Ziya Məmmədovun nazirliyinin yeni həmləsinin pərdəarxası
12:28 06-03-2014
İQTİSADİYYAT
Ziya Məmmədovun nazirliyinin yeni həmləsinin pərdəarxası
128 sahibkarın marşrutu niyə əllərindən alınıb?
Xəbər verildiyi kimi, Nəqliyyat Nazirliyi Bakıda sərnişindaşıma ilə məşğul olan sahibkarların sayının azaldılmasına qərar verib. Ziya Məmmədovun nazirliyinin bu həmləsinin səbəbini belə izah edir ki, sahibkar sərnişinlərin ixtiyarına yeni, komfortlu avtobuslar verməkdə, pul qazanmaqda maraqlıdır.
İki gün əvvəl nazirlikdən yayılan açıqlamada qeyd olunurdu ki, sahibkar investisiya qoyur, işçilər götürür, vergi ödəyir, özü də pul qazanır: "Biz optimallaşdırma ilə bağlı 172 marşrutu saxladıq. Sadəcə, bəzi sahibkarların yeni, komfortlu avtobuslar almağa gücü çatmır. Nəqliyyat Nazirliyi də marşrutlar verilən sahibkarların sayını 210-dan 32-yə qədər endirib ki, hansı rəqabətə davamlıdır, gücü, imkanı var, sərnişin daşıma ilə onlar məşğul olsunlar. Sahibkara lisenziya verərkən Nəqliyyat Nazirliyi üçün əsas sərnişinin təhlükəsizliyidir, sərnişinləri kim daşımasının bizim üçün fərqi yoxdur" - nazirlik rəsmisi Namiq Hüseynov demişdi.
O əlavə etmişdi ki, Nəqliyyat Nazirliyinin apardığı araşdırmaya əsasən onlarla xətdə yeni avtobuslara ehtiyac olduğunu bildirib: "Bizim araşdırmalarımıza görə, yeni avtobuslara ehtiyac olan onlarla xətt var. Xüsusən nəzərə almaq lazımdır ki, yeni avtobusların gətirilməsi prosesi 2015-ci ilin birinci rübünə qədər davam edəcək. Avropa Olimpiya Oyunlarına qədər yüksək komfortlu avtobuslar gətiriləcək və o xətlərə yeni gətiriləcək avtobusları buraxacağıq. Xüsusən qəsəbələrə gedən istiqamətlərdə ehtiyac var".
Nazirlik sözçüsü xətlərdə istismar müddəti başa çatan avtobuslarla da bağlı araşdırma aparıldığını da açıqlayıb: "Biz avtobusları təsnifat üzrə xətlərdən yığışdırırıq. Bu halda avtobusun buraxılış ili və istismar göstəriciləri nəzərə alınır. Belə avtobuslar xətdən yığışdırıldıqca, yerlərinə də yenisi gətirilir. Xırda tutumluların hamısını xətdən çıxarmışıq, gətirilənlər də orta və iri tutumlu avtobuslardır. Yeni avtobuslar Almaniyadan, Koreyadan, Türkiyədən gətirilir. Dövlət tərəfindən də yeni avtobusların alınmasına vəsait ayrılıb, ancaq yeni avtobuslar daha çox sahibkarlar tərəfindən gətirilir. Çünki nəqliyyat 99,9% özəlləşmiş sahədir".
Nəqliyyat Nazirliyi Katibliyinin rəisi yeni, ancaq qəza nəticəsində xarici görünüşündə problem olan avtobusların bəzən xəttə buraxılmasına da münasibət bildirib: "Əsas odur ki, avtobus qarajdan çıxarkən mühərriki saz vəziyyətdə olsun, sürücüsünün ağlı başında olsun. Bir neçə avtobus qəzaya uğrayanda xətdə problem yaranır. Biz bütün avtobusları ütülənmiş formada xəttə buraxsaq, çətin olar. Adi insan maşınına ziyan dəyərkən təmir üçün bir ay gözləyir. Ona görə də bəzən istisnalar olur. Mən belə avtobusu ABŞ-da, Avropada da görmüşəm. Avtobusdur, kənardan vurulub, cari təmirə ehtiyacı var. Bu yolverilən haldır, amma kütləvi halda olarsa, bu biabırçılıqdır".
Müstəqil ekspertlər isə nazirliyin açıqladığı səbəbləri yetərli hesab etmirlər. Sərnişindaşıma ilə məşğul olan yüzlərlə sahibkarın vurulmasının daha çox bu sahədə inhisarçı maraqlarla əsaslandıran ekspertlər rəqabət mühitinin bu yolla daha da sarsıdıcı zərbələr alacağını bildirirlər.
Bəzi iddialara görə, taksi xidmətinin ardınca avtobus marşrutları da nəqliyyat nazirinə yaxın iş adamlarının əllərində cəmləşdirilməyə başlayır. Nəqliyyat Nazirliyinin belə iddiaları qəbul etmədiyi birmənalıdır, amma eyni zamanda kənar müşahidələr zamanı bu qədər marşrut sahibinin sıradan çıxarılmasını başqa cür izah etmək olmur.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53