Maydanın liderləri yeni Ukrayna hökumətində təmsil oluna bilər
10:56 26-02-2014
İQTİSADİYYAT
Maydanın liderləri yeni Ukrayna hökumətində təmsil oluna bilər
Kiyevdə toqquşmalar zamanı ölənlərin və xəsarət alanların sayı açıqlandı
Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov deputatları fevralın 27-də yeni Nazirlər Kabinetinin formalaşdırılmasını başa çatdırmağa çağırıb.
"RBK Ukraina" saytınsy verdiyi məlumata görə, A. Turçinov bildirib ki, bu həftənin cümə axşamı milli etimad koalisiyası parlamentdə səsverməyə çıxarılmalıdır.
"Batkivşina" fraksiyasının lideri Arseni Yasenyuk isə yeni hökumətdə Maydan hərəkatının liderlərinin iştirakını zəruri sayıb. Bu sırada o, "Eurovision" müsabiqəsinin qalibi, xalq artisti Ruslana Lıjiçko, Maydanın tibb xidmətinin koordinatoru Oleq Musiy və aktivist İqor Lutsenkonun adlarını çəkib. A. Yasenyuk Kiyev-Mogilyan Akademiyasının rektoru Sergey Kvit, məşhur tibb professoru, ictimai xadim və müğənni Olqa Boqomoletsin də hökumətdə təmsil olunmasını istəyib.
ATƏT-in fəaliyyətdə
olan sədri Ukrayna
üzrə beynəlxalq
təmas qrurunun
yaradılmasını təklif etdi
Ukraynadakı hadisələr bir daha onu xatırladıb ki, Avroradakı təhlükəsizliyi təbii hal kimi qiymətləndirmək olmaz. Bunu BMT-nin ATƏT-lə əməkdaşlıq məsələlərinə həsr olunmuş BMT Təhlükəsizlik Şurasının iclasında ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə xarici işlər naziri Didye Burkhalter bəyan edib.
O, Ukrayna üzrə xüsusi nümayəndənin təyin edilməsi haqda məlumat verib, habelə Ukrayna üzrə beynəlxalq təmas qrurunun yaradılmasını təklif edib. "Bu gün mən səfir Tim Quldimannı Ukrayna üzrə xüsusi nümayəndə təyin etmək qərara gəldim. O, ATƏT-in Ukraynadakı bütün tədbirlərini koordinasiya edəcək", - deyə D.Burkhalter bildirib.
ATƏT-in fəaliyyətdə olan sədri həmçinin qeyd edib ki, bu gün Ukrayna üzrə Beynəlxalq təmas qrupunun yaradılmasına dair məsləhətləşmələr ararılır. Həmin qrura həm Ukrayna, həm də beynəlxalq ictimaiyyətin nümayəndələri daxil olacaq. D.Burkhalterin sözlərinə görə, Beynəlxalq təmas qrurunun əsas vəzifəsi Ukraynanı keçid dövründə dəstəkləməkdir. O qeyd edib ki, bu qrup ATƏT himayəsi altında yaradılmalıdır.
Hələlik isə Ukraynaya ATƏT-in kiçik qruru göndəriləcək. Həmin qrur yaxın günlər üçün tələb olunan yardımın həcmini müəyyən edəcək.
Kiyevdə toqquşmalar
zamanı xəsarət alanların sayı 699 nəfərə çatdı
Kiyevdə etiraz aksiyaları zamanı baş vermiş toqquşmalarda xəsarət alanların sayı 699 nəfərə çatıb.
RİA Novosti agentliyinin verdiyi məlumata görə, fevralın 18-dən etibarən 699 nəfər Kiyevin müxtəlif xəstəxanalarına müraciət edib. Onlardan 463-ü xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, etiraz aksiyaları zamanı Ukrayna paytaxtında 82 nəfər ölüb.
Ketrin Eşton Kiyevdə Ukraynanın müxalifət
liderləri ilə görüşdü
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Ketrin Eşton Ukrayna parlament partiyalarının rəhbərləri ilə görüşüb.
UNN saytının verdiyi məlumata görə, müxalifətin liderləri Arseniy Yatsenyuk ("Batkivşina"), Vitali Kliçko (UDAR) və Oleq Tyaqnibok ("Svoboda") ilə Eşton Ukraynadakı vəziyyəti və iqtisadi böhrandan çıxış yollarını müzakirə edib.
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə komissarı bəyan edib ki, yeni hökumətin formalaşdırılmasından sonra Avropa Birliyi Ukraynaya yardım edəcək.
Ketrin Eşton, həmçinin, Regionlar partiyasının nümayəndəsi Aleksanr Yefremov ilə görüşüb. Yefremov partiyasının səhvlərini etiraf edərək hazırkı hökuməti onları təkrarlamamağa çağırıb.
Rusiyanın baş
nazirindən sərt
Ukrayna açıqlamaları!
"Rusiya ilə Ukrayna arasında əldə olunan razılaşmalar tam şəkildə icra olunacaq. Lakin hələlik Ukraynada legitim dövlət formalaşmayıb və buna görə danışıq aparmağa qarşı tərəfdən heç kim yoxdur". Rusiyanın baş naziri Dmitri Medvedyev Ukraynada cərəyan edən siyasi hadisələrə fonunda bu ölkə ilə əldə olunan kredit razılaşması ilə bağlı münasibətində bu cür açıqlama verib.
Soçidə çıxışı zamanı Medvedyev qeyd edib ki, Ukraynada yeni hökumət formalaşmayanadək, bu barədə ciddi qərarlar qəbul oluna bilməz: "Biz qonşuyuq, yaxın millətlərik və bir-birimizin sözlərini qulaq ardına vurmaq düzgün olmazdı. Rəsmilərlə əldə olunan razılaşmalar mütləq icra olunacaq. Lakin hazırda Ukraynada hökumət yoxdur. İndiki siyasi aktyorların legitimliyi isə, böyük şübhə altındadır".
Ukraynada baş verən siyasi hadisələrlə əlaqədar rəsmi Brüsseldən də reaskiya gəlib. Avropa Şurasının prezidenti Herman Van Rompöy Ukrayna xalqının azad yaşamaq istəyini və bunun üçün göstərdiyi iradəni alqışladığını bildirib: "Biz bu çətin dövrdə Ukraynaya dəstək olmağa və əməkdaşlıq müqaviləsi imzalamağa hazırıq. Biz bu ölkədə baş verən hadisələri yaxından izləyirik".
Rusiya Ukraynaya hərbi müdaxilə edə bilərmi?
Ukraynada "Maydan"ın qələbə qazanması və prezident Yanukoviçin postunu tərk edərək qaçmasından sonra ölkə parlamenti 2004-cü ilin konstitusiyasına dönmək qərarına gəldi. Bu konstitusiya parlamentə və hökumətə daha geniş səlahiyyətlər verir, prezidentin səlahiyyətlərini isə azaldır.
"Maydan"ın qələbəsi geosiyasi anlamda Rusiyanın Ukrayna cəbhəsində Qərbə uduzması demək idi. Hazırda maraq doğuran əsas məsələ Ukraynanın bundan sonrakı taleyinin necə olacağı ilə bağlıdır.
Yeni hakimiyyət və Ukrayna üçün əsas təhlükə ölkənin parçalanması ola bilər. Hələ "Maydan" hərəkatının başlanğıcında Rusiya xarici işlər narizi Sergey Lavrov və bəzi rusiyalı deputatların bəyanatlarında bu tip ehtimallar səsləndirilmişdi. Əslində Kreml belə bəyanatlarla həm Ukrayna müxalifəti, həm də Qərbi hədələyirdi. Lakin Yanukoviçin Regionlar Partiyasının ölkənin şərqində sosial dayaqları deyildiyi kimi möhkəm deyilmiş. Müxalifətin qələbəsi ilə bu partiyadan kütləvi şəkildə xaricolmalar başlandı.
Əslində parlamentdə olan müxalifətçilərin prezident Yanukoviçə qarşı impiçment, güc nazirlərinin istefaya göndərilməsi və yerlərinə yeni şəxslərin təyinatı, yeni prezident seçkilərinin vaxtının müəyyən edilməsi, yeni parlament sədri seçmələri və nəhayət 2004-cü ilin konstitusiyasını qəbul etmələri üçün Radada konstitusional çoxluqu əldə etmələri Regionlar Partiyasının (RP) deputatlarının müxalifət tərəfinə keçmələrinin hesabına baş verdi. Parlamentdə təmsil olunan 200 nəfər RP üzvündən 70-i partiyadan istefa verdi, istefa verməyənlər isə müxalifətin təşəbbüslərinə həvəslə qoşulurdular.
Xarkov şəhərində "Ukrayna cəbhəsi " adlandırılan və cənub-şərq regionlarında qanuni hakimiyyəti - yəni Yanukoviçin hakimiyyətini dəstəkləyən qurultay da nəticəsiz qaldı. Qurultayın növbəti günü tədbirin təşkilatçıları - RP-dən olan deputat Kolasniçenko, qubernator Dobkin, və Xarkov meri Kernesin ölkədən qaçmaları barədə məlumat yayıldı.
Krım parlamentində Ukraynadan ayrılma barədə bəyanatlar öz təsdiqini tapmadı. Krımın əsas şəhərlərinin rəhbərləri vəzifələrindən istefa verdi, eyni zamanda Krım türklərinin (yaxud tatarlarının) lideri Refat Çubarov "Maydan"ı dəstəklədiyini bildirdi.
Müxalifətin qısa zamada hüquq-mühafizə üzrə mərkəzi icra orqanlarına təcrübəli rəhbər təyin etmələri və bu məsələlərdə fikir ayrılıqlarının olmaması ölkəni parçalanmadan qoruyan amillərdən biri oldu. Eyni zamanda bu, onu göstərdi ki, müxalifət liderləri arasında artıq hazırlanmış və tam şəkildə razılaşdırılmış fəaliyyət planı mövcuddur. Bundan əlavə RP-da Yanukoviçdən sonra ikinci adam hesab olunan Sergey Tiqipkonun rəsmi olaraq partiyasının müxalifətə keçdiyini bəyan etməsi yerlərdəki partiya üzvlərinin hansısa fəallıq göstərmələri üçün qalan həvəslərini də öldürdü. Tiqipkonun bu addımının izahı isə sadədir- siyasətçı Maydanda insan ölümlərinə görə məsuliyyəti öz üzərindən atmağa nail oldu.
Gözlənilən təhlükələrdən biri Rusiyanın hər hansı bəhanə ilə Ukraynaya hərbi müdaxiləsi ola bilər. Rusiyanın baş naziri Dmitri Medvedyev bəyan etdi ki, Ukraynadakı yaranmış vəziyyətin Rusiyanın milli maraqları üçün təhlükəlidir. Baş nazir Moskvanın Ukraynada olan vətəndaşlarının həyat və sağlamlığından narahat olduğunu və məsləhətləşmələr üçün Kiyevdəki səfiri Zurabovu geri çağırdığını söyləyib. Elə Medvedyevin bu bəyanatı hərbi müdaxilə üçün gözəl bəhanə hesab oluna bilər.
Ukraynanın milliyyətçi-müxalif "Azadlıq" partiyasının sədri Oleq Tyaqnibok isə deyib ki, Rusiyanın Sevastopol şəhəri istiqamətindən Ukraynaya hücum hazırlanması barədə onlara məlumat daxil olub. Tyaqnibokun sözlərinə görə, keçmiş prezident Yanukoviç də hazırda Sevastopl şəhərində gizlənib.
Ukraynanı Rusiyanın hərbi müdaxiləsindən müəyyən qədər sığortalayan 1994-cü ildə imzalanmış beynəlxalq müqavilə mövcuddur. "Ukraynanın nüvə silahının yayılmaması haqqında Razılaşmaya qoşulması ilə əlaqədar təhlükəsizlik haqqında Memarandum" adlanan bu sənədə əsasən Kiyev yuxarıda adı çəkilən müqaviləyə qoşulur və özündə olan nüvə silahının məhv edilməsi müqabilində ABŞ, Rusiya, Böyük Britaniya və İrlandiya Ukraynanın təhlükəsizliyinə və ərazi bütövlüyünə təminat verirlər. Yəni əgər Rusiya Ukraynaya hücum edərsə beynəlxalq müqavilənin şərtlərini pozmuş olacaq və Kiyevin kömək üçün təhlükəsizliyinə zəmanət vermiş Amerika və Britaniya kimi digər üzv ölkələrə müraciət etmək hüququ var. Bu isə, genişmiqyaslı müharibənin başlanması anlamına gəlir. Yəni prezident Putin Ukraynaya qoşun yeritmək fikrinə düşsə bu risqi nəzərə almalı olacaq.
"İnterfax" agentliyinin fevralın 3-də öz mənbələrinə istinadən yaydığı məlumata görə, ABŞ-ın iki hərbi gəmisi Qara Dənizə daxil olub. Eyni zamanda, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə katibi Syuzan Rays NBC telekanalına müsahibəsində Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsi ehtimalını Moskvanın edəcəyi "ciddi səhv" kimi qiymətləndirib. Hər halda, bu məlumatlar onu göstərir ki, Amerika Rusiyanın hücum etmə ehtimalını da nəzərdə saxlayır və müvafiq qarşısıalınma tədbirləri görüb.
Putin hələ ki, susur və onun belə uzun müddət susması Qərb dövlətlərində narahatçılığı artırır.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53