Cəmiyyətə tolerantlıq çağrışı
10:57 18-02-2014
SİYASƏT
Cəmiyyətə tolerantlıq çağrışı
Milli-dini tolerantlığa zərbə vurmaq istəyənlər siyasi maraqlar güdür
Son zamanlar Azərbaycanda milli-dini tolerantlıq sahəsində həyəcan siqnalları eşidilməkdədir. Belə ki, kənardan ixrac olunan müəyyən qüvvələrin Azərbaycanda sabitliyi pozmağa cəhd etmələri, dini dözümlülüyə zərbə vurmağa çalışdıqları faktdır.
Bu da faktdır ki, əsasən, xavariclər hesab edilən radikal dini qruplaşma Azərbaycanın dövlət quruluşunu dəyişməkdən tutmuş, digər din daşıycılarının, təriqətlərin sıradan çıxarılmasına cəhd edir. Amma ekspertlərin əksəriyyəti hesab edir ki, bu, sadəcə, mümkün deyil. Çünki Azərbaycan cəmiyyəti onları qəbul etmir və xalqımız əsrlər boyu dini-milli tolerantlıq mühitində formalaşan xalq olub.
Hətta bir sıra araşdırmaçı alimlərimiz bəyan edirlər ki, Azərbaycan folkloru, ədəbiyyatı, mədəniyyəti tolerantlığı təbliğ etmə gücündədir. Bununla bağlı "Unikal"a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun böyük elmi işçisi Qalib Sayılov maraqlı məqamlara aydınlıq gətirdi:
"Azərbaycanda dini-milli tolerantlığın kökləri o qədər qədimə gedir ki, bunun özü bir araşdırma sahəsidir. Qeyd edim ki, tolerantlığın əsasını təşkil edən mənəvi resurslarımız folklorda da özünə yer tapıb. Bunu da qeyd edim ki, İslamdan öncə Azərbaycanın monoteist olması, yəni təkallahlığa inamın mövcudluğu tolerantlığın əsasını qoyub. Folklorumuza baxsaq görərik ki, istər dastanlarda, istər atalar sözlərində, istər aşıq sənətində tolerantlığın əsaslarını müşahidə etmk mümkündür. Götürək elə "Dədə Qorqud" dastanını. Bu dastanda tayfaların bir-birinə hörmətlə yanaşması, bir-birinin ərazisinin işğalına xoş baxmadıqları açıq şəkildə göstərilir. Bu isə özlüyündə tolerantlığın mövcudluğunu əks etdirir. Bundan başqa, Azərbaycanda İslam dini formalaşandan sonra da bu tolerantlıq qorunub saxlanıldı. İnam və iman öz yerini tutdu, başqa dinlərə, millətlərə qarşı hər hansı bir aqressiv hərəkət olmadı. Bu məqamda bir atalar sözünü də yada salmaq istiyərdim: "Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq ər kişinin işidir". Bu atalar sözü kimi tolerant bir düşüncəyə heç bir xalqın yaradıcılığında, folklorunda rast gəlmək mümkün deyil. Bu atalar sözü də özlüyündə ətrafa qarşı dözümlülüyü təbliğ edən fikirlərdir. Və nəhayət, götürək aşıq yaradıcılığını. Aşıq yaradıcılığında hər addımda dözümlülük, haqq-ədalət təbliğ olunur. Pislik, nifaq, düşmənçilik kimi bir fikrə belə rast gəlmək mümkün deyil. Bunu da deyim ki, o zamanlar aşıqlara haqq aşıqları deyərdilər və həqiqətən də, onlar haqq aşığı idilər, ədaləti qoruyan, tərənnüm edən, sülh arzulayan aşıqlar idi. Bütün bunlar isə özlüyündə sübut edir ki, Azərbaycan folkloru təpədən-dırnağa qədər milli-dini tolerantlığı təbliğ edən bir folklordur ".
Bəs hazırda bu dözümlülüyə zərbə vurmaq istəyənlər məqsədlərinə nail ola bilirlərmi? İlk olaraq bunu qeyd edək ki, adı çəkilən qüvvələr Azərbaycanda birmənalı şəkildə dini cərəyan kimi qəbul olunmur və əksəriyyət onlara dini qruplaşmadan çox terrora meylli qüvvələr kimi baxır. Çünki bu qüvvələr dəfələrlə Azərbaycanda ya terror aksiyaları həyata keçiriblər, ya da buna cəhd ediblər. Elə "Eurovision-2012" Beynəlxalq Mahnı Müsabiqəsi zamanı terror aksiyaları həyata keçirtməyə cəhd edənlər də məhz bu qruplaşmaların üzvləri idilər. Amma Azərbaycanda buna dəfələrlə cəhd etsələr də, istəklərinə nail ola bilmədilər. Əvəzində isə onların bir qismi Çeçenistana, bir qismi isə Əfqanıstana üz tutdu. Bu gün isə aldadılaraq təsirə salınan gənc azərbaycanlılar müxtəlif yollarla Suriyaya aparılır və əksəriyyət hesab edir ki, bu şəxslər sabah Azərbaycan üçün real təhlükə olaraq dini-milli tolerantlığa zərbə vuracaqlar.
"Unikal"a açıqlama verən Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimov bu fikirlə razılaşsa da, onların tolerantlığa köklü zərbə vura biləcəklərinə inanmır: "Azərbaycanda dini tolerantlığın kökləri çox dərindir və demək olar ki, bir nümunə kimi qəbul oluna bilər. Amma son zamanlar baş verən proseslərin də təsirini nəzərə almaq vacibdir. Düzdür, hazırda elə bir faciəvi hal yaranmayıb. Amma məsələnin üstünə vaxtında düşmək lazımdır ki, fəsadlar meydana çıxmasın. Bunun üçün isə ilk növbədə vətəndaşların özləri həssas olmalıdırlar. Yoxsa oturub gözləmək lazım deyil ki, dövlətin özü iş görəcək. Bu cür məsələləri ancaq həbslər həyata keçirtməklə həll etmək mümkün deyil. Hər bir vətəndaş özünə və ətrafına nəzarət etməlidir. Məsələn, götürək elə Suriyaya gedən azərbaycanlıları. Nə vaxt hansı ölürsə, onda valideynləri, yaxınları ölənin şəklini götürüb haray salırlar ki, övladları və ya yaxınları Suriyada ölüb. Bəs onda niyə aylarla bu uşaqları yoxa çıxanda, Suriyaya gedəndə belə haray salmırdılar? Gördüyünüz kimi, burada elə o uşaqların yaxınlarının da böyük günahları var. Həmçinin valideyn hər zaman maraqlanmalıdır ki, övladı hansı inanca meyl göstərir, hansı təriqətə hansı yolla bağlanıb. Bunların hamısı şərtdir. Bundan başqa, dini liderlərimiz, ruhanilər də moizələrində, fətvalarında ehtiyatlı olmalı, çağırış yönlü açıqlamalar verməməlidirlər. Çünki sonradan bu çağırışlardan istifadə olunur və arzuolunmaz hadisələr baş verir. 20 il öncə də müəyyən qüvvələr insanları aldadaraq müəyyən təriqətlərə cəlb edirdilər. Onda daha çox xristianlar aktiv idi və İslami bilgisi zəif olan insanlar bilməməzlikdən xristianlığa üz tuturdular. Amma İslamın yayılmasından sonra xristianların fəaliyyəti zəiflədi. İndi isə bu qüvvələr elə İslamdan istifadə etməklə vətəndaşları ətraflarına toplayırlar. Buna görə də təkrar edirəm, ilk növbədə insanlar ayıq-sayıq olmalıdırlar. Bundan başqa, dövlət də maarifləndirmə işlərini gücləndirməlidir. Artıq bu prosesə başlanılıb və daha da ciddiləşdirilməlidir. Çünki maarifləndirmə olmasa, bu qüvvələrin sayı artacaq və təsəvvür edin ki, bu gün Suriyada döyüşən şəxslər sabah Azərbaycana gələndə nələr olacaq. Bütün bunlar nəzərə alınmalıdır. Amma bunu da bir daha nəzərinizə çatdırım ki, dini tolerantlıq mövcuddur və bunun qorunub saxlanılması istiqamətində indidən işlərə başlanılıb."
Qeyd edək ki, müəyyən ekspertlər bu qruplaşmaların fəaliyyətində , əslində, daha çox siyasi çalarlar axtarırlar. Hesab edilir ki, maliyyəsi Səudiyyə Ərəbistanından olan bu qruplaşmalar hansısa Qərb təşkilatlarının nəzarətindədir.
Həqiqətən də, sonralar sübut olundu ki, "Əl-Qaidə" kimi təşkilat, o cümlədən bir nömrəli terrorçu Bin Laden məhz xarici qüvvələr tərəfindən formalaşıb və lazımi məqamlarda hansısa dövlətlərə qarşı istifadə olunur. Elə götürək Çeçenistanda baş verənləri. Birinci Çeçen savaşında çeçen xalqı azadlığı uğrunda mübarizə aparırdı və nəyəsə də nail ola bildi. Amma ikinci Çeçen savaşında bu tip dini qruplaşmalar əraziyə göndərildilər və xilafət qurmaq adı altında Çeçenistanın müstəqilliyinə belə ağır zərbə vurdular. Demək olar ki, İraqdan, Əfqanıstandan, Səudiyyə Ərəbistanından gələn və terrora bağlı olan şəxslər nəinki ruslara qarşı, elə çeçenlərin özünə qarşı savaşa başladılar. Analitiklər hesab edirlər ki, əslində, onların Çeçenistana gəlməsi ilk növbədə Rusiyanın işinə yaradı.
Və yaxud götürək Suriyadakı olayları. İlk anlarda Suriya xalqı Əsəd rejiminə qarşı inqilaba qalxdı və dünya dövlətləri onlara dəstək verdi. Amma radikal dini qruplaşmalar olaylara müdaxilə edəndən sonra Suriyada, demək olar ki, azadlıq hərəkatından əsər-əlamət qalmadı. Bunu da deyək ki, məhz radikal qruplaşmaların Suriyaya müdaxiləsindən sonra Qərb və ABŞ-ın Suriyaya maraqları zəiflədi və görünən budur ki, bir müddətdən sonra Qərb, ümumiyyətlə, müxalifətə dəstəyini tamamilə kəsəcək.
Beləliklə, gördüyümüz kimi, Azərbaycanda da dini tolerantlığa zərbə vurmaq istəyənlər, əslində, həm də siyasi maraq həyata keçirirlər. "Unikal"a açıqlamasında millət vəkili Asim Mollazadə də bu qüvvələri siyasi qüvvə olaraq dəyərləndirdi: "Tarixlər boyu Azərbaycanda millətlərin və dinlərin əməkdaşlıq halında yaşaması, fəaliyyət göstərməsi məlumdur və bunun ciddi kökləri var. Azərbaycanda hər bir dövrdə tolerantlıq olub və hesab edirəm ki, Azərbaycanı zənginləşdirən də elə müxtəlif dinlərin, mədəniyyətlərin bir araya gəlməsidir. Hər il Azərbaycanda bu istiqamətdə aparılan işlər tolerantlığın daha da inkişafına müsbət təsir göstərir. Azərbaycanda ənənəvi dinlərin əməkdaşlığı da göz qabağındadır və hesab edirəm ki, buna təhlükə yaradacaq səbəblər yoxdur. O ki, qaldı sələfi, xəvaric məsələlərinə, bu məsələlərdə həssas olmaq lazımdır. Çünki müəyyən xarici ölkələrdəki siyasi qüvvələr belə bir gərginlik yaratmağa çalışırlar. Ənənəvi dinlər arasında bunu təşkil edə bilmədiklərinə görə kənardan başqa qüvvələri ixrac edirlər və burada siyasi maraqlar böyük rol oynayır. Düzdür, bunlar cəmiyyətə tam gücləri ilə nüfuz edə bilmirlər. Amma buna baxmayaraq, cəmiyyət ayıqlığını qoruyub saxlamalıdır. Həmçinin dövlətin səlahiyyətli orqanları da məsələyə həssas yanaşmalı və bu cür halların qarşısını almalıdır. Hazırda bu istiqamətdə müəyyən işlər görülür".
Azərbaycan bir sınaq qarşısındadır və bu sınaqdan çıxmaq üçün mütləq halda vətəndaş birliyinə, vətəndaş cəmiyyətinin aktivliyinə ciddi ehtiyac var. Məsələlərə biganə yanaşmaq, hər şeyi dövlətin üzərinə atmaq sabah üçün real təhlükə olacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə əsasında. Hazırladı Eldəniz Elgün
Digər Xəbərlər
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53
2024-12-23 19:20:00
2024-12-23 17:04:32
2024-12-23 16:48:00
2024-12-23 16:35:46
2024-12-23 15:20:16
2024-12-23 14:02:12
2024-12-23 13:46:00
2024-12-23 11:05:03
2024-12-23 10:35:27
2024-12-23 09:02:41
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40