Rusiya prezidenti dünyaya barmaq silkələdi
11:03 05-03-2014
İQTİSADİYYAT
Rusiya prezidenti dünyaya barmaq silkələdi
Türkiyənin proseslərə qatışması vəziyyəti dəyişdirəcək
Rusiya prezidenti Vladimir Putin ilk dəfə olaraq Ukraynada baş verənlərə münasibət bildirərkən deyib ki, “Sadə ukraynalı əziyyət çəkirdi. Korrupsiya elə həddə çatmışdı ki, eləsini biz yuxuda da görməmişdik. Prinsipcə xalq çevriliş istəyir. Lakin qanunsuz çevrilişə stimul vermək olmaz. Postsovet məkanında istisnasız olaraq konstitusion yolla hərəkət etmək lazımdır. Mən hələ də Maydanda hakimiyyətin fasadının təmir edilməsini deyil, kardinal dəyişikliyi tələb edən insanları başa düşürəm”.
Göründüyü kimi, Rusiya prezidenti özünü keçmiş sovet məkanının arbitri kimi aparır və iddia edir ki, bu məkandakı proseslər yalnız onun “senzurasından” keçəndən sonra legitimləşə bilər.Həmçinin Rusiya prezidenti bəyan etdi ki, Rusiyaya qarşı hansı addım atılarsa əks cavabı olacaq. Hətta dollardan imtina belə. Putin demək olar ki, son açıqamasında açıq şəkildə göstərdi ki, Ukraynanın taleyi dünyadan yox, Rusiyadan aslıdır. Rusiya prezidenti Vladimir Putinin mətbuata verdiyi açıqlamasında Ukraynaya əsgər göndərməyin daha ehtiyac olmadığını deməsi Barak Obama tərəfindən müsbət qarşılanıb.Barak Obama Rusiyaya sağlam düşüncə ilə hərəkət etməyi və Ukraynada sabitliyin bərpası istiqamətində beynəlxalq təşkilatlara yardım etmək üçün hələ də Rusiyanın şansı olduğunu deyib.Obamanın çağırışının əksinə olaraq ABŞ Dövlət katibi Con Kerri Rusiyaya xəbərdarlıq edib.
Con Kerri Rusiyanın hərbiçiləri geri çəkməməsi durumunda diplomatik, iqtisadi və siyasi sanksiyalar tətbiq etməkdən başqa yolları qalmayacağını deyib.
Politoloq Zərdüşt Əlizadənin “Unikal”a söylədiyinə görə, “Keçmiş SSRİ məkanında demokratikləşmə prosesləri kifayət qədər ağrılı şəkildə baş verdiyindən Rusiya özünün keçmiş nüfuz dairəsini bərpa etmək cəhdləri baxımından bu zəifliklərdən məharətlə istifadə etməyi bacarır. Rusiya prezidenti Vladimir Putinin bu günki (dünənki-red.) mətbuat konfransında Ukraynada gedən proseslərlə bağlı səsləndirdiyi iddialı fikirləri məhz bu müstəvidə dəyərləndirmək mümkündür. Yəni Putin keçmiş SSRİ məkanına öz votçinası kimi yanaşır və bildirir ki, buradakı prosesləri yalnız və yalnız Rusiya tənzimləyə bilər, Qərbin buraya müdaxilə etməsi yersizdir”.
Politoloqun sözlərinə görə, “Rusiya prezidenti müəyyən mənada tam haqlıdır. Baltikyanı dövlətlər istisna olmaqla keçmiş sovet respublikalarının hamısı bu və ya digər şəkildə Rusiyadan asılıdır və Putin də bu rıçaqları hələ ki əldən vermək fikrində deyil. Polşa bu gün dünyaya haray çəkir ki, mənim sərhədlərimin yaxınlığında rus qoşunları hərbi təlimlərə başlayıb. Və dünya bu hay-küyü anlaqla qarşılayır. Amma Rusiyanın NATO-nun onun sərhədlərinə Ukraynanın timsalında yaxınlaşma cəhdlərinə kəskin müqavimət göstərməsini dünya bəyənmir”.
Politoloq hesab edir ki, “Qərb Kiyev Maydanında Ukrayna üçün bacardığını etdi və bundan sonra Ukraynaya əməli dəstək verəcəyi o qədər də real görünmür. Beynəlxalq Valyuta Fondunun davranışı bunu deməyə əsas verir”.
Politoloq Ərəstun Oruclunun “Unikal”a bildirdiyinə görə, “Rusiya prezidentinin Ukrayna ilə bağlı mətbuat konfransında səsləndirdiyi fikirlər ondan xəbər verir ki, Rusiya düşdüyü durumdan üzüsulu çıxmaq istəyir. Mənə elə gəlir ki, Qərb və xüsusən də Amerika indiki mərhələdə Ukraynaya kifayət qədər güclü dəstək verirlər və bundan artığını gözləmək reallıqdan uzaq düşmək deməkdir. 2000-ci ildən bəri ilk dəfə idi ki, Qərb dövlətləri Rusiya ilə bu cür ritorika ilə danışırdılar. Rusiya düşdüyü vəziyyətin ciddiliyini anlayır və mənə elə gəlir ki, tədricən geri çəkiləcək”.
Politoloqun sözlərinə görə, “Müasir dünya elə bir inkişaf mərhələsinə gəlib çatıb ki, indi ən real təzyiq forması maliyyə-informasiya məkanında gerçəkləşir. Görünən budur ki, Qərb Rusiyanı artıq küncə sıxışdırmağa başlayıb. Rublun sürətlə qiymətdən düşməsi və Krım böhranından üzübəri Rusiyanın 72 milyard ABŞ dolları itirməsi olduqca ciddi siqnaldır və güman edirəm ki, bütün ambisiyalara baxmayaraq, Rusiya bu siqnaldan ciddi nəticə çıxarda biləcək”.
Son anda aydın oldu ki, Rusiya təyyarəsi Türkiyə ərazisinə daxil olmaq istəyərkən inisident olub və Rusiya təyyarəsi geri qayıtmalı olub. Bundan dərhal sonra Rusiya prezidenti ilə Türkiyə baş naziri telefon əlaqəsi qurublar. Mənbələr bildirir ki, danışıqlar çox sərt şəkildə keçib və Türkiyə tərəfi Krımla bağlı ilginc bəyanatlar səsləndirib.
Nurlan Gündüzlü
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53