Qırmızı imperiyanın qara oyunları
14:21 28-02-2014
SİYASƏT
Qırmızı imperiyanın qara oyunları
1988-ci il fevralın 27-də Sumqayıtda baş vermiş hadisələr sonradan nə qədər təhrif olunsa da, əsl həqiqət unudulmur. Faktlar, rəqəmlər bütün yalanları, böhtanları üstələyir, şayiələrə son qoyur. Hələ o vaxtlar Yerevanda nəşr olunan "Sumqayıt... Genosid... Aşkarlıq..." kitabı başdan-başa böhtan və iftira toplusuna çevrilmişdi. Kitabda şişirdilmiş rəqəmlərlə, uydurma yalanlarla dünya ictimaiyyətini çaşdırmağa çalışır, faktları bilərəkdən və qəsdən təhrif edirdilər.
1988-ci il 30 mart tarixli sayında "İzvestiya" qəzeti belə bir sərlövhə ilə yazı dərc etmişdi: "Sumqayıt: istintaqa şayiələr mane olur". Həqiqətən də yalanlar o həddə çatmışdı ki, bu yazıları yalnız xəstə təxəyyülün nəticəsi saymaq olardı. Bir faktı deyək: guya Sumqayıtda həmin gecə min nəfərə qədər adam öldürülüb. Əsl həqiqət isə istintaqın nəticələrində belə araşdırılıb: Sumqayıtda iğtişaşlar nəticəsində müxtəlif millətlərdən olan 32 adam, o cümlədən 26 erməni həlak olmuş, 400-dən çox insan bədən xəsarəti almış, 200-dən artıq mənzil talan edilmiş, 50-dən çox mədəni məişət obyekti dağıdılmış, 40-dan çox avtomobil yandırılmış, bir sözlə, şəhərə o vaxtın qiymətləri ilə 7 milyon rubl və ya 10 milyon Amerika dolları məbləğində ziyan vurulmuşdur. SSRİ Baş Prokurorluğu həmin cinayəti araşdırarkən 444 nəfər məhkəmə qarşısında cavab verməli olmuş, 400 nəfər isə 10-15 sutka təcridxanada saxlanılmışdır. Bir nəfər - Əhməd İman oğlu Əhmədov ən yüksək cəzaya - ölüm cəzasına məhkum olunmuşdur. Bu hökmü ermənilərin təkidi ilə tez-tələsik Moskvada yerinə yetirmişdilər...
Ermənistan rəhbərləri Sumqayıt hadisələrindən məqsədləri üçün gərəkli bir kart kimi istifadə edir, azərbaycanlıları vəhşi, quldur, qaniçən bir millət kimi dünya ictimaiyyətinə tanıtmaq istəyirdilər. Onların təbliğat maşını bu yolda nə qədər canfəşanlıq göstərsə də, yalanlara, böhtanlara üstünlük versələr də, əsl həqiqətlər hər şeyi üzə çıxartdı. Hadisələr təhlil olunarkən bəlli oldu ki, Sumqayıta xaricdən ezam olunmuş Artaşes Qabreliyan adlı bir erməni jurnalisti videokamera ilə bəzi məqamları lentə alıb, onları istədiyi kimi montaj etdikdən sonra xarici telekanallarda nümayiş etdirib. Qəfildən baş verən ixtişaşların mərkəzində necə peyda olmaq olardı? SSRİ kimi qapalı dövlətdə bu, mümkün deyildi. Sonralar bir fakt da üzə çıxır. Məlum olur ki, hadisələrdən bir neçə gün əvvəl 100-dən çox saqqallı və qara gödəkçəli erməni ekstremistləri Sumqayıta göndərilib, onlar şəhərin "Dalğa" və "Sumqayıt" mehmanxanalarında gecələyiblər. Əhali arasında təbliğat aparır, gəncləri və azyaşlıları məkrli niyyətlərinə qoşurdular. Bu yolda onlara hər cür şirnikdirici vədlər verir, pul paylayırdılar.
Sumqayıt hadisələrinin nəticələri təhlil olunarkən yenə azərbaycanlıları günahkar çıxarmaq üçün hər cür siyasi hiylələrə əl atırdılar. İş o yerə gəlib çatmışdı ki, Serqo Xanzadyan, Zori Balayan və Silva Kaputikyan hadisələrin sabahı günü dərhal M.Qorbaçovla görüşməyə macal tapmışdılar! Elə bu görüşlərin nəticəsi olaraq Azərbaycanda kütləvi həbslər başladı. Həmin hadisələrə görə 400-dən çox azəprbaycanlı həbsxanalara dolduruldu. Günahsız adamlar işgəncələrə, təqiblərə məruz qaldılar. O vaxtlar 15 yaşı olan Azər Babayev aldığı ağır zədədən bu gün də əlil kimi əziyyət çəkir. Həmin günləri Azər belə xatırlayır: "1988-ci il mart ayının 1-də əmimgildən gəlirdim. Komendant saatına nəzarət edən əsgərlər məni saxlayıb sənəd tələb etdilər. Onda cəmi 15 yaşım vardı. Dedim ki, pasport almağa yaşım çatmır. Mənim bu cavabım onların xoşuna gəlmədi. Əli dubinkalı beş əsgər məni qəddarlıqla döydülər. Həmin vaxtdan 26 il ötsə də, hələ də şikəstliyim sağalmayıb, əliləm..."
O günlər Sumqayıtda belə hadisələr tez-tez olurdu. "Xilaskar" sovet ordusunun əsgərləri vəhşiliklər törətməyə adət etmişdilər. İmperiyanın dağıdıldığı ərəfədə elə bil onlar son güclərini Azərbaycanda sınayırdılar...
Hələ 1988-ci ilin iyununda SSRİ Ali Sovetinin iclasında Mixail Qorbaçov demişdi ki, qoşunlar Sumqayıta bir saat gecikmişdi. Amma onun bu fikri tamamilə yalan idi. Özü də o vaxtlar SSRİ müdafiə naziri olmuş Yazov "Sumqayıtın əks-sədası" sənədli filminə verdiyi müsahibəsində M.Qorbaçovun bu fikirlərini açıq-aşkar təkzib edir. Filmin ssenari müəlliflərindən biri, jurnalist Eyruz Məmmədov xatirələrində belə yazır: "Dmitri Yazov tam ciddiliyi ilə bizə bildirdi ki, sovet ordusu heç bir vaxt heç bir yerə gecikməyib. Baş komandanın əmri olmadan komendant saatı elan etməyə, əsgərlərin silah işlətməyə, güllə atmağa ixtiyarı yoxdur". Deməli, hər şey planlı şəkildə həyata keçirilib, ali baş komandanın əmri yerinə yetirilib. Sonradan çox şeyləri təkzib etmək, günahkar axtarışına çıxmaq isə izi azdırmağa yönəldilən cəhdlərdir. Əlbəttə, bütün bunlar qırmızı imperiyanın qara oyunları idi...
Azərbaycan haqqında mənfi imic yaratmaq üçün erməni ideoloqları az qala bir-biri ilə yarışırdı. Onlar xaricdə nəşr olunan kütləvi informasiya vasitələrində azərbaycanlıların ünvanına yalan və böhtanlar uydururdular. Dünya mətbuatına yol tapan yazılar gündən-günə çoxalırdı. Belə bir fakt diqqəti cəlb edir: Sumqayıt hadisələrindən cəmi üç-dörd gün sonra Xankəndidə bu hadisələrdə həlak olmuş ermənilərin şərəfinə xatirə abidəsi ucaldılır. Deməli, hər şey öncədən planlaşdırılmışdı. Axı, iki-üç günə abidənin hazırlanması ciddi şübhə doğurur! "Sumqayıt... Soyqırımı... Aşkarlıq..." adlı kitab da ən qısa müddətdə 50 min tirajla Yerevanda rus dilində çap olunub dünya ictimaiyyətinə çatdırıldı. Hadisələri xronoloji ardıcıllıqla izləyəndə Sumqayıtda baş verənlərin ermənilərə əvvəlcədən məlumat verildiyi bəlli olur. İstintaqda bunu təsdiq edən xeyli sübutlar aşkara çıxarılıb. Məlum olub ki, hələ 1988-ci il yanvarın 1-dən fevralın 25-dək Sumqayıtda yaşayan ermənilərin çoxu əmanət kassalarında saxladıqları pulları asanlıqla çıxarıb. Hətta istintaq sənədlərində həmin pulun məbləği də göstərilib: 8 milyon 343 min 691 rubl. Sonra həmin pulların bir hissəsi Yerevana - "Krunk" təşkilatının hesabına köçürülüb, bir hissəsini isə Rusiyanın müxtəlif şəhərlərinə köçən ermənilər özləri ilə aparıblar. Deməli, baş verəcək hadisələr barədə onların ilkin məlumatı olub. Ona görə də şəhəri tərk edənlər tələm-tələsik evlərini dəyişməyə də macal tapdılar.
Sumqayıt hadisələrindən sonra Ermənistanda antiazərbaycançı şəbəkə ciddi işə başladı, mətbuatda şər və böhtan dolu yazılara geniş yer verildi. Bütün bunların qarşısını almaq, əsl həqiqətləri ortaya çıxarmaq üçün həm vaxt, zaman tələb olunurdu, həm də güclü siyasi liderə ehtiyac vardı. 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Sumqayıt hadisələrinə də bir aydınlıq gətirdi. Hadisələrin başvermə səbəbləri ardıcıllıqla araşdırıldı. Bir daha sübut olundu ki, belə təcavüzlər, terror və iğtişaşlar tarixin müxtəlif dönəmlərində ermənilərin gen-bol istifadə etdikləri xəyanət üsuludur. "Böyük Ermənistan" xülyası ilə yaşayanlar məqam tapan kimi ölkəmizə qarşı ərazi iddiaları qaldırır, bu niyyətlərinə çatmaq üçün hər cür iyrənc üsullara əl atırlar. Amma illər ötsə də, nə tarixi faktlar dəyişir, nə də sübutlar, dəlillər köhnəlir.
Mehdi
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35