Ərdoğan müxalifəti vurmaq üçün Azərbaycan kartına əl atdı
11:13 21-02-2014
CƏMİYYƏT
Ərdoğan müxalifəti vurmaq üçün Azərbaycan kartına əl atdı
CHP Azərbaycan üzərindən çirkli oyun qurur?
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan böyük həbslərdən sonra sürətlə itirməkdə olduğu siyasi reytinqini bələdiyyə seçkilərindən öncə bərpa etmək üçün qeyri-adekvat üsullara əl atır. Hiss olunan budur ki, bərkimiş siyasi döyüşçü kimi ad çıxartmış Ərdoğan son zamanlar olduqca ciddi siyasi səhvlərə yol verməyə başlayıb.
Baş nazir fevralın 19-dakı çıxışında ənənəvi siyasi ritorikası ilə müxalifət partiyalarını yenə də ittiham edib. Onun çıxışının maraqlı tərəfi isə odur ki, bu dəfə Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyası sərt şəkildə tənqid edilərkən Azərbaycanın da adı hallanıb. Ərdoğan əsasən CHP-ni nəzərdə tutaraq iddia edib ki, sözügedən partiya Azərbaycan üzərindən apardığı kirli oyunların hesabını verməlidir. Digər tərəfdən, CHP-nin nurçu camaatla əlaqələrinin olduğu haqda da mətbuat səhifələrində yazılar dərc olunub. Görəsən, tanınmış din adamı Fəthulla Gülənlə sözü çəp gələn baş nazir də CHP-nin Azərbaycandakı nurçu camaatla bağlı münasibətlərinimi nəzərdə tutub?
Ekspertlərin fikrincə, AKP rəhbərinin harada həqiqi, harada yalan danışması bəlli deyil. CHP-nin Azərbaycan üzərində hər hansı kirli oyun apara biləcəyinə inanmaq çətindir. Bu partiyanın Azərbaycana hansı təsiri var? Dövlət deyil, iqtidar deyil və Azərbaycanla hər hansı bir alqı-satqısı yoxdur.
Ekspertlər bildirirlər ki, Ərdoğanın fikirləri siyasi rəqibləri ilə mübarizəsinin yeni taktikasıdır. Burada həqiqət payı ya yoxdur, ya da çox azdır. Türkiyədəki partiyalararası daxili çəkişmələrə Azərbaycanı qatmaq düzgün deyil. Ərdoğan bu vaxta qədər CHP-ni oyundan çıxarmaq üçün başqa-başqa variantlardan istifadə edib. Azərbaycanın isə adının hallanması siyasi etikadan kənar bir addımdır.
Məsələyə münasibət bildirən Azərbaycan Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev "Unikal"a bildirdi ki, "Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın son çıxışlarının hamısı bir hədəfə yönəlib: bələdiyyə seçkilərindən öncə Türkiyə ictimai rəyində böyük zərbə almış AKP-nin imicini hər vasitə ilə əvvəlki səviyyəyə qaldırmaq. Lakin qardaş ölkədə siyasi proseslərin gedişatı göstərir ki, baş nazir bu cəhdləri ilə hakim partiyaya yeni-yeni minuslar qazandırır. Baş nazir Cümhuriyyət Xalq Partiyasını Azərbaycan kartı ilə vurmaqla həm də Azərbaycan hakimiyyətinə yarınmağa çalışır. Çünki məhz onun hakimiyyəti dönəmində Türkiyə ilə Azərbaycan arasında zaman-zaman soyuqluqlar qeydə alınıb və Ərdoğan indiki vəziyyətində Azərbaycan iqtidarından dəsətək almaq niyyətini güdür".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Bünyamin Qəmbərli "Unikal"a açıqlamasında bildirdi ki, "Türkiyənin baş naziri son illərdə apardığı uğursuz daxili və xarici siyasətin acısını və çirkli yönlərini təmizləmək üçün hər şeyə gedir. Ölkədə keçiriləcək bələdiyyə seçkilərinə az qalır və Ərdoğanın müxalifətin üzərinə nevrotik hücumları ondan xəbər verir ki, baş nazir seçkiləri uduzacağından əndişəlidir. Zənnimcə, biz əvvəlki Ərdoğanı bir daha görməyəcəyik. O, əvvəllər deyəcəyi hər bir kəlməni ölçüb biçərdi. İndi isə suda boğlanlar kimi saman çöpündən də yapışmağa hazırdır. Hər bir halda onun müxalifət barədəki son çıxışı təcrübəli siyasətçiyə yaraşan addım deyil".
Qəmbərlinin sözlərinə görə, "Ərdoğan buraxdığı səhvləri başqalarının üzərinə yıxmaqda ustalaşıb. O, "futbol diplomatiyası" ilə Türkiyə-Ermənistan sərhədinin açılmasına rəvac verərkən Türkiyə cəmiyyətinin reaksiyasını görəndə mövqeyindən geri çəkildi və günahı başqalarının üzərinə yıxdı. İndi də bütün uğursuzluqların səbəbkarı kimi Türkiyə müxalifətini hədəfə götürüb. Zənnimcə, onun impulsiv çıxışları artıq sonun başlanğıcından xəbər verir".
Məzahir Avşar
Digər Xəbərlər
2024-12-26 09:40:57
2024-12-26 09:37:56
2024-12-26 09:34:25
2024-12-26 09:26:59
2024-12-26 08:58:34
2024-12-26 08:57:00
2024-12-26 01:06:40
2024-12-26 00:27:14
2024-12-26 00:16:51
2024-12-26 00:05:12
2024-12-25 23:30:42
2024-12-25 23:06:31
2024-12-25 22:45:19
2024-12-25 22:17:27
2024-12-25 21:54:31
2024-12-25 21:39:19
2024-12-25 21:00:21
2024-12-25 20:15:03
2024-12-25 19:58:16