Millətlərarası münasibətlərin inkişafı və Xocalıya ədalət
14:23 28-02-2014
SİYASƏT
Millətlərarası münasibətlərin inkişafı və Xocalıya ədalət
Dünya birliyi artıq Azərbaycan tolerantlığını qəbul edir
Xocalı soyqırımının 22 illiyi tək Azərbaycanda yox, dünya xalqları və dövlətləri tərəfindən də xüsusi olaraq yad edildi. Demək olar ki, hər yerdə insanlar Xocalıda baş verən gerçəklikləri olduğu kimi görə bildilər və Ermənistan ciddi şəkildə qınaq obyektinə çevrildi. Təsəvvür edin ki, erməni lobbisinin güc nümayiş etdirdiyi ABŞ-da 20 ştat Xocalı soyqırımını qəbul etdi.
Sözsüz ki, bu, Ermənistanı və erməni lobbisini ciddi narahat edir. Çünki bir tərəfdən erməni vəhşiliyi dünyaya tanıdılır, bir tərəfdən qondarma erməni “soyqırım”ı gündəmdən çıxır, digər tərəfdən isə Azərbaycan uğurlu millətlərarası münasibətlərin inkişafı siyasətini həyata keçirtməklə bir inteqrasiya prosesini reallaşdırır. Heydər Əliyev Fondunun “Xocalıya Ədalət!” kampaniyası bu işdə mühüm rol oynadı. Fond həm souyqırımı dünyaya tanıtmağa başladı, həm də Azərbaycan xalqının kimliyini dünya xalqlarına nümayiş etdirdi. Məhz millətlərin bir-birini tanıması, bir-birinin mədəniyyətini həzm etməsi o deməkdir ki, həm də yaşadığı tarixi olduğu kimi qəbul edirlər. Bu baxımdan Azərbaycan hakimiyyətinin, prezident İlham Əliyevin millətlərarası münasibətlərin inkişafı ilə bağlı həyata keçirdiyi siyasət xüsusi olaraq qeyd olunmalıdır.
Millət vəkili Çingiz Qənizadə də “Unikal”a verdiyi açıqlamada Azərbaycanın milli-dini tolerantlıq siyasətini, millətlərarası münasibətlərin inkişafına verdiyi töhfəni ən mükəmməl siyasət kimi dəyərləndirdi: “Qeyd etmək istəyirəm ki, cənab prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin nəticəsi olaraq belə uğurlara imza ata bilirik. Cənab prezident Dağlıq Qarabağ problemində, Xocalı soyqırımı məsələsində çox həssasdır və bu həssaslığın məntiqi nəticəsi olaraq Azərbaycan həm də millətlərarası münasibətlərin inkişafında uğurlar qazana bilir. Bu gün dünya xalqları artıq Azərbaycan xalqını tanıyır, bizlərin nə cür bir toplum olduğumuzu görürlər və buna cavab olaraq dostluq addımımıza dostluqla cavab verirlər. Bu gün Xocalı soyqırımının dünyada qəbul olunmasının da başlıca səbəbi məhz millətlərarası münasibətlərin inkişafıdır. Hazırda biz Sumqayıt kerçəkliklərinin də dünyaya tanıdılmasına başlamışıq və bilirik ki, burada da uğurlara imza ata biləcəyik. Ümumiyyətlə, bunu da xüsusi olaraq qeyd etmək lazımdır ki, bizim kənar dövlətlərə, xalqlara yanaşmağımızın kökündə elə tolerant olmağımız, millətlərə qayğı ilə yanaşmağımız durur. Bu gün Ermənistanda ermənilərdən başqa heç kəsi tapmaq mümkün deyil. Amma bizdə onlarla xalqlar yaşayır və münasibətlər ən yüksək səviyyədədir. Xocalı faciəsinin ildönümündə də gördünüz ki, Azərbaycanda yaşayan xalqlar eyni ağrını çəkirdilər. Çünki bizlərin ağır və xoş günləri bir yerdədir. Artıq biz bir xalq kimi formalaşmışıq və bu da əldə etdiyimiz ən böyük uğurdur. Bunları bir daha cəmləşdirərək demək istəyirəm ki, Xocalı faciəsinin dünya xalqları tərəfindən qəbul olunması prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətlə birbaşa bağlıdır. Azərbaycan bu gün dünyaya millətlərarası münasibətlərin inkişafı ilə bağlı öz uğurlu modelini təqdim edib və nəticələr də ortadadır. Sonda mühüm bir məsələyə də toxunmaq istəyirəm. Bu günlərdə Avropa Parlamentinin toplantısında iştirak edirdik və bəzi deputatlar bizə yaxınlaşaraq Azərbaycanda milli azlıqların problemlərinin olması ilə bağlı xəbərlər aldıqlarını bildirdilər. Sözsüz ki, bu cür saxta məlumatları müəyyən qüvvələr gündəmə gətirir və bunun qarşısını hamımız bir yerdə almalıyıq”.
Maraqlı bir məqam isə bdur ki, nədən indiyə qədər dünya xalqları Xocalı soyqırımını olduğu kimi qəbul edə bilmirdilər?
“Unikal”a açıqlama verən psixoloq Türkan Azad hesab edir ki, bu cür məsələlərdə siyasətlə yanaşı inam faktoruda mühüm rol oynayır: “Bilirsiniz, insan psixologiyası bunu tələb edir ki, sən inandığın insanın sözünə önəm verəsən. Öncələr erməni lobbisi elə bir hörümçək toru qurmuşdu ki, Azərbaycan xalqı öz həqiqətlərini belə qəbul etdirə bilmirdi. Amma son illər tamam fərqli siyasətin nəticəsini görürük. Bu nədir? İstər prezident İlham Əliyev səviyyəsində, istər Heydər Əliyev Fondu səviyyəsində həyata keçirilən siyasətin sayəsində bir məsələ durur: dünya xalqlarına Azərbaycan xalqını tanıtmaq. Baxın, Heydər Əliyev Fondu əksər Avropa ölkələrində Azərbaycan mətbəxi, mədəniyyəti, musiqisi ilə bağlı çoxsaylı seminarlar, konfranslar təşkil edir. İlk baxımdan sual oluna bilər ki, bunlar nə üçündür? İndi suala cavab alınır. Aydın olur ki, Heydər Əliyev Fondu öncə Azərbaycan xalqını dünya xalqlarına tanıtmağa başladı.Bu isə millətlərarası münasibətlərin inkişafında əsas rüşeymdir. Qarşıdakı tərəf isə bu qədər zəngin mədəniyyətə malik olan bir xalqın vəhşilik etməsinə artıq inanmadı. Biz bu inamı bərpa etdik. Və bundan sonra bu xalqlar da reallığı görməyə başladılar. Psixologiyada ünsiyyət mövzusunun kökündə hər zaman bir məsələ durub: qarşılıqlı inam və etibar. Bu gün Azərbaycan istər mədəni, istər iqtisadi, istər siyasi baxımdan dünya dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunur və deməli, nəticələrdə istədiyimiz kimi olacaq”.
Maraqlı bir məqama da baxaq. Bir neçə il öncəyə qədər Azərbaycan tarixini saxtalaşdıran, mətbəxini oğurlayan, Azərbaycan xalqı haqqında böhtanlar yağdıran ermənilər bu gün çıxılmaz vəziyyətə düşüblər. Çünki hər gün Azərbaycan xalqı ilə dünya xalqlarının təması artır və bu toplumun nə qədər tolerant bir xalq olduğu ortaya çıxır. Zaman-zaman xarici ölkələrdə konsertlərdə, festivallarda iştirak edən xalq artisti Mənsum İbrahimov “Unikal”a açıqlamasında Azərbaycan musiqisinin, muğamının millətlərarası münasibətlərin inkişafına nə qədər müsbət təsir etdiyini maraqlı faktlarla izahladı: “Biz 3 il öncə Danimarkada ciddi bir festivalda iştirak edirdik. Festivala gələn qonaqların sayı iki min olardı. Başqa xalqların iştirakından sonra “Qarabağ Muğam Qrupu” olaraq biz səhnəyə dəvət olunduq. 45 dəqiqəlik çıxışımızdan sonra sonda “Qarabağ şikəstəsi”ni oxuyub bitirdik. Bütün zal ayaq üstə idi və bir danimarkalı jurnalist səhnəyə qalxaraq Azərbaycan bayrağını götürüb öpdü və bildirdi ki, “Mən Azərbaycan xalqı, musiqisi qarşısında baş əyirəm. Gördüyünüz kimi, musiqinin gücü ilə insanlar Azərbaycanın nə qədər alicənab bir xalq olduğunu açıq şəkildə görə bilir. Və yaxud bir il öncə Latviyada çıxış etdik və sonda “Qarabağ şikəstəsi”ni yenə oxudum. Latviya prezidenti bizi qəbul etdi və bu mahnı ilə maraqlandı. Mən isə Qarabağla bağlı, bu musiqi ilə bağlı izahat verdim və o, sadəcə olaraq, bildirdi ki, bu, yer musiqisi deyil, kosmos musiqisidir. Sözsüz ki, bu, bütövlükdə Azərbaycan musiqisinə verilən bir qiymətdir. Buna görə də hesab edirəm ki, Azərbaycan musiqisi həm də bir diplomatiyadır, millətlərin bir-birinə qovuşması,millətlərarası münasibətlərin inkişafı və bununla da Azərbaycan reallıqlarının dünyaya tanıdılmasıdır”.
Qeyd etmək lazımdır ki, bu gün Azərbaycanın həyata keçirtdiyi bu siyasət, millətlərarası münasibətlərin inkişafında mühüm rol oynaması erməni lobbisini də çıxılmaz duruma salıb. Artıq qondarma erməni “soyqırımı” ilə dünyanı aldada bilməyəcəklərini görür və yeni prinsiplərlə çıxış edə bilmirlər. Bunun nəticəsində bir tərəfdən erməni diasporunda ciddi parçalanmalar baş verir, digr tərəfdən isə təklənmə qorxusu ilə üz-üzə qalıblar.
Sosioloqlar hesab edirlər ki, Ermənistan, erməni lobbisi Azərbaycan informasiya blokadasında olanda özləri ilə bağlı bir mif yaratmışdılar. Amma Azərbaycanın son on il ərzində həyata keçirtdiyi siyasət nəticəsində informasiya blokadasını tamamilə sıradan çıxara bildi və dünya xalqları ilə birbaşa təmaslar yarandı. Bu isə gizlədilən reallığın ortaya çıxması demək idi.
Beləliklə, bu gün hesab etmək olar ki, Xocalı faciəsinin dünya xalqları tərəfindən qəbul olunması tək bir faciəyə üzülmək deyil, eyni zamanda Azərbaycan xalqına bir inam və bir dəstəkdir. Azərbaycan isə millətlərarası münasibətlərin inkişafı istiqamətində səylərini davam etdirməkdə və hucum diplomatiyasının gücü ilə hədəfləri əldə etməkdədir.
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35