Ağıllı telefonlarda əriyən vaxt
11:33 19-02-2014
CƏMİYYƏT
Ağıllı telefonlarda əriyən vaxt
Niyə gəncliyi bu məşğuliyyətdən ayırmaq olmur?
Bakının marşrut avtobuslarına minən kimi diqqəti cəlb edən ilginc detallardan biri ayaqüstə durmuş və yaxud əyləşmiş gənclərin əllərindəki “ağıllı” telefon aparatlarıdır. Və təkcə marşrut avtobuslarında deyil, metro vaqonlarında da eyni mənzərənin şahidi oluruq. Müşahidələr göstərir ki, bu gənclər üçün artıq kənar aləm mövcud olmur: sosial şəbəkələrdə kiminləsə mesajlaşır və yaxud əcaib-qəraib saytlarda fırlanırlar.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən valideynlər də bildirirlər ki, bu tip gənclər evdə olarkən də bu cür davranırlar: “Bir otağa çəkilib telefonla vaxt keçirdirlər və onları bu məşğuliyyətdən ayırmaq olmur”.
İlk baxışdan adi haldır. Necə deyərlər, cavan adamdır və öz vaxtını istədiyi kimi keçirdir. Lakin ekspertlər başqa cür düşünür.
Tanınmış psixoloq Dəyanət Rzayevin “Unikal”a söylədiyinə görə, “Gənclik insan həyatının çevik və ən dinamik dövrüdür. Hazırda dəbdə olan sosial şəbəkələr və internet saytları bu çevikliyi təmin etmək baxımından olduqca əlverişlidir. Buna görə də gənclər ağıllı deyilən telefonlar vasitəsilə yaxın tanışları ilə istənilən anda ünsiyyətə girə bilirlər. Lakin məsələnin zərərli tərəfləri də var. Hazırkı gənclər daha çox virtual ünsiyyətə meyl göstərirlər. Bu meyl isə onları diri münasibətlər qurmaq bacarığından məhrum etməyə başlayır. Nəticədə cavanlarda asosiallıq, yəni ictimai həyatdan təcrid edilmə vərdişləri yaranmağa başlayır”.
Ekspertin dediyinə görə, “Bu günki gənclik sabahkı cəmiyyətimizin qurucuları olacaq. Ona görə də onların çevik şəxsiyyət kimi yetişməsi önəmli məslələrdən biridir. Ağıllı telefonlarda qeyd etdiyiniz formada özünəqapanma prosesinin başlanması gənci aktiv ictimai təmasdan məhrum edir. Nəticədə gənclərimiz özünəməxsus formada cəmiyyətə yadlaşmağa başlayırlar. Yəni biz psixoloji baxımdan passiv reaksiyalı fərdi müşahidə etməli olacağıq. Bu məqamda bir detalı da vurğulamalıyam. Gənclik axtardığını gerçək mühitdə tapmayanda virtual dünyay üz tutur. Yəni onların virtual aləmin vətəndaşlarına çevrilməsində cəmiyyətin də böyük qəbahəti var”.
“Seçim” Psixoloji Araşdırmalar Mərkəzinin rəhbəri Türkan Azad mövzu ilə bağlı “Unikal”a verdiyi açıqlamada bildirdi ki, “Ağıllı telefonlarda və yaxud istənilən virtual ünsiyyət sisteminə aludəçilik son nəticədə özünəqapanmaya, bu isə son nəticədə psixi əyintilərə gətirb çıxardır. Təhlükəli psixi əyintinin ilkin əlamətlərindən biri özünəqapanma - asosiallaşmadır. Bu isə hətta şizofreniyaya qədər variasiya edə bilər. Belə xəstəliyə diaqnoz qoyularkən diqqətli olmaq lazımdır. Məsələn, erkən dönəm şizofrenik uşaqlarda meydana gələn atipik psixozla qarışdırıla bilər. Bundan başqa ilk baxışda şizofreniya əlamətləri kimi görünən əlamətlər bir çox digər xəstəliklərin əlamətləri ola bilər. 2000-ci ildə araşdırmaçılar ilk baxışda şizofreniya kimi görünən əlamətlərin iştahsızlıq, aseksuallıq, dromomaniya(səyahətetmə istəmə xəstəliyi), piromaniya (daxili təhrik olaraq yanğın törətmə) və kleptomaniya (oğurlama xəstəliyi) əlamətləri olduğunu aşkarlamışdılar. Yəni özünə hədsiz dərəcədə qapanma həm psixika, həm də intellekt üçün ciddi problemlər yarada bilər”.
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33