Supermarketlərdə bizi kimlər soyur?
14:27 28-02-2014
İQTİSADİYYAT
Supermarketlərdə bizi kimlər soyur?
Bakı supermarketlərində qiyməti qaldıran gizli oyunların daha bir variantı ortaya çıxdı
Bakı supermarketləri heyrətləndirməkdə davam edir - bəzi böyük supermarketlərdə alçanın 1 ədədini 7 manata, gilasın kiloqramını isə 53 manata təklif edirlər. İndi bu cür əlyandıran malların alıcısı var, yoxdur, bu, ayrı məsələdir, amma hər halda bu məlumat zaman-zaman xəbər portallarının gündəminə çıxır.
Və xəbər sensasiyasının arxasında bir həqiqət yada düşmür - son bir neçə ildə Bakı supermarketlərində gündəlik tələbat mallarının qiyməti orta hesabla 15-20% bahalaşıb. Məsələn, 3-4 il qabaq 100 qramlıq qutusu 77 qəpiyə təklif edilən yerli çay indi orta hesabla 1 manat 10 qəpikdən satılır, kiloqramı 3 manat 50 qəpikdən olan buzlu balığın qiyməti isə 4 manat 20 qəpiyə qalxıb. Yəni bu cür bahalaşma əksər kütləvi tələbat malları ilə müşahidə edilir.
“ans press”in araşdırmasına görə, bu bahalaşmada bütün xarici və daxili amillərlə yanaşı supermarketlərin idarəçilərinin də rolu var. Supermarketlərdə malların qəbulu və piştaxtalara yerləşdirilməsində tətbiq edilən qeyri-rəsmi qaydalar malların bahalaşmasında xüsusi stimulyator rolunu oynayır. Bu sektorda yaxından bələd olanların sözlərinə görə, indi yeni malı supermarketlərə yerləşdirmək çətin məsələdir və bunun da ayrıca xərci var. Yəni bu məsələ nə malın keyfiyyət sertifikatının olmasından, nə müsbət özəlliklərindən, nə də qiymətinin ucuz olmasından asılı deyil. Malı heç kreditə də supermarketə yerləşdirmək mümkün deyil. Bunu etmək istəyən iş adamları “Bizdə butun dolablar tutulub” cavabı ilə üzləşirlər.
Bu məsələdə ən böyük mübarizə saqqız, şokolad, siqaret və qəhvə kimi qiymətdə ağır, vəzndə yüngül malların yer aldığı kassayanı piştaxtalarda gedir. Məsələyə yaxın olan adamların dediyinə görə, Bakının bəzi iri marketlərində yeni malın həmin piştaxtalara yerləşdirilməsi üçün iş adamları 5 min manata yaxın pul ödəməlidirlər, bunun aylıq ödənişi isə 500 manata yaxın tutur. Yeni mal gətirən sahibkarlar da bununla razılaşırlar, yəni mal satılmaqla yanaşı həm də tanınır.
Supermarketlərin içəri piştaxtalarında da bu cür qiymət fərqləri var, yəni malı orta (göz səviyyəsində) piştaxtlara yerləşdirmək üçün daha çox pul xərcləmək lazımdır. Əks halda malı aşağı və yuxarı piştaxtalara qoya bilərlər ki, bu da onun satış imkanlarını xeyli aşağı salır. Təchizatçı şirkətlərin supermarketə ödəydiyi bu qeyri-rəsmi xərclər təbii ki, satılan malın qiymətinin üzərinə yüklənir və yavaş-yavaş bazarda qiymətləri qaldırır. Beləliklə, istehlakçının cibindən çıxarılan xeyli gəlir vergi nəzarətindən kənar şəkildə ayrı-ayrı işbazların cibinə gedir.
Azərbaycan Azad İstehlakçılar Birliyinin (AAİB) araşdırmasına görə, supermarketlərdə qiymətlərin qalxmasında bununla yanaşı malların satışa çıxarılmasına qədər bəzi qurumlara ödənilən qeyri-rəsmi xərclərin artmasının, həmçinin inhisarçı durumda olan istehsalçı qruplaşmaların öz aralarında bağladıqları kartel sövdələşmələrinin də payı var. “Təsadüfi deyil ki, bu il Azərbaycanda dünyanın heç bir yerində baş verməyən bir hadisə qeydə alındı - bazarda çiyələyin 1 dənəsi 7 manata, alçanın bir dənəsi 11 manata satıldı. Bu, Azərbaycan tarixində də heç vaxt olmamışdı”,- deyə AAİB sədri Eyyub Hüseynov bildirib.
Onun sözlərinə görə, qiymət artımında rol oynayan başqa amil həm də supermarketlərin piştaxtasında göstərilən qiymətlə kassada vurulan qiymət arasında fərqin olmasındadır: “Alıcı piştaxtada qiyməti aşağı görür və alır, nadir hallarda kassa qəbzlərində qiymətin yüksək olmasına fikir verir. Bu da qiymət artıran amildir. Alıcı kassada vurulan qiymətin yüksək olduğunun fərqinə varanda da, ona “Bağışlayın, indi qiymətlər artıb, piştaxtadakı lövhəni dəyişməyi unutmuşuq” deyirlər. Beləcə, alıcı qiymətin qaldırılmasına alışmış olur”.
AAİB sədrinin sözlərinə görə, inhisarçılıqla və kartel sövdələşmələri ilə bağlı məsələ artıq dövlətin də diqqətindədir: “Ölkə başçısı 16 yanvar 2014-cü il tarixdə ərzaq və kənd təsərrüfatı malları bazarı ilə bağlı imzaladığı sərəncamda artırılmış qiymətlər məsələsinə toxunub. Sərəncamda artırılmış qiymətlərin mövcudluğu, bunların qarışsının alınması gündəmə gətirilib və yəqin ki, müvafiq qurumlar bununla bağlı tədbirlər görəcəklər”.
Eyyub Hüseynov supermarketlərdə gedən “dolab alveri”ni isə supermarketlərdə ticarətin beynəlxalq ticarət qaydalarına uyğun qurulmaması ilə bağlayır: “Bu gün supermarket sahiblərinin qəbuluna düşmək çox çətin məsələdir, supermarket sahibləri piştaxtaları “satırlar”, yəni qeyri-rəsmi şəkildə icarəyə verirlər və əldə etdikləri vəsait heç yerdə qeydə alınmır. Və burda bir növ hərrac gedir. Biri deyir ki, “bəs, mən bal satmaq istəyirəm”. Supermarket sahibi deyir ki, “gəl sat, piştaxtanın qiyməti bu qədərdir”. Başqa biri isə gəlir ki, “mən də bal satmaq istəyirəm, həmin piştaxtanı mənə ver, daha artıq pul verirəm”. Beləcə, burda hərrac gedir, qiymətlər qalxır. Nazirlər belə indi supermarket sahiblərinə təsir etmək imkanına malik deyillər”.
AAİB sədri bildirir ki, başqa ölkələrdə bu cür məsələlər çoxdan nəzərə alınıb və mallar kateqoriyaya görə bölünüb - göz səviyyəsində, göz səviyyəsindən aşağı və göz səviyyəsindən yuxarı yerləşdirilə biləcək mallar müəyyənlişdirilib. Yəni bütün supermarketlər malları bu qaydalar əsasında yerləşdirməyə məcburdurlar. “Türkiyədə də “dolab alveri” mümkün deyil. Orada supermarketlərin quruluşu barədə xüsusi standartlar qəbul edib və düzülmə mal çeşidinin tam təmin oluması ilə aparılmalıdır. Yəni malların düzülüşündə rəqabət mühiti təmin edilməlidir. Bizdə də bu standartların qəbulu vacibdir”,- deyə Eyyub Hüseynov vurğulayır.
Qeyd edək ki, Qərbdə çoxdan ticarət nöqtəsində alıcının seçiminə təsir göstərmək üçün merçandayzinq üsulları tətbiq edilir. Bu üsullara görə, eyni məhsulun ən yaxşı satışı göz səviyyəsində yerləşdirilən dolablarda gedir. Yəni məhsul göz səviyyəsində yerləşdirilən dolabda 100 faiz satılırsa, ən yüskək dolabda orta hesabla 59 faiz, ən aşağı dolabda isə 71 faiz səviyyəsində satılır. Təbii ki, bütün bunlar satışa təsir edir və eyni çeşidli mallar eyni səviyyəli dolablarda yerləşdirilməlidir. Və hansı dolablara hansı malların yerləşdirilməsi illərin sınağından çıxmış beynəlxalq təcrübə əsasında standartlaşdırılmalıdır.
Çingiz Rüstəmov
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53