Millətlərarası münasibətlərə zərbə vurmaq istədilər
12:45 15-02-2014
SİYASƏT
Millətlərarası münasibətlərə zərbə vurmaq istədilər
Növbəti cəhdlər də uğursuzluqla sonunclandı
Əlməmməd Nuriyev:” Əlikram Hümbətov kimdir ki, belə konfransları keçirtməyə nail olsun? Bunu artıq bütün dünya bilir ki, o, erməni lobbisinin maraqlarını ifadə edir”
Zahid Oruc:“Məndə dəqiq məlumatlar var ki, təşkil olunan bu toplantının arxasında, əslində, Rusiyanın kəşfiyyat dairələri durur”
Azərbaycanda millətlərarası münasibətlərin inkişafına zərər gətirə biləcək növbəti addımlardan birinin qarşısı alındı. Belə ki, Azərbaycan dövlətinə xəyanət etdiyinə görə ölkədən qovulmuş separatçı Əlikram Hümbətovun fevralın 19-u Brüsseldə Avropa Parlamentində keçirmək istədiyi Dağlıq Qarabağ konfransı ləğv olunub. Avropada fəaliyyət göstərən Demokratik Azərbaycan Hərəkatının Hollandiya təmsilçisi Eldəniz Yusubov deyib ki, qurumun etirazı nəzərə alınıb və 19 fevral konfransının gündəliyində dəyişiklik edilib: “Dağlıq Qarabağ məsələsinin müzakirəsi gündəlikdən çıxarılıb. Konfransda ancaq Cənubi Qafqaz regionunda yaşayan azsaylı xalqların problemlərinin müzakirəsi nəzərdə tutulub”.
Demokratik Azərbaycan Hərəkatı bir neçə gün öncə konfransı təşkil edən Təmsilçiliyi Olmayan Millətlərin və Azsaylı Xalqların Təşkilatının prezidentinə və baş katibinə müraciət etmişdi. Müraciətdə bildirilirdi ki, konfransın təşkilatçılarından biri kimi adı qeyd olunan Talış Milli Hərəkatı adlı qurumun belə bir tədbirdə iştirakı münaqişənin həllində alternativ axtarışına heç bir xeyir verməz: “Azərbaycan ictimaiyyətində belə bir qənaət mövcuddur ki, bu qurum məhz Dağlıq Qarabağ münaqişəsinin yaranmasında xüsusi rolu olan Rusiya və bölgədə davamlı münaqişələrin olmasında marağı olan İranın müəyyən dairələrinin təsiri altındadır. Bu qurumun Azərbaycanda Dağlıq Qarabağ kimi daha bir münaqişə ocağının yaranması üçün ortaya çıxdığı da istisna edilmir. Məhz bir çox neqativ hallara görə bu qurumu nə Azərbaycanda yaşayan talış millətinin nümayəndələri, nə də digər xalqların təmsilçiləri qəbul edir. Bu səbəbdən də diqqətinizə çatdırırıq ki, belə bir ziddiyyətli qurumla keçirəcəyiniz tədbir münaqişənin həllinə yardım göstərməyəcək, əksinə, sizin özünüzün imicinizə ciddi zərbə vuracaq. Əgər həqiqətən münaqişənin həllinə yardım etmək məqsədilə xoşməramlı konfrans təşkil edirsinizsə və prosesdə Azərbaycandakı digər azsaylı xalqların iştirakını istəyirsinizsə, Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələrini də bu konfransa dəvət edin. Qeyd etdiklərimizi nəzərə alaraq konfransın təxirə salınmasını və başqa bir zamanda Azərbaycandakı bütün azsaylı xalqların iştirakı ilə geniş tərkibdə keçirilməsini xahiş edirik. Bildiririk ki, Azərbaycandakı digər azsaylı xalqlarla əlaqə yaradılması üçün sizə hər cür dəstək verməyə, konfransın daha geniş tərkibdə keçirilməsinə yardım etməyə hazırıq”. Maraqlıdır, Dağlıq Qarabağ probleminin həlli üçün məhz milli azlıqların iştirakı ilə hansısa toplantının keçirilməsinin mənası nədir?
Öncəliklə bunu qeyd etmək lazımdır ki, belə bir toplantının keçirilməsinin təşəbbüskarı məhz Əlikram Hümbətov olub. Əlikram Hümbətov isə hazırda, demək olar ki, Ermənistan xüsusi xidmət orqanlarının əlində oyuncağa çevrilib. Hələ bir neçə ay öncə Ermənistana səfər edən Əlikram Hümbətov üzərinə müxtəlif öhdəliklər götürüb və bu toplantı da həmin öhdəliklərdən biridir. Məqsəd isə aydındır. Bu toplantıya Azərbaycanda millətlərarası münasibətlərin inkişafında maraqlı olmayan və hər addımda Azərbaycana zərbə vurmağa hazır olan hansısa azlıqların nümayəndələrini bir araya gətirərək beynəlxalq aləmə nümayiş etdirmək istəyirlər ki, güya Azərbaycanda milli azlıqlara qarşı bir düşmənçilik var. Məhz belə rəy yaradandan sonra da Ermənistan bəyan edəcək ki, Dağlıq Qarabağ erməniləri məhz bu dözümsüz münasibətə görə müstəqil olmaq istəyirlər.
Başqa cür desək, Ermənistan hazırda öz müqəddəratını həll etmə prinsipini gündəmə gətirməklə Dağlıq Qarabağ problemini öz xeyrinə həll etmək istəyir.
Ekspert Əlməmməd Nuriyev “Unikal”a verdiyi açıqlamada bildirdi ki, bu gün Azərbaycanda tolerantlıq elə bir səviyyədədir ki, bu cür addımların heç bir nəticəsi olmayacaq: “Əlikram Hümbətov kimdir ki, belə konfransları keçirtməyə nail olsun? Bunu artıq bütün dünya bilir ki, o erməni lobbisinin maraqlarını ifadə edir. Qərbdə milli azlıqlar probleminin süni şəkildə qabardılmasının isə bir çox səbəbləri var. İlk səbəb isə, dediyim kimi, erməni lobbisinin maraqlarıdır. Çünki Ermənistan təkmillətli dövlət kimi tanınır və bu da onların maraqlarına cavab vermir. Azərbaycanda isə, demək olar ki, hər il mədəniyyətlərarası, dinlərarası konfranslar keçirilir, Azərbaycan rəsmiləri beynəlxalq simpoziumlara qatılır və Azərbaycandakı tolerantlıq əksər dövlətlər üçün bir nümunəyə çevrilib. Bunu da deyim ki, Azərbaycanda yaşayan heç bir milli azlıq bu cür dinləmələrə qatılmır. Çünki Azərbaycanda belə problem yoxdur və dövlət qulluğunda çalışanların milli kimliyinə baxsaq, görərik ki, onların arasında heç bir ayrı-seçkilik yoxdur. Dağlıq Qarabağ probleminə gəldikdə isə, bu, dövlət səviyyəsində olan bir məsələdir və milli azlıqları bu prosesə cəlb etməyin heç bir məntiqi yoxdur. Təkrar edirəm ki, burada əsas məqsəd sadəcə olaraq ölkədəki tolerantlığı zədələməyə, yeni konfliktlər yaratmağa çalışmaqdır. Amma artıq ölkədə elə bir inkişaf var ki, hansısa qüvvələr buna nail ola bilməyəcəklər. Bununla yanaşı hər zaman ehtiyatlı olmalıyıq və Azərbaycan əleyhinə kampaniya aparanları ifşa etməliyik. İlk növbədə belə toplantıların keçirilməsi üçün maliyyənin haradan ayrılmasını müəyyənləşdirmək vacibdir. Belə olan halda gedib erməni lobbisinin izlərini tapacağıq”.
Bunu da qeyd edək ki, artıq iki ildən çoxdur ki, Ermənistan beynəlxalq aləmdə bir çaşqınlıq yaratmağa çalışır və bunun üçün ən iyrənc üsullardan istifadə edilir. Elə bu günlərdə bir azərbaycanlı ailənin Ermənistana keçməsi və Azərbaycanda ona milli məsələlərə görə təzyiqlərin olduğunu bəyan etməsi Ermənistanın xüsusi xidmət orqanlarının bir əməliyyatı oldu. Xaricdə yaşayan azərbaycanlılar da etiraf edirlər ki,belə şəxslər Avropaya gətirilir, müxtəlif toplantılarda iştirak etdirilir və Azərbaycanın maraqlarına zərbə vuracaq açıqlamalar verirlər. Bunun müqabilində isə erməni lobbisi onların xarici ölkələrdə sığınacaq almalarını təmin edir və maliyyə ilə təmin edirlər.
Bu da bildirildi ki, Almaniyada elə azərbaycanlı ailələr var ki, yalandan erməni olduqlarını və Azərbaycanda incidildiklərini bəyan etməklə müəyyən maliyyə resursları əldə edirlər. Ermənilər isə bu durumdan təbliğat kampaniyalarında istifadə edirlər.
Ekspertlər hesab edirlər ki, dövlətin müvafiq strukturları belə şəxslərin əsl kimliklərini müəyyənləşdirməli və onların aldıqları siyasi sığınacaqları ləğv etdirməlidir.
”Unikal”a açıqlama verən millət vəkili Zahid Oruc daha maraqlı məqamlara toxundu: “Məndə dəqiq məlumatlar var ki, təşkil olunan bu toplantının arxasında, əslində, Rusiya kəşfiyyat dairələri durur. Düzdür, Qərb təşkilatları zaman-zaman Azərbaycanın maraqlarına cavab verməyən addımlar atıb, ikili standartla zəngin siyasət həyata keçiriblər. Amma bu dəfəki toplantının arxasında Rusiya kəşfiyyatı durub. Bunu da deyim ki, hazırda Əlikram Hümbətov bu işdə aktivlik göstərirdisə, bir müddət öncə Rusiya kəşfiyyatının əlində oyuncaq olan və Rusiyada yaşayan ləzgilər də Avropada toplantılara qatılmışdılar və azərbaycanlı olduqlarını iddia edərək ölkəmizdə milli azlıqlara qarşı xoş mühitin olmadığını demişdilər. Bununla da Rusiya, əslində, Azərbaycanla bağlı mənfi rəy yaratmağa çalışır. Amma qəribəsi budur ki, bir-birilə əks qütbdə dayanan Avropa və Rusiya Azərbaycana yanaşmada bəzən eyni mövqedən çıxış edirlər. Amma bunu da hamı bilir ki, bu gün Azərbaycan millətlərarası münasibətlərin inkişafı, dini-milli tolerantlıq baxımdan inkişaf etmiş ölkədir və bunun əksinə hansısa arqument göstərmək mümkün deyil. Bir daha bəyan edirəm ki, bu prosesin arxasında Rusiya kəşfiyyatı dayanıb”.
Ekspertlərin fikrincə, bu işdə həqiqətən də Rusiyanın ciddi maraqları var. Bunlar nədən ibarətdir?
Bu gün Rusiya Azərbaycanı tam təsirinə almaq, Avrasiya İttifaqına qoşmaq üçün müxtəlif təzyiqlərdən istifadə edir və bu təzyiqlərdən biri də budur ki, Azərbaycanda milli zəmində qarşıdurma yaransın. Bu məqsədlə də öz ərazisində yaşayan müəyyən etnik azlıqlardan istifadə edərək məsələni süni şəkildə qabardır və beynəlxalq müstəvidə də şişirdə bilir. Bununla da həmçinin “Sadval” tipli bölücü təşkilatların maraqlarını həyata keçirtməyə zəmin yaradır. Rusiya bu tədbirləri təşkil etməklə həm də Avropa ilə Azərbaycan arasında bir uçurum yaratmağa cəh edir. Və belə uçurum yaranarsa, Azərbaycan meydanda təklənəcək və Rusiya istədiyinə nail olacaq.
Ekspertlər bunu da bildirir ki, Rusiya 20 ildir ki, Azərbaycanda milli zəmində qarşıdurma yaratmaqla həm də Dağlıq Qarabağ mövzusunu gündəmdən çıxartmağa çalışır. Buna görə Moskva ildə bir neçə dəfə separatçı qüvvələri bir araya toplayr və Azərbaycan əleyhinə kampaniyalar təşkil edir. Öncələr şimal bölgəsində olan bəzi milli azlıq nümayəndələri bu təxribatlara inanıb bəyanatlar səsləndirirdilər. Amma sonradan bunun bir siyasi oyun olduğunu görüb rəsmi Bakıya daha çox inandılar. Buna görə də Ləzgistan ideyası ilə çıxış edən Sadval təşkilatı şimal bölgəsində aktivləşə bilmədi və onun çağırışları heç kəs tərəfindən qəbul olunmadı. Bu isə bir daha təsdiqlədi ki, milli azlıqlar rəsmi Bakıya inanır və ölkədəki milli-dini tolerantlıq mühitindən razıdırlar.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə əsasında. Hazırladı Eldəniz Elgün
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35