Tağı Əhmədov “vuruldu”
14:11 28-02-2014
İQTİSADİYYAT
Tağı Əhmədov “vuruldu”
“Unikal”ın yazdıqları bir daha təsdiqləndi
“Metro şefi” şokdadır!
Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Ölkə başçısı İlham Əliyev Zaur Mir Tofiq oğlu Hüseynovu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edib.
Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Bakı Metropoliteninin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılıb.
Cəmiyyət Bakı Metropolitenin və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçib.
Tağı Əhmədov “vurulması” haqqında nə dedi?
Bakı Metropoliteninin rəisi vəzifəsindən azad olunan Tağı Əhmədov ilk açıqlamasını verib. O, bildirib ki, prezidentin qərarına hörmətlə yanaşıb.
“Bundan sonra harada işləyəcəksiniz” sualını cavablandıran T.Əhmədov belə deyib: “Cənab İlham Əliyev haranı məsləhət bilsə, orada da çalışacağam”.
T.Əhmədov əlavə suallara cavab vermək istəməyib: “İndi vaxtım yoxdur, işim başımdan aşır, telefonla danışmağa vaxtım yoxdur”.
Bakı metrosunun yeni rəisi kimdir?
Dünən prezidentin sərəncamı ilə Bakı Metropoliteninin rəisi təyin olunan Zaur Mir Tofiq oğlu Hüseynovun kimliyi məlum olub. virtualaz.org saytının əldə etdiyi məlumata görə, Z.Hüseynov bu vəzifəyə təyin olunana qədər “Bakıelektrikşəbəkə” ASC sədrinin müavini vəzifəsini tutub. O, 2007-ci ildən bu postda çalışıb.
51 yaşlı Z.Hüseynov əvvəllər “Qaradağ-Sement” ASC-nin baş müsahibi olub. Oradan “Bakıelektrikşəbəkə” ASC-yə rəis müavini gəlib.
YAP-dan Tağı Əhmədovun işdən çıxarılmasına reaksiya
Hakim Yeni Azərbaycan Partiyası (YAP) metropoliten rəisi Tağı Əhmədovun işdən çıxarılmasına münasibət bildirib.
YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı prezidentin sərəncamının müzakirə olunmadığını qeyd edib: “Prezidentin sərəncamı və fərmanı müzakirə olunmur. Sərəncama şərhsiz əməl edilir”.
“Tağı Əhmədovu işgüzar və öz işinin peşəkarı kimi tanıyıram”. Bunu isə Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
Son zamanlar metrodakı vəziyyətdən narazılığın artmasına gəlincə, Siyavuş Novruzov deyib: “Dünyanın istənilən ölkəsində nəqliyyatın müxtəlif növlərindən həm razı, həm də narazı olan insanlar var. Bu məsələyə hər kəs bir formada yanaşır”.
Tağı Əhmədovun vəzifədən çıxarılması üçün ciddi əsasların olub-olmadığına gəlincə, YAP icra katibinin müavini deyib ki, bu, prezidentin səlahiyyətinə aid məsələdir: “Hər bir məsələ araşdırılandan sonra qərarlar qəbul edilir”.
Xatırladaq ki, T.Əhmədov YAP Yasamal rayon təşkilatının sədr müavinidir.
Əhmədovun “vurulacağını” “Unikal” iki
ay əvvəl yazmışdı!
Xatırladaq ki, təxminən iki ay əvvəl “Unikal” qəzetində “Tağı Əhmədovun karyerası təhlükə qarşısında” başlıqlı yazı dərc edilmişdi. Yazıda bildirilirdi ki, son vaxtlar Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun yalnız müstəqil deyil, hökumətə yaxın KİV-lərdə də tənqid edilməyə başlaması təsadüfi görünmür. Böyük ehtimalla artıq metropoliten rəhbərliyində dəyişikliklərin, kadr islahatlarının vaxtının çatdığına dair qənaətlər güclənir və belə mümkün dəyişikliklərə hazırlıq kimi də Əhmədovun ünvanına ciddi irad və qınaqlar səslənməyə başlayır.
Həmin yazıda qəzetimiz adının çəkilməsini istəməyən məlumatlı mənbəsinə istinadən onu da yazmışdı ki, Tağı Əhmədovla bağlı narazılıqların qüvvətlənməsinin iki əsas səbəbi göstərilir. Bunun biri onun davamlı şəkildə müxtəlif mətbuat orqanları ilə ixtilaf yaşaması və sonda bu ixtilafların metropoliten rəisinin ictimai rəydə xoş görünməyən obrazının yaranması ilə yekunlaşmasıdır. İkinci və önəmli səbəb isə son vaxtlar Bakı Metropolitenində nasazlıqların adiləşməyə başlamasıdır.
Göründüyü kimi, bu dəfə qəzetimizin öz qaynaqlarına istinadən yaydığı informasiya qısa vaxtdan sonra təsdiqini tapdı. Halbuki çoxları Tağı Əhmədovu “toxunulmaz məmurlardan” hesab edir və onun görəvdən alınma ehtimalını yüksək qiymətləndirmirdi.
Tağı Əhmədovun
fəaliyyəti araşdırıla bilər
Dünənsə məlumatlı mənbələrimiz görəvindən uzaqlaşdırılan Tağı Əhmədovun fəaliyyətinin yoxlanılacağını istisna etməyən bilgilər veriblər. Qaynaqlarımızın bildirdiyinə görə, onun vəzifə başında olduğu müddətdə qeyri-şəffaf xərcləmələrlə bağlı çoxsaylı iddialar səslənir.. Məsələn, ötən ay məlum oldu ki, Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyinə 1 ədəd Toyoto Camry markalı maşın almaq üçün 49914 manat pul xərclənib. "BTT-2012" MMC vasitəsi ilə alınmış bu avtomobilin real bazar qiyməti ilə xərclənən məbləğ arasında isə tam 20214 manat fərq var. Bunu aydınlaşdırmaq üçün elə də uzağa getmək lazım deyil. Elə Toyoto.az saytına daxil olaraq, fərqi açıq şəkildə görmək olar. Qeyd edək ki, Toyoto-nun Bakı Mərkəzində Camry markalı avtomobillərin ən bahalısı Prestige+-dur ki, onun da qiyməti 29700 manatdır.
Metropoliten İdarəsinin avtomobil alış-verişində buraxdığı səhv təkcə bundan ibarət olmayıb. Daha üç maşının alınması zamanı qiymət fərqləri açıq şəkildə diqqəti çəkir. Qaynaq xəbər verir ki, Bakı Metropoliten İdarəsi 2 ədəd "KİA Optima" və 1 ədəd "Toyoto Lexus" markalı maşınları almaq üçün 213 580 manat pul sərf edib. "Duet" firmasından alınan bu maşınların real qiymətləri isə olduqca maraqlıdır.
Məsələn, "KİA Optima" markalı avtomobilin satış qiyməti 27800 manatdır və bu da iki maşın üçün 55600 manat təşkil edir. Ən son model "Toyoto Lexus" isə Toyto Centerdə 72 min manat dəyərindədir. Bu rəqəmləri üst-üstə gəldikdə isə ortaya 127600 manatlıq bir mənzərə çıxır. Xərclənmiş 213580 manatdan 127600 manatı çıxdıqda isə cəm 85980 manata bərabər olur. Rəsmi rəqəmlərdən belə başa düşülür ki, ortada 106 min manatlıq bir yeyinti var.
Rəsmi rəqəmlərə görə, Bakı Metropoliteninin Material texniki təhcizat xidməti "Mersedes S-550" markalı maşın üçün "Maddi Texniki-Təhcizat-3" MMC-yə 2735,24 manat pul ayırıb. Qısa müddət sonra isə yenə həmin maşın üçün daha 5923,6 manat pul ayrılıb ki, bu dəfə alış-veriş işlərini "Tikinti Təhcizat Dizayn" MMC həyata keçirib. İndi sual olunur, bir ilin maşını üçün bu qədər texniki xərc niyə və nəyə görə ayrılıb? Çünki "Mersedes" kimi bir şirkətin istehsal etdiyi ən son model maşının bir ilə xarab olması mümkünsüzdür.
Belə faktlara metropolitendə kifayət qədər rastlamaq mümkündür və böyük ehtimalla Tağı Əhmədov yoxlamalarsız ötüşə bilməyəcək. Bunun onun üçün hansısa daha qorxulu perspektivlər vəd edib-etmədiyini isə zaman göstərəcək.
Qabil Qaliboğlu
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53