Ziya Məmmədovdan şok qərar
12:37 01-03-2014
İQTİSADİYYAT
Ziya Məmmədovdan şok qərar
Ölkədə "taksi üsyanı" baş qaldıra bilər
Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyi şok qərar verib. Həmin qərara görə, ölkədə taksi fəaliyyəti ilə məşğul olan bütün avtonəqliyyat vasitələrinə sayğac quraşdırılacaq".
Bu barədə qərarı Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov dünənki açıqlamasında təsdiqləyib. Onun sözlərinə görə, taksi fəaliyyəti ilə məşğul olmaq üçün tək lisenziya keçərli deyil. Lisenziya alan şəxs avtonəqliyyat vasitəsini pos-terminalla və sayğacla təmin etməlidir. Bundan sonra sərnişinlər ödənişi nəğd pulla yanaşı plastik kartlarla da edə biləcəklər.
Nazirlik rəsmisi deyib ki, yeni qaydalar tam tətbiq olunandan sonra hər kəs taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək: "Eyni zamanda lisenziya nömrəsi həmin taksi kimi fəaliyyət göstərən avtonəqliyyat vasitəsinin üzərinə yapışdırılmalıdır. Həmin yazı xüsusi formada dizayn olunmalıdır ki, digər maşınlardan fərqlənsin. Lisenziyasız fəaliyyət göstərən taksilər 100 manat, lisenziya şərtlərini pozanlar isə 50 manat məbləğində cərimə olunur. Eyni zamanda qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olursa və ya istifadə etdiyi nəqliyyat vasitəsi standartlara cavab vermirsə, o zaman həmin şəxslər taksi fəaliyyətindən kənarlaşdırılır".
Əvvəllər ölkədə 20-25 min şəxs taksi fəaliyyəti ilə məşğul olduğunu, hazırda bu rəqəmin 10-15 minə endiyini deyən Namiq Həsənov bildirib ki, paytaxtda bu göstərici 5 minə yaxındır: "Vergilər Nazirliyi ilə danışıqlar aparmışıq ki, yeni sayğac sistemi tətbiq edildiyi zaman müəyyən vergi ödəmələri həyata keçiriləcək. Hazırda sadələşdirilmiş vergi sistemindən istifadə edilir. Amma sayğac quraşdırıldıqdan sonra orda vergi hesablamaları görünəcək. Hələ ki, taksilərdə bu sistem tətbiq edilməyib".
Yeni sistemə 2015-ci ildə ölkəmizdə baş tutacaq Avropa Yay Olimpiya Oyunlarınadək keçiləcək. Bu sistemə keçidin də məhz həmin tədbirlə əlaqəli olduğunu güman etmək mümkündür.
Xatırladaq ki, məlum qərar nəqliyyat naziri Ziya Məmmədovun taksi nəqliyyatı ilə bağlı son iki ildə ikinci radikal addımıdır. Belə ki, iki il bundan əvvəl - 2012-ci ildə Nəqliyyat Nazirliyi sovet istehsalı olan avtomobillərin taksi kimi fəaliyyətinə qadağa qoydu. Bunun ardınca Nəqliyyat Nazirliyi kütləvi reydlərlə həmin taksiləri sıradan çıxarmağa başladılar.
Buna etiraz edən sürücülər isə bir neçə dəfə etiraz aksiyalarına əl atdılar, onların arasında ən kütləvisi isə "Neftçilər" metrostansiyasının yaxınlığında keçirildi. 300-dən çox sürücünün qatıldığı aksiyada etirazçı taksi sürücülərinə qarşı kobudluq edildi.
Həmin vaxt bildirilirdi ki, "Sovet maşınları" kimi tanınan avtomobillərlə vətəndaşlara taksi xidməti göstərməyin yasaqlanması minlərlə ailəni çörəksiz qoyacaq. Adi dolanışıq imkanından məhrum olan sürücülər Ziya Məmmədovun bu addımının sərnişindaşıma sahəsini inhisara almaq, ölkəyə gətirilmiş bahalı taksi maşınlarına əlverişli bazar tapmaq məqsədi daşıdığını düşünürdülər.
Eyni etirazların Nəqliyyat Nazirliyinin bu sonuncu gözlənilməz qərarı ilə də yaşanacağı istisna edilməməlidir. Nazirliyin qərarı onsuz da ailələrinə güc-bəla ilə çörək qazanan on minlərlə taksi sürücüsünü olduqca çətin vəziyyətlə üz-üzə qoyacaq.
Qeyd edək ki, Ziya Məmmədovun ölkədə taksi inhisarçılığı yaratmaq istəməsi barədə mətbuatda dəfələrlə yazılıb. İddia edilir ki, nəqliyyat naziri ölkədə taksi xidmətini özünə yaxın iş adamı olan Hafiz Məmmədova məxsus şirkətin nəzarətində cəmləşdirmək istəyir.
Belə ki, xaricdən taksi və avtobuslar alınması və yolların çəkilməsi kimi bahalı dövlət sifarişləri rəqabətsiz, tendersiz şəraitdə H. Məmmədovun prezidenti olduğu "Baghlan Group"a həvalə edilir. "Baghlan Group"un vebsaytında prezident Hafiz Məmmədov şirkətin nəqliyyat sektorundakı rolu haqqında bunları yazır: "Bizim fəaliyyətimizin başlıca məqsədlərindən biri - ölkənin nəqliyyat infrastrukturunun yaxşılaşmasına, ictimai nəqliyyatın optimallaşdırılmasına nail olmaqdır". Əslində isə burada söhbətin nəqliyyat sistemində, o cümlədən taksi xidmətində monopolist mövqelərə sahiblənməkdən getdiyini bilmək çətin deyil.
Böyük ehtimalla Nəqliyyat Nazirliyinin son qərarı da elə bu istiqamətdə atılmış növbəti addımdır. Həmin addımın çoxminlik taksi sürücüləri tərəfindən necə qarşılanacağını isə zaman göstərəcək.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53