Azərbaycanda sığorta üçün polisdən arayış almaq çətindirmı?
Azərbaycanda sığorta üçün polisdən arayış almaq çətindirmı?

Ucar rayon sakininin şikayətinin izi ilə

Xatırladaq ki, fevralın 19-da yol qəzasında ağır xəsarət alıb 2-ci qrup əlil olmuş vətəndaşa İcbari Sığorta Bürosu tərəfindən 2510 manat ödəniş edilib. Hadisə isə bundan 15 ay əvvəl - 2012-ci ilin noyabrında baş verib.
fins.az zərərçəkənə sığorta ödənişinin hansı səbəbdən hadisədən bu qədər gec verilməsini araşdırdıqda maraqlı faktlar aşkar edib. Məlum olub ki, hadisə 2012-ci ilin noyabrın 22-də Əmircan qəsəbəsində baş verib. Həmin tarixdə R.Hacıyev yolu keçərkən yüksək sürətlə hərəkət edən "Toyota" markalı avtomobil tərəfindən vurulub. Ağır xəsarət alaraq huşunu itirən piyadanı ətrafdakı taksi sürücüləri xəstəxanaya çatdırıblar.
40 gün Sabunçu xəstəxanasında, 8 ay isə evdə müalicə olunan R.Hacıyevə aldığı xəsarətlərə görə 2-ci qrup əlil statusu verilib. R.Hacıyev fins.az-a müsahibəsində bildirib ki, belə hallara görə sığorta ödənişi almağın mümkünlüyünü təsadüfən - televizorda icbari sığorta barədə süjetə baxarkən görüb: "Maliyyə Nazirliyinə zəng vurdum, dedilər ki, sənə sığorta düşür, buna görə İcbari Büroya müraciət etməlisən". Bundan sonra zərərçəkən 2013-cü ilin dekabrında sığorta ödənişi almaq üçün İcbari Sığorta Bürosuna (İSB) müraciət edib və burada ona təqdim etməli olduğu sənədlərin siyahısı verilib.
Ən ciddi problem də bu sənədləri toplayanda, daha dəqiqi, polisdən hadisənin baş verməsi haqqında arayışın alınmasında yaranıb. Məsələ bundadır ki, "İcbari sığortalar haqqında" Qanunun 17-ci maddəsinə əsasən, sığorta ödənişinin alınması üçün digər sənədlərlə yanaşı, polisdən hadisənin təfərrüatları barədə arayış da tələb olunur. Hadisə Suraxanı rayonunda baş verdiyinə görə, həmin arayış da Suraxanı Polis İdarəsinin istintaq şöbəsi tərəfindən verilməli idi. Amma arayışın verilməsi ilə bağlı İcbari Sığorta Bürosu tərəfindən Suraxanı Polis İdarəsinə edilən müraciətlər cavabsız qalıb. Arayışı almaq üçün zərərçəkənən özü müraciət etdikdə isə ona bildirilib ki, həmin arayışı polis idarəsi deyil, rayon məhkəməsindən almaq lazımdır.
Nəticədə məsələyə İcbari Sığorta Bürosu müdaxilə etməli olub. İSB-nin hüquqşünasları polis idarəsinə xatırladıblar ki, dövlət başçısının müvafiq fərmanına əsasən bu məsələ ilə bağlı "müvafiq icra hakimiyyəti orqanı" kimi daxili işlər orqanları müəyyən edilib və arayışlar da onlar tərəfindən verilməlidir. İSB-nin kompensasiya şöbəsinin müdiri Fatma Miriyevanın sözlərinə görə: "Polisə izah olundu ki, sənədi onlar verməlidir, bu məsələdə səlahiyətli dövlət orqanı olaraq polis müəyyən edilib".
Arayışın verilməsi ləngidiyinə görə, zərərçəkənən özü - 2-ci qrup əlil R.Hacıyev Ucardan Bakıya gələrək polis idarəsinə şəxsən müraciət edib: "Sığorta pulunu almaq üçün polisdən sənəd almaq mümkün deyildi. Hər dəfə bir bəhanə ilə uzadıblar- bayramdır, vaxt yoxdur filan. Mən də hər dəfə Ucardan Bakıya gəlib gedə bilmirdim, həm də heç pulum da olmurdu gəlməyə. Beləcə iş uzandı".
Nəticədə zərərçəkən Daxili İşlər Nazirliyinin "qaynar xətti"nə zəng vurmalı olub. Yalnız bundan sonra Suraxanı Polis İdarəsi hadisə ilə bağlı tələb olunan arayışı zərərçəkənə təqdim edib.
Amma İSB-nin kompensasiya şöbəsinin müdiri Fatma Miriyevanın sözlərinə görə, polisdən gətirilmiş arayış İSB-yə təqdim olunanda onun həm düz tərtib olunmadığı, həm də hadisənin müəyyən qədər təhrif olunduğu üzə çıxıb: "Hadisə nəticəsində zərərçəkən ağır xəsarət aldığı halda, polis idarəsi tərəfindən təqdim olunan arayışda onun ağır yox, az ağır xəsarət aldığı göstərilmişdi. Eləcə də hadisənin baş vermə şəraiti ilə bağlı qeyri-müəyyən bir cümlə yazılmışdı".
Yeri gəlmişkən, zərərçəkən R.Hacıyev cinayət işinin araşdırılmasında da hadisənin təhrif olunduğunu bildirir: "İşi aparan müstəntiq məni vuran avtomobilin sürətinin aşağı olduğunu və məni xəstəxanaya guya həmin sürücünün çatdırdığını yazıb. Halbuki, həm sürət yüksək olub, həm məni, piyada keçid zolağının üstündə vurub, həm də sürücü hadisə yerindən qaçıb. Məni xəstəxanaya taksi sürücüləri göndəriblər. Müstəntiq mənim ağır vəziyyətdə olduğumu bəhanə edib mənə ağ kağıza qol çəkdirib sonra orada istədiyini yazıb. Halbuki, məhkəmə tibbi ekspertiza ağır xəsarətlər almağım haqda arayış verib. 2 ayağım və 1 qolum sınıb".
Nəticədə zərərçəkən arayışın daha düzgün yazılması üçün yenidən polis idarəsinə müraciət etməli olur. Nəhayət, tələb olunan arayışı fevralın 19-da, yəni ilk dəfə müraciət olunandan düz 2 ay sonra almaq mümkün olur. Halbuki, Mülki Məcəlləyə (maddə 924.3.) əsasən, polis idarəsi bu arayışı (eləcə də qanunvericiliklə qadağan olunmayan istənilən məlumatı) sorğu daxil olandan sonra maksimum 10 gün müddətində təqdim etməliydi.
Arayış İSB-yə təqdim olunub və elə həmin gün də zərərçəkən 2510 manat sığorta ödənişi alıb: "İSB-yə sənədləri təqdim edəndən dərhal sonra mənimlə əlaqə saxladılar və ödənişi etdilər. 2510 manat aldım. Amma müalicəm üçün azı 12 min manat lazımdır, hadisəni törədən də kömək etmir". R.Hacıyev həm hadisənin günahkarının, həm də işi təhrif edən müstəntiqin cəzalandırılması üçün məhkəməyə müraciət edəcəyini bildirir: "Artıq bununla bağlı DİN-ə müraciət etmişəm".
Qeyd edək ki, nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətində, nə də Suraxanı Rayon Polis İdarəsində məsələyə münasibət bildirmək istəmədilər.
Aliyə