Kənd turizmi, yoxsa kababxana biznesi?
Kənd turizmi, yoxsa kababxana biznesi?

Kənddəki otel və restoranların personalı demək olar ki, bu sahədən uzaq adamlardır

Azərbaycanda turizm sektorunun inkişafını təmin etmək və onun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi üçün xüsusi proqram hazırlansa da, bu istiqamətdə işlərin hansı səviyyədə görülmə sual altındadır.

Bu gün dünyada turizm sürətlə inkişaf edən iri biznes sahəsi hesab olunur. O da aydındır ki, turizmin perspekti bir-neçə amildən asılıdır; mədəni-tarixi irs, əlverişli təbii şərait və nəqliyyat. Bu göstəricilərdən ikisinin ölkəmizdə mövcud olması tirizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar yaradır.
Həm mədəni-tarixi irs, həm də turizm üçün əlverişli təbii şərait göstəricilərinin olduğu yerlərdən biri də Qax rayonunun İlisu kəndidir. İlisu ölkədə tanınmış və məşhur kəndlərdədir. Son 15 ildə burda otel və restoran biznesi yeterincə inkişaf etsə də, turizmdən əsər-əlamət yoxdur. İlisuya gələnlər ilk öncə keyfiyyətli yeməklərin verildiyi restoranların yerini öyrənməyə çalışır. Qalmağa müvafiq bir yer tapdıqdan sonra isə başqa heç nə ilə maraqlanmadan istirahətlərini davam etdirirlər. Bir az maraq dairələrini genişləndirmək istəyənlər kəndin yaxınlığındakı şəlaləyə gedib bu təbii gözəllikdə foto çəkdirməklə istirahətlərini yekunlaşdırırlar.
Müşahidələr belə deməyə əsas verir ki, burda hələ uzun müddət normal turizm üçün təlabat yaranmayacaq. Çünki bunun üçün İlisuda şərait yaratmaq istəyən yoxdur. Ən bəsit bir nümunə çəkək. Yetərincə qədim və maraqlı tarixə malik olan İlisuda muzey yaradılmayıb. Halbuki, bu müzeyin yaradılmasına ehtiyac çoxdur. Həm bura gələn ölkə vətəndaşlarına ,həm də xaricdən gələn insanlara kənd haqqında bu muzey vasitəsilə yetərincə məlumat vermək olar. Kəndin tarixindən bəhs edən muzey Lahicda var və təcrübə göstərir ki, yetərincə turistlərin diqqətini çəəb edir.
Digər xidmət sahələrinin əksəriyyəti də İlisuda yoxdur. Nəinki turistlərin, hətta yerli sakinlər aptek, bərbərxana və s. kimi xidmətlərdən yararlanmaq üçün rayon mərkəzinə getmək məcburiyyətində qalırlar. Bu kəndə turist axınını gücləndirmək üçün ən sadə və asan işləri görülməyib. Misal üçün, kənd haqqında fotolu məlumat bukletləri, kəndin tarixi xəritəsi. Onların satışda olmaması göstərir ki, bu kınddə turizmin inkişafı üçün heç bir maraq yoxdur.
Kənddəki otel və restoranların personalı demək olar ki, bu sahədən uzaq adamlardır. Bir-neçə otel istisna olmaq şərtilə demək olar ki, digərləri müasir tələbata cavab vermir. İstirahət mərkəzlərində bələdçi (gid), tərcüməçi yoxdur. Əslində belə işlərin olması heç kim üçün maraqlı deyil. Bunun əvəzində isə restoran və otel sahibləri yaxşı aşbaz və kababçını öz bizneslərinə cəlb eləmək uğrunda rəqabət aparırlar. Bir çox hadisələrin şahidi olduğum üçün düşünürəm ki, ölkə vətəndaşlarının özlərinin də burda günahı var.
Təxminən, 12 il öncə belə bir hadisə başıma gəlmişdi: kənddəki istirahət mərkəzində birindən mənə təklif gəldi ki, otelə bir-iki günlük bələdçiyə ehtiyac olacaq. Mənə demişdilər ki, kəndə yüksək vəzifəli bir qonaq öz ailəsi ilə gəlir, onları kənddə gəzdirmək, İlisu haqqında məlumat vermək lazımdır. Mən belə bir mədəni xidmət göstərməkdən məmnunluq duydum və razılıq verdim. Deyilən vaxt səhər tezdən oteldə oldum. Qonaq hələ gəlməmişdi. Xeyli, günorta saat 3-dək gözlədikdən sonra qonaq otelə təşrif gətirdi. Mənə dedilər ki, hazırlaş, bir azdan səyahət başlayacaq. Bir saat keçdi. Məlum oldu ki, qonaq yemək yeyir. Yenə gözləməli oldum. Bundan sonra xəbər gəldi ki, qonaq yorğundur və yatmaq istəyir. Axşam oldu, qonaq yuxudan durdu. Bu dəfə isə şam yeməyi sifariş verdiyi məlum oldu. Havanın qaralması ilə qonağın gəzmək, kəndin tarixi yerlərini görmək istəyi də bitdi. Gəzinti sabaha, günortadan sonraya təxirə salındı. Növbəti gün, günortadan sonra məlum oldu ki, qonaq nahar zamanı normadan artıq spirtli içki qəbul edib və kəndin gözəlliyindən bəhrələnmək onun üçün ümumiyyətlə, mənasız olub...
Burada əsl turizmin inkişafı üçün yetərli şərait olsa da, aydın olur ki, İlisuda turizm mövsümü xarakter daşıyır. Yəni, sadəcə yay aylarında kəndə gələn turistlərin sayı bir qədər artır. Bu zaman isə həmin gəlmələr kənd əhalisinin şəxsi evlərində kirayə qalmağa üstünlük verirlər. Bəlli olur ki, turist kimi kəndə gələnlər qızmar şəhər həyatından qaçıb təmiz kənd havası qəbul eləmək istəyənlərdir.
İlisuda turizmin normal inkişafına əngəl törədən səbəblərdən biridə yanacaq problemidir. XXI əsrdə yaşayırıq və burda təbii qaz yoxdur. Rayon mərkəzindən 12 kilometr məsafədə yerləşməsinə baxmayaraq, qaz xəttinin çəkilişi yubanır. 2013-cü ildə başlanılmış qaz çəkilişi bizə məlum olmayan səbəbdən yarımçıq saxlanılıb.Yanacağın olmaması İlisuda qış turizmınin perspektivini sıfıra endirir. Eləcə də kənd əhalisi də qışda qazın olmamasından çətinlik çəkir. Qışda bir yük maşını odunun qiyməti 200-250 manat arasında dəyişir. Nəzərə alsaq ki,burda qış minimum 6-7 ay davam edir, o zaman yerli əhalinin hansı çətinliklərə düşdüyü aydın olar. Kəndin su xətləri və yolları çox bərbad durumdadır. Gecələr isə kəndin küçələrinə qaranlıq hakim olur. Bu hallar bir daha əminlik yaradır ki, ərazidə turizm sektorunun inkişafına heç bir diqqət ayrılmır.
Turizmin diqqət çəkən sahələrdindən biridə müalicə sahəsidir. Və İlisu bu baxımdan da perspektiv var. Kəndin yaxınlığında termal bulaqlar var. Bu su regiyonda temperaturun yüksəkliyinə gərə fərqlənir (40 ? C).Mütəxəssislər suyun tərkibində hidrokorbanat olduğunu deyirlər .Suyun istirahət mərkəzinə gətirilməsinə baxmayaraq ,bu iş yüksək səviyyədə təşkil olunmayıb.
Bu çatışmazlıqlar qarşısında sonda bunları söyləmək istərdim: İlisu turizmi nəinki xarici ölkələrlə müqayisə oluna bilər, heç yaxın bölgələrimiz olan Qəbələ və Quba ilə müqayisə oluna bilməz. Amma nədənsə, tez-tez bizim kəndi İsveçrə ilə müqayisə edirlər. Bu kənddə yaşayan adam kimi bunları deyim ki, ancaq Allahın yaratdığı təbiətdə nəsə oxşarlıq tapmaq olar, insanların yaratdıqları arasında heç nə üst-üstə düşmür...

Namik Man-taş,
İlisu