Fərhad Əliyevin qardaşının bankında nə baş verir?
12:29 06-03-2014
İQTİSADİYYAT
Fərhad Əliyevin qardaşının bankında nə baş verir?
"Bank of Baku" ətrafında müəmmalı proseslər dərinləşməkdədir
Srağagün "Bank of Baku"da əməliyyat həyata keçirilməsi ilə bağlı xəbərlər yayılsa da, daha sonra Bank informasiyanın doğru olmadığını açıqlamışdı. Lakin günün sonunda məlum oldu ki, "Bank of Baku"da həqiqətən əməliyyat keçirilib və bankın rəhbərliyinin həbsi ilə bağlı yayılan xəbər də doğrudur.
Bu barədə hələ ki, rəsmi açıqlama olmasa da, yaxın günlərdə rəsmi mənbələrin "Bank of Baku"da baş verənlərlə bağlı ictimaiyyətə geniş məlumat verəcəyi də gözlənilir.
Qeyd edək ki, artıq iki gündür mətbuatda həmçinin "Bank of Baku"nun kimə məxsus olması ilə bağlı yazılar dərc olunur. Qeyd olunur ki, Bank Rza Zərrabın bacısının əri Şahrama məxsusdur. Lakin bu gün redaksiyamıza bankın səhmdarları ilə bağlı
rəsmi sənədlər daxil olub. Həmin sənədlərdə bankın kimə məxsus olması öz əksini tapıb. Həmin sənədlər ötən ilin maliyyə hesabatlarını özündə əks etdirsə də, bankın saytında səhmdarların kim olması ilə bağlı bölmənin informasiyası silinib.
Bankın İdarə Heyətinin sədrinin 2013-cü il aprelin 18-də təsdiq etdiyi maliyyə hesabatlarından isə məlum olur ki, bankın səhmdarları 40 faiz payla "NAB Holdinq" şirkəti, 28,89 faiz payla "Azpetrol" neft şirkəti, 11,22 faiz payla sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı Rafiq Əliyev, 10 faiz payla Bankın Müşahidə Şurasınn sədri Elçin İsayev 9, 89 faiz payla "AZİNVEST" MMC-yə məxsusdur. Daha sonra həmin hesabatda qeyd olunur ki, "NAB Holding"ə Nader Mohaghegh Oromi, Bahram Mohaghegh Oromi və Şahram Mohaghegh tərəfindən nəzarət edilir. Azpertol şirkətinin son səhmdarı isə Məmmədov İbrahim göstərilib.
Qeyd edək ki, "Azinvest" MMC-nin rəhbəri də sabiq nazir Fərhad Əliyevin qardaşı Rafiq Əliyevdir. İstər öz səhm payını, istər rəhbərlik etdiyi MMC-nin payını, istərsə də vaxtilə rəhbəri olduğu, həbs edildikdən sonra əlindən alınsa da, azadlığa çıxdıqdan sonra geri qaytarıldığı bildirilən "Azpetrol"un səhm paketini nəzərə alsaq bu bankın fəaliyyətinə Rafiq Əliyevin ağırlığını qoyduğunu demək olar.
Bankın 40 faiz payla səhmdarı olan NAB Holdinqin adı isə tez-tez mətbuatda iranlı iş adamı və ötən həftə azadlığa çıxan Rza Zərrabla hallanır. Ehtimal etmək mümkündür ki, son baş verənlərdə bu amilin də payı var və adıçəkilən holdinqin səhmlərinin məlum yaşananlardan sonra əl dəyişdirə biləcəyini də demək mümkündür.
"Son günlərdə bəzi kütləvi informasiya vasitələrində Mərkəzi Bank (MB) tərəfindən guya "Bank of Baku" ASC-nin lisenziyasının geri çağırılması ilə bağlı məlumatlar verilməkdədir. Mərkəzi Bank bildirir ki, "Bank of Baku" ASC-nin maliyyə vəziyyəti sabitdir, likvidlik mövqeyi yüksəkdir, kapitallaşma səviyyəsi adekvatdır. Bankın əmanətçiləri və kreditorlarının narahatçılığına səbəb ola biləcək heç bir əsas yoxdur". Bu barədə Mərkəzi Bankın mətbuat xidməti dünən bəyan edib.
MB onu da diqqətə çatdırıb ki, "Bank of Baku" ASC normal fəaliyyətini davam etdirir, bankın lisenziyasının geri çağırılması məlumatı həqiqətə uyğun deyil və bu məsələ ümumiyyətlə gündəlikdə deyildir.
Oxuculara xatırladaq ki, hələ ötən ayın əvvəllərində "Unikal"da "Fərhad Əliyevin qardaşının pay sahibi olduğu bankda nə baş verir?" başlıqlı yazı dərc edilmişdi. Yazıda bildirilirdi ki, "Bank of Baku" öz maliyyə göstəricilərini heç kəslə bölüşmür, çünki rəqiblərindən zəif göstəricilərini açıqlamaq istəmir. "İstehlak kreditləri sahəsində ölkənin fəal banklarından olan Bank of Baku son zamanlar bu sahədəki banklararası rəqabətdə təşəbbüsü əldən verməyə başlayıb. Buna təsir edən əsas amillərdən biri isə bankın kadr siyasətində yol verdiyi ardıcıl nöqsanlar olub. Son bir neçə ildə bu bankı onlarla yüksək ixtisaslı işçi tərk edərək digər banklara keçib. "Bank of Baku" onları yetişdirsə də bu şəxsləri öz sıralarında saxlaya bilməyib" deyə qeyd olunan yazıda daha sonra qeyd olunurdu: "Bank of Baku"-nun kadr siyasətinin yetərsizliyi onun artıq maliyyə bazarındakı mövqelərinə də təsir edir. Əvvəllər ölkə banklarının reytinq siyahısında "Bank of Baku"-nun adı var idi. İndi isə bank öz maliyyə göstəricilərini heç kəslə bölüşmür, çünki rəqiblərindən zəif göstəricilərini açıqlamaq istəmir".
Göründüyü kimi, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşının önəmli paya malik olduğu bank ətrafında nələrsə baş verir, amma bu barədə daha aydın və konkret danışmaq üçün hələ tezdir. Hər halda yaxın vaxtlarda mətbuatı və cəmiyyəti düşündürən suallar yəqin ki, öz cavabını tapacaq.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17