Millətlərarası münasibətlərin inkişafında yeni mərhələ
12:19 04-03-2014
SİYASƏT
Millətlərarası münasibətlərin inkişafında yeni mərhələ
Yeni müşavirlik postu ümidləri artırır
Bu gün dünyada lobbiçilik fəaliyyəti, demək olar ki, hər bir dövlət üçün ümdə məsələyə çevrilib. Bu bir tərəfdən inteqrasiyanın vacib şərtidirsə, digər tərəfdən də informasiya mübadiləsi, dövlət maraqlarının qorunması üçün vacib sayılır. İllər boyu məhz bu imkanlardan yararlanan Ermənistan Azərbaycana qarşı informasiya savaşında öz məqsədlərinə nail ola bilirdi. Amma 1993-cü ildən etibarən ümumilli lider Heydər Əliyev lobbiçilik fəaliyyətinə ciddi yanaşma sərgilədi və bu iş xarici siyasətdə mühüm bir vəzifə olaraq diplomatların qarşısına qoyuldu. Nəticədə qısa zaman kəsiyində türk və yəhudi lobbiləri ilə sıx əlaqələr quruldu və indi də bu əlaqələr get-gedə dərinləşərək millətlərarası münasibətlərin inkişafı mərhələsinə yüksəlir.
Bu baxımdan qeyd etmək lazımdır ki, bu proses bir neçə istiqamətdə inkişaf etdirilir. Bir tərəfdən Qeyri-Hökumət Təşkilatları çərçivəsində əlaqələr qurulur və inkişaf etdirilir, digər tərəfdən isə dövlətlərarası münasibətlərin inkişafı ilə real addımlar atılır. Bu baxımdan ABŞ-da həyata keçirilən işlərə xüsusi önəm vermək lazımdır. ABŞ-da ciddi dayaqlara sahib olan yəhudi lobbisini bu baxımdan unutmaq olmaz. Yəhudi lobbisi ilə əlaqələr 1993-cü ildən sistemli şəkildə inkişaf etdirilməyə başlandı. Azərbaycanda yaşayan yəhudilərə olan xoş münasibətlər yəhudi lobbisinin diqqətini cəlb etdi və qurulan əlaqələrdən sonra etiraf edildi ki, Azərbaycanda millətlərarası münasibətlər unikal şəkildədir və milli-dini tolerantlığın nəticəsi olaraq bütün xalqlara öz dilini , mədəniyyətini, dinini qorumaq imkanı verilib. Məhz bundan sonra yəhudi lobbisi Azərbaycanla münasibətlərini daha da dərinləşdirdi və çox mühüm toplantılarında artıq Azərbaycan diplomatlarını, QHT rəhbərlərini görmək mümkün oldu. Elə son toplantılardan birində də bunun şahidi olduq. Belə ki, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Amerika İsrail İctimai Əlaqələr üzrə Komitəsinin (The American Israel Public Affairs Committee) ənənəvi İllik Siyasi Konfransında geniş auditoriya qarşısında çıxış edib. Konfrans çərçivəsində keçirilmiş, moderatoru Yaxın Şərq Siyasəti üzrə Vaşinqton İnstitutunun Türkiyə Araşdırmaları proqramının direktoru Soner Cağaptay olan "Yeni müttəfiqlər: İsrail və Cənubi Qafqaz regionu" mövzusunda müzakirələrin digər iştirakçıları Cons Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutu nəzdində fəaliyyət göstərən İpək Yolu Araşdırmaları Proqramının direktoru Svante Kornel (Svante Cornell) və Hayfa Universitetinin baş mühazirəçisi Brenda Şaffer olub. İlk olaraq, Azərbaycanın ABŞ-la münasibətləri haqqında məlumat verən diplomat iki dövlətin enerji sektoru, terrorçuluğa qarşı mübarizədə yaxından əməkdaşlıq etdiyini, regional inkişafı və inteqrasiyanı surətləndirəcək gündəmdə olan enerji layihələrinin reallaşmasında ABŞ-ın siyasi dəstəyinin vacib olduğunu deyib. Səfir Elin Süleymanov Azərbaycan-İsrail ikitərəfli münasibətlərinin tarixindən bəhs edərək, bu münasibətlərin strateji müttəfiqlik xarakter almasında Azərbaycan xalqı ilə ölkəmizdə məskunlaşmış yəhudi icması arasında münasibətlərin rolunun danılmaz olduğunu bildirib. Tarixən yəhudilərin əhalisinin əksəriyyətinin müsəlman olduğu dövlətdə dinc, heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadığını qeyd edən səfir yəhudi icması nümayəndələrinin Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi zamanı azərbaycanlılarla çiyin-çiyinə vuruşduğunu və qəhrəmanlıqla şəhid olması faktının Azərbaycan xalqının heç vaxt unutmayacağını qeyd edib. Hazırda İsrailin enerji resurslarına olan tələbatının 40 faizinin Azərbaycan tərəfindən ödənildiyini bildirən səfir yüksək səviyyəli rəsmi səfərlərin münasibətlərin daha da dərinləşməsi baxımından önəmliyini qeyd edib və bu xüsusda İsrail Prezidenti və xarici işlər nazirinin ölkəmizə səfərlərini xatırladıb.
Etnik və dini rəngarəngliyin Azərbaycan dövlətinin milli sərvəti olduğunu bildirən səfir tolerantlığın təşviqinə ölkə rəhbərliyi tərəfindən daim xüsusi diqqət ayrıldığını vurğulayıb, nəticədə Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoq üçün nümunəvi platformaya çevrildiyini deyib.
Daha sonra çıxış edən Svante Kornel və Brenda Şaffer beynəlxalq arenada baş verən siyasi proseslər fonunda region dövlətlərinin xarici siyasət istiqamətlərini təhlil ediblər.
Məlumat üçün bildirək ki, ABŞ-dakı yəhudi icmasının ən genişmiqyaslı toplantısı olan İllik Siyasi Konfrasda bütün ştatlardan on üç mindən çox nümayəndə iştirak edir.
Bunu da qeyd edək ki, Xocalı soyqırımı ilə bağlı müxtəlif ölkələrdə, o cümlədən ABŞ-da toplantılar keçiriləndə də yəhudi lobbisi kifayət qədər aktivlik göstərdi. Məhz lobbiçilik fəaliyyətinin inkişafının nəticəsi olaraq bu gün dünyada bir çox millətlər Azərbaycan xalqı ilə ortaq məqsədlərə, maraqlara sahibləniblər. Azərbaycan mədəniyyətinin dünyada tanıdılması ilə bu proses daha da dərinləşdi. Həmçinin QHT-lərin dünya miqyaslı layihələrə cəlbi də millətlərarası münasibətlərin inkişafına müsbət təsirini göstərdi.
"Unikal"a açıqlama verən ekspert Əlməmməd Nuriyev bildirdi ki, bu gün millətlərarası münasibətlərin inkişafı üçün QHT-lər, vətəndaş cəmiyyətləri müxtəlif işlər görür və bunu ümumilikdə iki istiqamətdə daha qabarıq şəkildə göstərmək olar: "Birincisi qeyd edək ki, prezident İlham Əliyevin təşəbbüsü ilə Prezident yanında QHT-lərə yardım fondu yaradıldı və bununla da QHT-lərin daha sistemli fəaliyyəti tənzimləndi. Dövlət tərəfindən maliyyələşən layihələrin bir hissəsi də məhz millətlərarası münasibətlərin inkişafına sərf edildi və yenə də edilməkdədir. Azərbaycanda yaşayan xalqların mədəniyyətlərinin, dillərinin, dinlərinin qorunması üçün layihələr həyata keçirildi və dövlət tərəfindən maliyyə ayrıldı. Elə bunu demək istərdim ki, istər talış, istər kürd təşkilatlarına bu məqsədlə maliyyə ayrıldı. Bolqar-Azərbaycan Dostluq Cəmiyyətinə qrand verildi. Bütün bunlar isə bir məqsədlə edilirdi: millətlərarası münasibətlərin inkişafı məqsədilə. Bununla yanaşı həm də dünya xalqları, millətlərilə də münasibətlərin yaranması üçün addımlar atıldı. Bu baxımdan Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi olaraq qeyd etmək istəyərdim. Məhz bu fondun səyləri nəticəsində Avropa xalqları, millətlərilə sıx təmaslar quruldu, mədəniyyətlərin inteqrasiyasına nail olduq. Hesab edirəm ki, bu gün Azərbaycan hakimiyyətinin həyata keçirtdiyi siyasət məhz millətlərarası münasibətlərin inkişafına yönəlib". Yeri gəlmişkən, bunu da qeyd edək ki, prezident İlham Əliyev millətlərarası münasibətlərin inkişafı, milli və dini tolerantlığın qorunması üçün mühüm bir addım da atdı. Belə ki, prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri vəzifəsi təsis edildi və tanınmış ziyalı Kamal Abdulla bu posta təyin edildi. "Unikal"a açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu belə bir vəzifənin təsis edilməsini çox vacib addım kimi dəyərləndirdi: "Belə bir addımın atılması şəxsən məni sevindirdi. Çünki buna hava-su kimi ehtiyac var idi. Bu gün baş verənləri təhlil etsək görərik ki, istər millətlərarası münasibətlərin inkişafında, istər dini tolerantlıq sahəsində ciddi araşdırmalara, elmi yanaşma ortaya qoymağa ehtiyac yaranmışdı. Bu baxımdan atılan addım çox uğurludur. Bir məqama da toxunmaq istəyirəm ki, bu gün, tutalım, dini məsələlərlə bağlı Dini Qurumlarla İş üzrə Dövlət komitəsi məşğul olur, müəyyən addımlar atırlar. Tutalım, multikulturalizmlə bağlı Elmlər Akademiyasında araşdırmalar aparılır. Amma bunların bir- birilə əlaqəsiz işləməsi səbəbindən bir dağınıqlıq var idi. İndi isə müşavirlik yaradıldı və nəticədə bir mərkəzləşmə ortaya çıxacaq. Həmçinin bu posta Kamal Abdulla kimi düşüncə sahibinin təyin olunması sübutlayır ki, yaxın zamanlarda ciddi nəticələrə sahiblənə biləcəyik".
Bunu da qeyd edək ki, bir neçə gün öncə Elmlər Akademiyasında da qərara alınmışdı ki, dini radikalizmin artmaması ilə bağlı elmi araşdırmalara start veriləcək. Beləliklə, görünən budur ki, məsələlərin müsbət həlli, millətlərarası münasibətlərin inkişafı üçün bir neçə istiqamətdə işlər görülür. Belə ki, QHT-lərin xəttilə, diplomatik xətlə görülən işlərlə yanaşı, elmi işlərə də xüsusi önəm veriləcək. Belə bir müşavirliyin yaradılması isə hakimiyyətin məsələyə nə qədər həssas yanaşmasını bir daha təsdiqləyir.
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35