Stalin hansı kitabları oxuyurdu?
11:16 19-02-2014
CƏMİYYƏT
Stalin hansı kitabları oxuyurdu?
(əvvəli 12 fevral və 15 fevral tarixli "Qələmdan"da)
30-cu illərin başlanğıcından etibarən Sovet İttifaqında çoxsaylı siyasi repressiyalarının həyata keçirilməsinə başlandı. 1935-ci ildə güclənən bu repressiyalar 1936-cı ildə, Moskvada Kamenev-Zinovyev qruplaşmasıyla bağlı qurulan ilk "açıq" məhkəmə prosesləri əsnasında öz pik nöqtəsinə çatdı.
Stalinin 1937-ci ildə ölkənin və partiyanın başına açdığı müdhiş, kütləvi terror bəlası 1938-ci ilin sonlarına qədər sürdü. Bir neçə milyon insan həbsə atıldı, qətlə yetirildi. Bunların arasında elmin ən müxtəlif sahələrini təmsil edən minlərlə alim və SSRİ Yazıçılar İttifaqının minə yaxın üzvü var idi.
Bu isə həm də milyonlarla kitabın "qətlə yetirilməsi" demək idi. "Vətən xaini" damğası vurulan şəxslərin kitabları da bütün kitabxanalardan müsadirə olunurdu. Belə nəşrlərin adları minlərlə, kitab nüsxələri isə milyonlarla hesablanırdı.
Hətta "xalq düşmənləri"nin adlarının müsbət mənada hallandığı mətnlərə və ön sözlərə malik kitablar da məhvə məhkum idi. Sovet hakimiyyətinin mövcud olduğu ilk 20 ildə işıq üzü görən qəzet və jurnal kolleksiyaları da məhv olundu.
Sovet İttifaqında, düzdür, meydanlarda kitab tonqalları qalanmırdı, ancaq bununla belə, ölkədə məhv edilən nəşriyyat məhsullarının sayı nə orta əsrlər İnkvizisiyası dövründəkindən az idi, nə də 1930-cu illərin ortalarında faşist Almaniyasında yandırılanlardan.
Özəl kitab kolleksiyalarının sahibləri də "xalq düşmənlərinin" kitablarını məhv etməyə məcbur idilər, çünki o illər heç kəs şəxsi kitabxanasında Trotskinin "Seçilmiş əsərləri"ni və ya Zinovyevlə Buxarinin məqalələr toplusunu saxlamağa cürət eləmirdi. Təkcə Stalindən başqa, heç kəs...
Onun kitabxanasında isə Trotskinin, Buxarinin, Zinovyevin və başqalarının əsərləri rəflərdə durmağına davam edirdi. Bununla bağlı tarixçi B.İlizarov maraqlı bir faktı misal gətirir. Həbs olunmazdan bir qədər əvvəl Lev Kamenevin "Məşhur adamların həyatı" seriyasından N.G.Çernışevski barədə qalın bir kitab çap edilmişdi. O, bu kitabı yazmağa uzun illərini həsr eləsə də, oxuculardan tək-tük adamlar bu əsəri oxumağa imkan tapmışdılar. Kitabın 40 min ədəd nüsxəsi az vaxt ərzində məhv edilmişdi.
Sonradan Stalin Kamenevin bu kitabıyla maraqlananda ona "NKVD-nin USOQUQB kitab anbarı"ndan yeganə, bəlkə də müəllifə aid nüsxəsi təqdim olunmuşdu. Anbar möhürünə malik həmin nüsxə ta Stalin ölənə qədər onun kitabxanasında qalmışdı. Bununla əlaqədar B.İlizarov yazır ki: "Stalin öz əməlləriylə 1930-cu illərin ortalarında ölkədəki yeganə azad oxucu olmağı bacarmışdı".
Bəzi müəlliflərlə bağlı məhv hökmü çıxaran Stalin digərlərini hamının gözündə, həm də bəzən lap göylərə qədər qaldırırdı. Məsələn, Stalinin sifarişinə əsasən "Birinci Pyotr" romanını yaradan və baş qəhrəmanına ulu rəhbərə xas özəlliklər verən Aleksey Tolstoy belələrindən idi.
Repressiyalardan qoruduğu Mixail Şoloxovun rahat yazıb-yarada bilməsi üçün Stalin hər cür şərait yaratmışdı. Ulu rəhbər Boris Pasternakdan da öz qayğı və diqqətini əsirgəmirdi. Məşhur tarixçi Yevgeni Tarleni o, sürgün cəzasından azad eləmişdi.
Alimin Napoleon barədə kitabını böyük maraqlı oxuyan Stalin əsəri ənənəvi tənqiddən də qorunmuşdu. Onun Napoleonun şəxsiyyətinə hədsiz maraq bəslədiyi aşkar idi.
Kitab hələ çapa hazırlandığı zaman Stalin həmin nəşrin baş redaktoruna bildirmişdi ki, Tarlenin kitabının ilk oxucusu özü olacaqdır. Bir sıra tarixçilər əmindirlər ki, 10 iyun 1937-ci il tarixdə həmin kitabla bağlı mətbuatda çıxan kəskin tənqidi məqalələrin yazılmasını da Stalin özü təşkil eləmişdi. O, bu resenziyalara etiraz etməklə həm ölkə ictimaiyyətinə, həm də müəllifə özünü əsl kitab sərrafı kimi tanıtmaq istəmişdi. Bu cür üsul və fəndlərdən Stalin dəfələrlə yararlanmışdı. Ümumittifaq Kommunist (bolşevik) Partiyasının tarixi barədə dərsliyin mətninin hazırlanması prosesini də Stalin daim nəzarətdə saxlayır, variantları diqqətlə oxuyub, redaktə edirdi.
Başlıca məqamları, dəyərləndirmələri daha da qabartmaqdan ötrü o, bəzən hansısa cümlənin və ya bütöv bir abzasın üstündən xətt çəkir, öz versiyasını ora yazırdı. ÜK(b) P tarixinin bu cür yığcam və sadə dildə təqdimatına o, böyük əhəmiyyət verir, bunu yeni dini təlimin bir növ "İncil"i hesab edirdi. Onun qənaətinə görə, 1937-ci ilin kütləvi repressiyalarından sonra partiya sıralarına yazılan və bu qurumun tarixini öyrənən yeni kadrların hər hansı xüsusda tərəddüdə qapılması heç məsləhət deyildi.
1930-cu illərin lap sonlarına doğru Stalinin qiraət etdiyi kitablar arasında diplomatiya və hərb sənətinə həsr olunanların sayı xeyli artır. O, "Diplomatiya tarixi"nin birinci cildini və Y.Tarlenin Taleyrana həsr olunmuş kitabını böyük diqqətlə oxuyur.
1940-41-ci illərdə Bədii Ədəbiyyat Nəşriyyatı "Pələng dərisi geymiş pəhləvan" poemasının yeni tərcüməsini nəşrə hazırlayırdı. Bu kitabın əvvəlki nəşrlərinə yaxşı bələd olan Stalin təzə tərcüməni oxumaqla qalmamış, ona bəzi düzəlişlər də eləmişdi.
Roy Aleksandroviç Medvedev
Çevirəni: Azad Yaşar
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49