Radikallığa qarşı radikal da addımlar atılmalıdır
Radikallığa qarşı radikal da addımlar atılmalıdır

Ölkədəki dini tolerantlığı hədəfə götürən qüvvələr sistemli şəkildə sıxışdırılır
Elşad Miri: "Bu gün Türkiyədə baş verən qalmaqalların sabah və yaxud nə zamansa Azərbaycanda da təkrar edilməyəcəyinə heç kim qarant verə bilməz"

Suriyada döyüşən soydaşlarımızla bağlı söhbət gündəmə çıxandan sonra müvafiq dövlət strukturları problemin həllinə girişdi və artıq bu yöndə konkret nəticələr meydana çıxıb. Təqdirəlayiq haldır ki, dövlət strukturlarının dini radikalizmə qarşı aldığı tədbirlərdə işgüzar koordinasiya müşahidə edilir.
İndiki mərhələdə cəmiyyəti maraqlandıran əsas məsələ Suriyaya döyüşməyə göndərilən soydaşlarımızın kimlər tərəfindən təşkil edilməsiydi. Bu müstəvidə bir neçə məscidin adı daha çox hallandırılırdı. Gündəmdə dartışdırılan belə məscidlərdən biri də xəvariclərin daha çox cəmləndiyi Müşfiqabad qəsəbə məscidi idi.
Artıq Müşfiqabad qəsəbə məscidi dini icmasının özünü buraxması haqqında müraciətinə Dövlət Komitəsində baxılaraq dini icmanın ləğvi barədə qərar qəbul edilib. Komitədən bildiriblər ki, dini icma üzvləri keçirdikləri ümumi yığıncaqda icmanın buraxılması və qanunun tələblərinə cavab verən yeni icmanın yaradılması haqqında qərarlarını Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqdimatı ilə birgə Dövlət Komitəsinə göndəriblər. Dövlət Komitəsində məsələyə baxılaraq icmanın verdiyi qərar təsdiqlənib. Bundan sonra dini icmanın dövlət reyestrindən çıxarılması barədə qərar qəbul edilib. Hazırda məsciddə yeni icmanın təsisi ilə əlaqədar təşəbbüs qrupu yaradılıb.

Koordinasiyalı
optimal işbirliyi

Situasiyanı tənzimləmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yürütdüyü siyasət diqqəti daha çox çəkir. Komitənin dövlət qeydiyyatından keçmiş dini icmalarla bağlı qəbul etdiyi qərarlar, xüsusən də Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqəli şəkildə gerçəkləşdirdiyi konkret mətləblər ondan xəbər verir ki, ölkədəki dini situasiya, həqiqətən də, ciddi nəzarətdədir və kənar güclərin bu qüvvələrdən yararlanmaq planları iflasa uğramağa başlayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanda insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliğinin qadağası ilə bağlı açıqlama da verib.
Komitə hesab edir ki, Azərbaycanda insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır: "Dini etiqad azadlığı haqqında Azərbaycan respublikasının qanununa əsasən hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Heç kəs öz dini etiqadını ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verilmir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır".
Lakin görünür, sözügedən qurumların dövlətçilik və milli maraqlar naminə nümayiş etdirdiyi işbirliyi cəmiyyətdəki müəyyən qüvvələri narahat edir. Bu qüvvələr Komitə ilə QMİ arasında guya ki, təfriqələrin olması barədə şayiələr də yaymağa başlayıblar. Yaxşıdır ki, Komitə bu piara qarşı da vaxtında reaksia verib: "Yayılan informasiyalar elə radikal dini qüvvələr tərəfindən uydurulur, əsassızdır və ictimaiyyətdə çaşqınlıq yaratmağa, dövlətin-din siyasətinin tənzimlənməsi işlərinə xələl gətirməyə və özlərini diqqətdən yayındırmağa yönəlib. Dövlətin din sahəsində mərkəzi icra hakimiyyəti strukturu olan DQİDK ilə müsəlman icmalarının tarixi mərkəzi olan QMİ arasında münasibətlər AR Konstitusiyası və qanunlarından irəli gələn tələblərlə tənzimlənir və hər iki qurum dini icmaların qeydiyyatı, maarifləndirmə işi, dini radikalizmlə mübarizə sahəsində işgüzar münasibətlərə əsaslanan birgə fəaliyyət göstərir. QMİ-nin bu yaxınlarda verdiyi açıqlamadan da göründüyü kimi, qurum rəhbərlərinin də arasında sağlam, qarşılıqlı hörmətə əsaslanan, ölkəmizdə dini tolerantlığın gücləndirilməsinə, bu sahədə Azərbaycan Respublikası Prezidentinin təşəbbüslərinin icrasına yönəlmiş işgüzar münasibətlər mövcuddur. Yalnız son 1 ildə QMİ ilə birgə din xadimlərinin təlimi və maarifləndirmə sahəsində onlarla müştərək tədbirlər keçirilib və bundan sonra da əməkdaşlıq davam etdiriləcək".
İlahiyyatçı Emil Rahiloğlu da ölkəmizdə dini təriqətlər və məzhəblər arasında son günlər yaşanan gərginliklə bağlı verdiyi açıqlamada bildirib ki, "Tarix boyunca ayrı-ayrı dinlər və habelə, həmin dinlərin öz daxilində olan məzhəblər, sektalar arasında ixtilaflar, ziddiyyətlər və qarşıdurmalar baş verib. Buna baxmayaraq, Azərbaycanda uzun əsrlərdir ki, dini dözümlülük müşahidə olunub və məzhəblər arasında gərginlik və qarşıdurmaya demək olar ki, rast gəlinməyib. Lakin son günlər Azərbaycanda da dini dözümsüzlük müşahidə olunmaqdadır".
Onun sözlərinə görə, "Bu daha çox Azərbaycanda siyasi gərginlik yaratmaq istəyən qüvvələrin işi kimi görünür. Siyasi sistemlərin maraq və mənafeləri həmişə olub və olacaq. Belə ki, öz hakimiyyətlərinin dayaqlarını möhkəmlətmək, öz hegemonluqlarını təmin etmək məqsədilə xarici hakimiyyət və dövlətlər ayrı-ayrı dinlər və məzhəblər arasındakı ixtilaflara rəvac verirlər. Bunlar həmin hakimiyyətlərdir ki, bu gün Azərbaycana qeyri-ənənəvi sektalar "ixrac" edirlər və bu sektalar bu gün Azərbaycanda dini dözümsüzlük və gərginliyin yaranmasına yol açırlar. Bu onların bir başa maraqları çərçivəsindədir. Azərbaycana gəldikdə isə, son illər bu tendensiya artan xətt üzrə müşahidə edilməkdədir. Burada istər yerli, istərsə də imperializm maraqlarına xidmət edən xarici qüvvələrin rolu böyük və danılmazdır. Bu gün Azərbaycanda ayaq açmış qeyri-ənənəvi sekta və məzhəblərin fəaliyyətində bunu sezmək elə də çətin deyil".

Nurçular Azərbaycan üçün təhlükədirmi?

Türkiyədə son aylarda baş alıb gedən korrupsiya qalmaqalları və Gülən camaatı və yaxud nurçularla baş nazir Ərdoğanın komandası arasında yaşanan gərginliklər artıq Azərbaycanda da müəyyən fikir təbəddülatları yaradıb.
Xoşagəlməzi budur ki, bu fikir təbəddülatları artıq dövlət hakimiyyətinin mühüm qanadlarından birində - ölkənin parlamentində də müzakirə predmetinə çevrilib. Belə ki, parlamentin son toplantısında deputat Zahid Oruc bildirib ki, son günlər Azərbaycan parlamentinə yönəldilmiş bir mövzu süni şəkildə gündəmə gətirilir: "Azərbaycan parlamentinin 20 üzvünün nurçularla əlaqəsi olduğunu deyirlər. Bu yanlışdır. Onlar burda ancaq təhsil prosesinə xidmət edir. Konkret başqa iddiaları yoxdur. Son dövrlər Türkiyənin həyatında böyük hadisələr olur. Bu da aydındır. Çünki Türkiyə böyük və regional dövlətdir. Onların camaatla olan problemlərini Azərbaycana keçirmək kimi niyyətlər var. Mən hesab edirəm ki, bunlar deputatlara qarşı təxribatdır".

Doğrudanmı, nurçular Azərbaycan üçün
hansısa problemlər
yarada bilərlərmi?

İlahiyyatçı alim Elşad Miri "Unikal"a verdiyi açıqlamada bildirdi ki, "Nurçular hazırda Azərbaycanda yalnız təhsil sektorunda fəaliyyət göstərirlər və bu istiqamətdə yaxşı göstəricilər də əldə etməyə nail olublar. Mən həm Azərbaycandakı, həm də Türkiyədəki nurçularla təmasda olmuş, hətta onların lideri hesab edilən Fətulla Gülənlə də söhbətlərim olub. Mənim müşahidələrimə görə, nurçuların Azərbaycandakı fəaliyyəti təhsilimizə dayaq və inkişaf tempi vermə cəhdi ilə məhdudlaşır".
Bununla belə, ekspert hesab edir ki, "Bu gün Türkiyədə baş verən qalmaqalların sabah və yaxud nə zamansa Azərbaycanda da təkrar edilməyəcəyinə heç kim qarant verə bilməz. Lakin bu məqamla bağlı məndə ciddi bir arxayınçılıq var. O da bundan ibarətdir ki, müəyyən xarici dairələrlə bağlı olmaqla ölkədə fəaliyyət göstərən dini-ruhsal cərəyanlar və yaxud onların təmsilçiləri dövlətimizin müvafiq strukturları tərəfindən ciddi şəkild müşahidə edilməkdədir və onların işində, təbliğatında hansısa bir antikonstitusion çalar müşahidə edilərsə, vaxtında tədbirlər görə biləcəklər. İndiyə qədər Azərbaycanda bu cür qanunazidd xeyli addımların, hətta planlaşdırılmış terror təhlükələrinin qarşısı alınıb. Əgər nurçular da Azərbaycanda qeyri-qanuni momentlərə yol versələr, təbii ki, dövlət qurumları lazımi məqamda öz sözlərini deməli olacaqlar".