Mikayıl Cabbarov "müəllim qiyamı" yetişdirir
12:06 04-03-2014
İQTİSADİYYAT
Mikayıl Cabbarov "müəllim qiyamı" yetişdirir
Azərbaycan Müəllimlər İnstitutunun filiallarının bağlanması haqda söhbətlər pedoqoji kollektivi ayağa qaldıra bilər
Azərbaycan Müəllimlər İnstitutunun filiallarında aşkarlanmış nöqsanlarla bağlı start götürən istintaqın ardınca Təhsil Nazirliyinin 4 filiala tələbə qəbulunun dayandırılmasını bəyan etməsi narahatlıq doğurub. Belə ki,Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, növbəti tədris ili üçün (2014-2015) Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) 4 filialına tələbə qəbulu planlaşdırılmır. Bunlar AMİ-nin Gəncə, Sumqayıt, Mingəçevir və Salyan filiallarıdır.
Nazirlik qeyd edib ki, ciddi qanun pozuntularının aşkarlandığı Gəncə filialı da daxil olmaqla AMİ-nin heç bir filialı ləğv olunmayıb. Sadəcə olaraq, bu ildən qeyd olunan filiala tələbə qəbulu planlaşdırılmayıb. Bununla belə nazirlikdən verilən açıqlamada yaxın gələcəkdə filialların ləğv oluna biləcəyinə də açıq eyham vurulub: "AMİ-nin hər hansı filialının fəaliyyəti dayandırıldığı halda, orada çalışan əməkdaşların işlə təmin olunma məsələsi qanunvericiliyə uyğun həll ediləcək".
Göründüyü kimi, AMİ-nin ən azı hələlik tələbə qəbulunun rəsmən dayandırıldığı 4 filialının tamamilə bağlanması heç də istisna olunmur. Bu isə həmin filiallarda işləyən pedoqoji kollektivin faktiki olaraq işsiz qalması anlamına gələ bilər. Düzdür, Təhsil Nazirliyi belə bir ehtimalın reallaşacağı halda həmin filiallardakı əməkdaşların qanunvericiliyə uyğun olaraq işlə təmin olunacağı vədini verir. Amma hər kəsə aydındır ki, bu vədin yerinə yetiriləcəyi o qədər də mümkün deyil. Tutaq ki, AMİ-nin Gəncə filialının fəaliyyəti dayandırıldı. O zaman işçilərin böyük əksəriyyətinin məhz Gəncə şəhərində yaşadığı kollektivin elə Gəncə şəhərində də işlə təmin edilməsi nə qədər real görünür. Axı, Gəncədəki digər ali məktəblərdə ümumiyyətlə vakansiya yoxdur və ya olsa belə bu vakansiya bütün işsizlər ordusunu təmin edəcək qədərində deyil. Gəncədə yaşayan həmin insanlara ölkənin digər bölgələrində iş təklif etmək isə faktiki olaraq elə onlara iş təklif etməmək anlamına gələ bilər. Hər halda belə bir təklif olunacağı təqdirdə kollektivin bunu qəbul edə biləcəyi də mümkünsüz görünür. Bu eyni zamanda fəaliyyətinin ləğvinə hazırlaşılan digər filiallar üçün də keçərlidir.
Belə olan təqdirdə isə yüzlərlə müəllimin işsiz qalması anlamına gələ bilər. Hazırda AMİ-nin filiallarında çalışan əməkdaşlar da məhz bu arzuolunmaz perspektivdən narahatdırlar. Onların narahatlığı isə təkcə filialların ləğv olunacağından deyil. Lap həmin filiallar ləğv olunmasa belə bu il oraya tələbə qəbulunun reallaşdırılmaması olduqca böyük mənfi təsirə malik olacaq. Bu o deməkdir ki, növbəti tədris ilində bütün fakültələr üzrə birinci kurslar olmayacaq və bu təbii olaraq həmin filiallarda çalışan müəllim-professor heyətinin dərs saatlarının aşağı düşəcəyini şərtləndirir. Qəbul qadağasının təkcə növbəti tədris ili ilə məhdudlaşıb-məhdudlaşdırılmaması isə müəmma olaraq qalmaqdadır. Bu müammalı situasiya isə AMİ-nin filiallarında çalışanların bir nömrəli probleminə çevrilməkdədir.
"Unikal" qəzetini məlumatlandıran mənbənin sözlərinə görə, həmin filiallardakı müəllimlərin baş verənlərlə bağlı ölkə rəhbərliyinə xüsusi müraciət ünvanlayacağı bildirilir. Həmin müraciətdə saxtakarlığa yol verənlərin cəzalandırılması yönündəki tədbirlər təqdir olunmaqla yanaşı bundan istifadə edərək filialların çökdürülməsinin yolverilməz olduğu vurğulanacaq.
Göründüyü kimi, təhsil naziri Mikayıl Cabbarov ölkədə "müəllim qiyamı" yetişdirməklə yeni bir narazılıq ocağı yaratmaqdadır. Həmin "ocağın" kimləri yandıracağını bəribaşdan proqnozlaşdırmaq isə o qədər də asan məsələ deyil.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53