yolu axtarmalıyıq”.
Baş redaktor bildirir ki, “Mən bu gənclərin dini inanclarına hörmətlə yanaşmaqla hesab edirəm ki, onların bu addımları nə üçün atdıqlarını anlamağa çalışmalıyıq. Cəmiyyətimizdə təhdid, hədə üslubunun deyil, dialoq və qarşılıqlı anlaşma ruhunun hakim olmasına səylər göstərməliyik”.
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35