Rasim Qaracanın kollajı və mesajı
Rasim Qaracanın kollajı və mesajı

Tanınmış yazar Rasim Qaraca sosial şəbəkədə maraqlı kollaj paylaşıb. Kollajdakı tərəzinin bir gözünə "60-cılar"ın nümayəndələrinin, bir gözünə isə özünün son kitabını qoyan Rasim bəy, sözügedən ədəbi nəslin mənəvi məğlubiyyətni elan edib.
Rasim bəyin həmin kollajını və mesajını təqdim edirik: "Qısaca ifadə etsək kollajın mesajı belədir: "60-cılar" ədəbi nəsli ədəbiyyat tarixi baxımından ən cinayətkar nəsildir. Bilavasitə dədələrinin qucağında ədəbiyyata gəlmiş bu insanlar ədəbiyyatımızın inkişafına elə dədələri qədər və daha böyük zərbə vurublar. Ədəbiyyatımızı əsl, gerçək dəyərlər yolundan sapdırmış, ikinci dərəcəli olduqları halda önə çıxmış və öz arxalarınca ədəbiyyata ikinci dərəcəlilər eşalonunu gətiriblər. Mən də daxil olmaqla, yeni nəsil yazarlar bu ədəbiyyat saxtakarlığını ifşa etmişik və ortaya ciddi əsərlər, istər şeir, istər nəsr, qoymuşuq. Artıq, tərəzinin sol gözündəki yazıçı, şairlərin mənəvi iflasa uğradığı göz önündədir. Son kitabımla, mən öz adımdan yeni nəslin qələbəsini elan edirəm, bu bizim ilk qələbəmiz deyil və son qələbəmiz də olmayacaq".
P.S. Yeri gəlmişkən, dünən Rasim Qaracanın doğum günü idi. Tanınmış yazarın, ədəbiyyat cəfakeşinin 54 yaşı tamam oldu. Onu bu münasibətlə qutlayır və uğurlarının davamını diləyirik.