Azərbaycanın xaricdə təhsil proqramı necə icra edilir?
12:21 22-02-2014
CƏMİYYƏT
Azərbaycanın xaricdə təhsil proqramı necə icra edilir?
Ekspert: "Siyahıda prioritet ixtisaslarla prioritet istiqamətlər qarışdırılır"
Azərbaycan gənclərinin gələn tədris ilində xaricdə təhsili məqsədilə seçilmiş ali təhsil müəssisələrinin və xaricdə təhsil proqramının prioritet ixtisas istiqamətlərinin siyahıları təsdiq olunub. 2014-2015-ci il tədris ilində azərbaycanlı gənclər dövlət proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil ala biləcək.
İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, xaricdə təhsillə bağlı tədqiqatların müəllifi Qalib Toğrul deyib ki, hər iki siyahının ötən illərlə müqayisədə tez açıqlanması yaxşı haldır: "Prezident yanında Təhsil üzrə Komissiya adətən siyahıları aprel ayında təsdiq edirdi. Siyahıların fevralda açıqlanmasının bir neçə cəhətdən əhəmiyyəti var. Əvvəla, siyahının tez açıqlanması dövlət proqramı çərçivəsində xaricdə təhsil almaq istəyənlərin rahat seçim etməsinə imkan verəcək. Ötən illərdə çox belə hallar olurdu ki, azərbaycanlı gənc xarici universitetə siyahı təsdiq açıqlanmamışdan qəbul olunurdu. Çünki xarici universitetlərin əksəriyyətinə qəbul təqvim ilinin əvvəlində aparılır. Sonradan siyahı açıqlananda məlum olurdu ki, onun seçdiyi xarici ali təhsil ocağı prioritet universitetlərin siyahısında yoxdur. Və yaxud əvvəlcədən ixtisas seçimi edən azərbaycanlı gənc prioritet ixtisasların siyahısı açıqlananda seçdiyi ixtisasın siyahıda olmadığını görürdü".
Ekspertin qeyd edib ki, digər bir yenilik seçim imkanlarının genişləndirilməsi ilə bağlıdır: "Təhsil Nazirliyinin açıqlamasına görə, müvafiq siyahı qüvvəyə minənədək, yəni 10 fevral 2014-cü ilə qədər xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olunmuş şəxslər üçün 2013-2014-cü tədris ili üzrə təsdiq edilmiş siyahı etibarlı hesab ediləcək".
Hələ ki, Təhsil Nazirliyi sənəd qəbulunun başlanması və başa çatması tarixlərini elan etməyib. Qalib Toğrulun bildirdiyinə görə, adətən sənəd qəbulu may-avqust aylarında aparılırdı: "Ümid edirəm ki, bununla bağlı da optimal qərar qəbul olunacaq. Burada nəzərə alınmalı ən vacib məsələlərdən biri xarici universitetlərdə tədris ilinin tez başlanması məsələsidir. Elə optimal müddət seçmək lazımdır ki, bütün istedadlı azərbaycanlı gənclər dövlətin yaratdığı imkandan faydalana bilsinlər".
Prioritet ixtisas istiqamətlərinin siyahısını ötən illə müqayisə edən ekspert bu il siyahıya "Biznesin idarə olunması" və "İnsan resurslarının idarə olunması" ixtisaslarının əlavə olunduğunu bildirib: "Prioritet ixtisasların siyahısı ümumilikdə qənaətbəxşdir və ölkənin ehtiyaclarını əks etdirmək baxımından uğurludur. Sevindirici haldır ki, bizim tövsiyə etdiyimiz ixtisaslar son illər siyahıda nəzərə alınmağa başlayıb. Xüsusi olaraq fizika, kimya, riyaziyyat, biologiya kimi elm sahələrini və Azərbaycan iqtisadiyyatının ehtiyac duyduğu baytarlıq, nanotexnologiyalar, tibb, turizm kimi ixtisasları qeyd etmək istəyirəm".
Ekspert tənqidi fikirlərini də səsləndirib: "Siyahıda prioritet ixtisaslarla prioritet istiqamətlər qarışdırılır. Məsələn, kənd təsərrüfatı prioritet istiqamətdir, daha geniş anlayışdır. Nazirlər Kabinetinin 2008-ci il 3 iyun sərəncamı ilə bu istiqamət daxilində 8 ixtisas nəzərdə tutulur. Baytarlıq da bu istiqamətə daxildir. Ancaq çox təəssüf ki, fevralın 10-da təsdiq edilmiş prioritet ixtisasların siyahısında kənd təsərrüfatı da var, baytarlıq da.
Eyni şeyi iqtisadiyyat istiqaməti haqqında da demək olar. İqtisadiyyat bir istiqamət kimi geniş anlayışdır. Bu istiqamət içərisində "Biznesin idarə olunması" və "İnsan resurslarının idarə olunması" ayrıca ixtisaslar kimi nəzərdə tutulsa da, siyahıda bunların hər üçünə rast gəlmək mümkündür".
Prioritet ixtisasların siyahısında "və digər" sətrinə münasibət bildirən Qalib Toğrul təəssüflə qeyd edib ki, onsuz da xaricdə təhsillə bağlı dövlət proqramının həyata keçirilməsində şəffaflıq və hesabatlılıq prinsipləri pozulur, seçim zamanı subyektiv amillər üstünlük təşkil edir. Ekspertin fikrincə, prioritet ixtisasların siyahısında "və digər" sətrinin salınması builki yeniliklərə kölgə salmaqla yanaşı proqram çərçivəsində aparılacaq seçimə öz neqativ təsirini göstərəcək: "Belə çıxır ki, Təhsil üzrə Komissiya siyahıda olmayan ixtisas üzrə xarici universitetə qəbul olunmuş və ya xarici ali təhsil ocağında oxumağa iddialı istənilən iddiaçını öz subyektiv yanaşmasını əsas götürərək müsabiqənin qalibləri siyahısına sala bilər. Bu, digər iddiaçılara qarşı böyük haqsızlıqdır".
Prioritet universitetlərin siyahısına toxunan Qalib Toğrul bildirib ki, dövlət proqramı çərçivəsində xaricdə təhsili tənzimləyən qanunvericiliyə görə, tələbə göndəriləcək xarici təhsil qurumunun dünya üzrə reytinqi, müəyyənləşdirilmiş prioritet ixtisas və təhsil proqramları üzrə tələb edilən təhsilin səviyyəsi, tələbənin təhsili, sosial təminatı və digər xərclər nəzərə alınmalıdır. Ən optimal variantda xarici təhsil ocaqlarının seçilməsi haqqında təklifləri Təhsil Nazirliyi ilə İqtisadiyyat və Sənaye Nazirliyi tərtib etməlidir: "Əgər proses doğrudan da qanunvericilikdə nəzərdə tutulduğu kimi həyata keçirilirsə, siyahıda, tutalım, Belarus universitetləri olmamalıdır. Ayda 700 dollar yaşayış xərci, min dollarla ölçülən təhsil xərci çəkib Belarusda tələbə oxutmağa dəyməz".
Ekspert bildirib ki, dövlət proqramında iştirak edən gənclərin əksər hissəsi Böyük Britaniya (26,4%), Türkiyə (22,3%), Almaniya (15,8%), Kanada (7,3%) və Rusiya (4,6%) universitetlərində təhsil alırlar.
Sənan Mirzə
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49