İran kəşfiyyatı Astaranı qarışdırır
11:34 19-02-2014
CƏMİYYƏT
İran kəşfiyyatı Astaranı qarışdırır
“Əməliyyat şəraiti” nəzarətdən çıxır?
Bu yaxınlarda Avropa Şurasında heç bir dəxli olmadan Azərbaycandakı talışlar məsələsinin müzakirəyə çıxarılması cəhdi puça çıxandan sonra istər-istəməz bir sıra düşüncələr doğdu. Xüsusən də ləzgi dilinin Azərbaycanda ikinci dövlət dili kimi qəbil edilməsi barədə Avropadan gələn əcaib mesajdan sonra...
Ötən iyirmi ildə Azərbaycanın bir dövlət kimi varlığının daha çox İranla Rusiyanı rahatsız etdiyinə adət etmişdik. Amma indi bu sırada “Avropa solosu”nu görəndə məsələnin daha dərin qatlara getdiyini və Avropanın bizimlə daha köntöy şəkildə “rusca” danışmağa başladığını görürürk.
Dəfələrlə yazmışıq ki, İran kəşfiyyatı ölkənin cənub bölgəsində aktiv şəkildə işləyir və ölkədə ikinci bölücülük ocağı yetişməkdədir.
“Unikal”a daxil olan məlumatlara görə, cənub bölgəsindəki talış ziyalıları arasında paniranizm ideyaları son dərəcə geniş şəkildə yayılıb və onlar ictimai yerlərdə paniranizmi açıq şəkildə təbliğ etməkdən qətiyyən çəkinmirlər. Məlumatlara görə, hətta bu yöndə artıq ciddi şəkildə təşkilatlanma meylləri də müşahidə edilir.
Xüsusən də Əlikram Hümbətovun 1993-cü ilin yayında yaratdığı Talış-Muğan respublikası dönəmində fəal iştirak etmiş müəyyən ziyalılar bu gündə aktivlik göstərirlər.
Məlumata görə, Əlikram Hümbətovun Astara rayonunun Pensər və digər bölgələrinə o zaman səlahiyyətli nümayəndə kimi təyin etdiyi şəxslər bu gün də İran kəşfiyyatı ilə sıx əlaqə saxlayırlar. Və görünür, təsadüfi deyil ki, Astarada baş vermiş son hadisənin bir ucu məhz Pensər zonasına gedib çıxır.
Bununla belə, bir müddət öncə qəzetimizə bu sualımızla bağlı cavab verən dövlət rəsmisi bildirmişdi ki, “Ölkənin cənub bölgəsində əməliyyat şəraiti nəzarətdədir” və narahat olmağına dəyməz.
Təki belə olsun. Amma dövlətimizin müvafiq qurumlar yaxşı bilir ki, Ermənistan Azərbaycanın bir dövlət kimi varlığına son qoymaq üçün İran və rus kəşfiyyatının fəal yardımı ilə talış və ləzgi kartından maksimum səviyyədə yararlanmağa çalışır. Çünki bu üç dövlətin Azərbaycanla bağlı maraqları tam şəkildə üst-üstə düşür.
Bəs Astarada nə baş verib? İki gün öncə Astara rayonunun Ərçivan qəsəbəsinin bir qrup sakini əvvəlcə Ələt-Astara magistral yolunu bağlamağa cəhd edib. Daha sonra onlar Astara rayon Polis Şöbəsinin qarşısına toplaşıblar. Ərçivanlıların sözlərinə görə, sosial şəbəkələrdə qəsəbə sakinlərinin ünvanına təhqiramiz ifadələr işlədilib. Onlar bu ifadələri yazanın Astara sakini olduğunu, bu şəxsin cəzalandırılmasını tələb etdiklərini bildiriblər.
Astara Rayon Polis Şöbəsinin müstəntiqi Hikmət Ağayev də Ərçivan qəsəbə sakinlərinin ərizə ilə polis şöbəsinə müraciət etdiklərini təsdiqləyib: ”Həqiqətən də bu gün qəsəbənin bir qrup sakini şöbəyə gələrək, sosial şəbəkədə təhqir olunduqlarını, bunu yazan şəxsin isə rayonun Pensər kəndinin sakini olduğunu bildiriblər. Qəsəbə sakinləri həmin şəxsdən şikayətçi olub, onun cəzalandırılmasını istəyiblər. Tərəfimizdən aparılan araşdırmalardan sonra məlum oldu ki, təhqir heç də bu şəxs tərəfindən edilməyib. Sadəcə, bir başqası həmin şəxsin profilinə daxil olmaqla orada bu cür ifadələr yazıb və qarşıdurma yaratmağa cəhd edib. Hazırda polis araşdırma aparır və bunu edənin şəxsiyyətini müəyyənləşdirməyə çalışır”.
Polis şöbəsindən bildirilib ki, sakinlər şikayətlərini bildirəndən sonra ərazini tərk ediblər. Polislə sakinlər arasında hər hansı insident baş verməyib.
Qeyd edək ki, bəzi media orqanlarında və sosial şəbəkələrdə Astara rayon İcra Hakimiyyətinin qarşısında aksiya keçirilməsi barədə məlumat yayılıb.
Amma ən maraqlısı başqa bir detaldadır. Ərçivanlıların həmin aksiyaya başladığı vaxtda Astara bazarında böyük bir yanğın başlanıb. Ərçivanlıların aksiyası ilə yanğının eyni vaxta düşməsi rayon əhalisində şok effekti doğurub və şübhələri artırıb. Çünki yerli camaat deyir ki, bazarı yandırıblar, amma ortada fakt yoxdur. Əhali deyir ki, bazar öz-özünə yana bilməzdi. Odur ki, hüquq mühafizə orqanlarından məsələnin araşdırılması tələb olunur. Günorta radələrində başlayan yanğın 19 radələrində söndürülüb.
Fikrimizcə bu cür çevik və operativ davranış zahirən təsadüfi görünə bilər. Amma ...
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin “Unikal”la bölüşdüyü fikirlərə görə, “Azərbaycanda yaşayan ləzgi və talışlarla bağlı Avropa Şurasındakı cəhdlər və ardınca Astarada baş verənlər, zənnimcə, eyni prosesin həlqələridir və dövlət strukturları ayıq-sayıq vəziyyətdə olmalıdır. Ukraynada baş verməkdə olan hadisələr başa çatandan sonra Azərbaycanın gündəmə çıxacağını dəfələrlə vurğulamışıq. Azərbaycanı parçalamaq istəyən güclərin yaxın zamanlarda xüsusilə aktivləşəcəyi göz qabağındadır”.
Partiya sədrinin verdiyi məlumata görə, “Müəyyən şəxslər ötən ilin oktyabrında ölkədəki talışların mədəni hüquqlarını qorumaq adıyla bir qurum təsis ediblər. Onlar bu təsis yığıncağından əvvəl İranın Ərdəbil şəhərinə səfər edib müəyyən dairələrdə görüşlər də keçiriblər. Ərdəbildən qayıdan kimi fəal şəkildə də təşkilatlanma işləri aparmağa başladılar və hətta Milli Şurada yer aldılar. Göründüyü kimi, bu gün Astarada baş verənlər iki kəndin problemi deyil, Azərbaycanla bağlı sırf geopolitik proseslərin xoşagəlməz başlanğıcından xəbər verən detallardır”.
Əliyevin fikrincə, “Suriyadakı proseslər bitəndən sonra Azərbaycanda daha bir gərginlik ocağı yarana bilər. “Meşə qardaşları” və “Ceyşullah” kimi silahlı terror qruplaşmalarının Azərbaycana ünvanlanmış təhdidlərini də yada salsaq, təsəvvür etmək çətin deyil ki, yaxın dövrlərdə Azərbaycanı ciddi sınaqlar gözləyir”.
Fərzuq Seyidbəyli
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33