Məmurlar bahalı toy ənənəsindən əl çəkə bilmir
11:16 27-02-2014
İQTİSADİYYAT
Məmurlar bahalı toy ənənəsindən əl çəkə bilmir
Hələ də bəzi vəzifəli şəxslərin ölkə rəhbərliyinin göstərişinə zidd getdiyi aydın görünür
Ötən il ölkə başçısı İlham Əliyevin “Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda səsləndirdiyi fikirlər uzun zaman mətbuatın müzakirə predmetinə çevrildi. Dövlət başçısının həmin çıxışında toxunduğu problemlərdən biri də dəbdəbəli ziyafət, məmurların öz övladlarına təmtəraqlı toy etmələri ilə bağlı idi.
“Təmtəraqlı toylar, ad günləri, bahalı hədiyyələr - bunları yığışdırın. Bəsdirin. Və kim bunu eləyir, bilir kimi mən nəzərdə tuturam. Bu həm yerli icra orqanlarına aiddir, mərkəzi icra rəhbərlərinə də aiddir. Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər, özlərini apara bilmirlər”,- deyə ölkə başçısı bildirmişdi.
Bəs görəsən, aradan keçən müddətdə məmurlar bahalı toy etmək mərəzindən xilas ola biliblərmi? Təəssüf ki, müşahidələrimiz hələ də imkanlı vəzifəli şəxslərin övladlarına dəyəri həddən artıq yüksək rəqəmlərlə ölçülən toylar etməkdən vaz keçmədiyini göstərir.
Məsələn, bu gün də Bakı küçələrində sıralarında dəyəri yüz minlərlə manatla ölçülən avtomobillərin hərəkət etdiyi toy kortejlərini görmək olar. Bundan başqa, bir çox şadlıq evlərində, xüsusilə də lüks restoranlarda gecə saatlarında, yəni toy bitdikdən sonra elə bir atəşfəşanlıq başlayır ki, təkcə belə bir atəşfəşanlığa nə qədər pul xərcləndiyini düşünəndə həmin toyun nə qədər bahalı toy olduğuna şübhə yeri qalmır.
Sadə vətəndaşların belə bir atəşfəşanlığa imkanlarının heç bir halda çatmayacağını düşünsək həmin toyların sahiblərinin kimlər ola biləcəyini təxmin etmək çox asandır.
Bir çox restoranlarda isə xidmətlərin qiymətləri hələ də gözqamaşdıran rəqəmlərlə müşaiyət edilir. Həmin qiymətlərin aşağı düşməməsi onu deməyə əsas verir ki, tələbat qalır.
Tələbatın qalması isə məmurların “bahalı toy” mərəzindən xilas ola bilmədiklərinin əyani göstəricisidir.
Belə restoranların işçilərinin özləri də qeyri-rəsmi söhbətlərdə etiraf edirlər ki, onların çalışdıqları şadlıq saraylarının, restoranların xidmət haqları orta statistik gəliri olan azərbaycanlının cibinə uyğun deyil. Məkanlar ancaq imkanlı şəxslər üçün uyğundur. Bununla belə, müştəri qıtlığı yaşamadıqlarını da bəyan edirlər. Bu da bir daha onu göstərir ki, Azərbaycanda müəyyən vəzifəli şəxslər ölkə rəhbərliyinin qəti göstərişinə və sərt xəbərdarlığına baxmayaraq hələ də öz övladlarının xeyir işi üçün istənilən qədər “səxavət” nümayiş etdirirlər.
Məsələn, Bakının ənbərkgedən restoranlarından olan “Hollywood”un 2 menyusu var. Birinci “Standrat” adlanır, qiyməti 120 manatdan başlayır. Digər menyu isə “Premium”dur. Azərbaycan dilinə tərcümədə “Mükafat” olan menyunun qiyməti 150 manatdan start götürür. Əmək pensiyalarının orta məbləğindən cəmi 20 manat aşağı olan menyunun nəyinin “Mükafat” olmasını isə bir sahibkar bilir, bir də bu ideyanı onun başına qoyan ağıllı.
Yeri gəlmişkən menyulara əlavə xidmətlər daxil deyil. Yəni fotoqrafı, musiqiçiləri, video çəklişləri toy sahibinin özü təşkil etməlidir.
İndi gəlin açıq danışaq: azərbaycanda orta statistik vətəndaşın belə ağır xərclər altında toy etmək imkanı varmı? Elə isə bu restoranda qiymətlərin belə yüksək olması və buna rəğmən də müştəri sarıdan əziyyət çəkməməsini nə ilə izah etmək olar? Əlbəttə, hələ də bir çox imkanlı vəzifəli şəxslər öz xeyir məclislərini təmtəraqla, dəbdəbə ilə keçirməsələr bu suala da ehtiyac qalmazdı. Belədə nə menyülərin dəyəri belə fantastik rəqəmlə müşaiyət olunar, nə də adıçəkilən restoran sadə vətəndaşlar üçün əlçatmaz bir ünvan olaraq qalardı.
Daha bir maraqlı məqam əksər lüks restoranlarda sonuncu dəfə orada hansı məmurun övladının toyunun təşkil edildiyinə dair sorğuları cavablandırmaq istəməmələridir. Bir az da konkretləşdirsək, onlara bu barədə hər hansı məlumat verməyin qəti şəkildə yasaqlandığını deyirlər. Belə bir yasağın mövcud olması da, Bakıda bahalı məmur toylarının səngimədiyini düşünmək üçün əsas verən ehtimalları qüvvətləndirir. Bütün bu yazılanlardan isə ümumi bu nəticəyə gəlirik ki, ölkə rəhbərliyinin tapşırığına rəğmən Azərbaycanda bir çox məmurlar bahalı toy etmək ənənəsindən əl çəkmirlər. Onlarda bu arxayınçılığı nəyin yaratdığını demək isə çox çətindir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53