Lökbatandakı kütləvi qaz zəhərlənməsi Əkbər Hacıyevi bitirəcək
12:50 07-03-2014
İQTİSADİYYAT
Lökbatandakı kütləvi qaz zəhərlənməsi Əkbər Hacıyevi bitirəcək
Bir müddət əvvəl son xəbərdarlıq alan "Azəriqaz" rəhbəri yolun sonuna gəldi...
Fəaliyyəti ciddi şəkildə narazılıq doğuran dövlət qurumları arasında "Azəriqaz" xüsusilə fərqlənir. Artıq adıçəkilən qurumun keyfiyyətsiz xidmətiylə bağlı narazılıqlar pik həddədir və bu qış paytaxt Bakıya yağan qar zamanı da "Azəriqaz" öz səriştəsizliyini bir daha ortaya qoymuş oldu.
Həmin vaxt isə dövlət başçısı işində nöqsanlar olan, büdcədən milyonlarla vəsait almasına baxmayaraq fəaliyyətində axsamalar müşahidə olunan "Azəriqaz"a ilk və son xəbərdarlığını etmişdi. Məhz bundan sonra gözləmək olardı ki, "Azəriqaz" rəhbərliyi tənqiddən nəticə çıxararaq işində ciddi dönüş yaradacaq. Amma, necə deyərlər, sən saydığını say, görə "Azəriqaz" şefi Əkbər Hacıyev nə sayır....
Hər halda martın 5-i axşam saatlarında paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verən kütləvi qaz zəhərlənməsi Əkbər Hacıyevin tənqiddən nəticə çıxartmaq istəmədiyini təsdiqləməklə yanaşı, onun rəhbərlik etdiyi "Azəriqaz"-ın qeyri peşəkar fəaliyyətinin acı mənzərəsini də gözlər önünə sərmiş oldu. Gəlin, bütün ölkədə şok effekti yaratmış həmin hadisənin təfərrüatlarıyla daha yaxından tanış olaq.
Bəlli olduğu kimi martın 5-i, axşam saatlarında Qaradağ rayonunun Lökbatan qəsəbəsində qazdan kütləvi zəhərlənmə hadisəsinin baş verməsi haqda həyacanlı xəbərlər yayılmağa başladı. Hadisə qəsəbənin Vilayət Əsgərov küçəsində baş verib. Adıçəkilən küçədəki dörd beşmərtəbəli yaşayış binasında qazdan kütləvi zəhərlənmə olub. Sakinlər bununla bağlı "Unikal" qəzetinin əməkdaşına bildiriblər ki, martın 5-də saat 19 radələrində qazın mənzillərə verilişi qəflətən kəsilib. Bir saat sonra isə binalara qazın verilişi yenidən bərpa olunub. Bu vaxt qazdan kəskin qoxunun gəldiyini söyləyən sakinlərin isə heç ağlına da gəlməzdi ki, həmin səbəbi bəlli olmayan qoxu onlarla insanın həyatını böyük risk altına salacaq. Bir müddət sonra isə zəhərli qazın təsiri özünü göstərməyə başlayıb və eyni anda adamlarda zəhərlənmə simptomları görünməyə başlayıb. Bunun kütləvi zəhərlənmə olduğu bəlli olduqdan sonra isə vətəndaşlar təcili tibbi yardıma müraciət edib.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə verilən məlumata görə, martın 5-i saat 19.00 radələrində stansiyanın qaynar xəttinə Lökbatan qəsəbəsində kütləvi zəhərlənmə ilə bağlı müraciət daxil olub. Stansiyadan bildirilib ki, hadisə zamanı quruma 77 müraciət daxil olub. Bunlardan 45 nəfəri xəstəxanaya yerləşdirilib, 32 nəfərinə isə yerində ambulator yardım edilib.
Onu da qeyd edək ki, kütləvi zəhərlənmə olayı barədə gələn ilk xəbərlərdə zəhərlənənlərin və ölü sayının katastrofik olduğu bildirilirdi, ancaq hüquq-mühafizə orqanlarının və həkimlərin verdiyi məlumata görə, zəhərlənmə nəticəsində 8 nəfər yox, yalnız bir nəfər vəfat edib.
Baş vermiş hadisə zamanı isə yüzə yaxın insan müxtəlif dərəcədə zəhərlənib və bir ölüm halı qeydə alınıb. Dünyasını dəyişən şəxs Lökbatan qəsəbəsinin sakini, 45 yaşlı Natalya Məmmədovadır. Onun halı pisləşdikdə ailə üzvləri dərhal təcili tibbi yardım çağırsalar da qadının həyatını xilas etmək mümkün olmayıb və o dünyasını dəyişib.
Bəs, bir insanın həyatına son qoyan, onlarla sakinin zəhərlənməsinə yol açan olayın əsl səbəbləri nədir? Bununla bağlı verilən rəsmi açıqlamada deyilir ki, zəhərlənmə qaza vurulan adarant adlı maddənin təsiri ilə baş verib. "Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri Araz Ağayev Lökbatandakı kütləvi zəhərlənmə ilə bağlı bunları deyib: "Odorazasiya prosesi zamanı texniki xətaya yol verilib. Təbii qaza odorant deyilən kimyəvi maddə vurulur ki, sızma zamanı bu, bilinsin, sızmanın qarşısı alınsın. Görünür bunu normadan artıq vurublar. Ona görə də belə xoşagəlməz vəziyyət yaranıb."
"Bu maddəni qaza harda vururlar" sualına "Azəriqaz" rəsmisi belə cavab verdi: "Odorantı təbii qazın tərkibinə qazpaylayıcı stansiyalarda əlavə edirlər".
Məlumat üçün bildirək ki, Lökbatan qəsəbəsində bir neçə beşmərtəbəli yaşayış binasında təbii qazdan baş verən kütləvi zəhərlənmə ilə bağlı Bakı şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırmalara başlanılıb. Təbii ki, faciənin baş vermə səbəbləri də məhz həmin araşdırmalar tam olaraq bitdikdən sonra bəlli olacaq. Hələliksə bəlli olan bir şey var: Lökbatanda bir nəfərin ölümünə, onlarla insanın zəhərlənməsinə səbəb olmuş olayın bütün məsuliyyəti "Azəriqaz" rəhbərliyinin üzərindədir. Bu hadisə həm də onu aşkarladı ki, "Azəriqaz"ın qazpaylayıcı strukturları çox primitiv olan prosedur qaydaları həyata keçirəcək qabiliyyətdə də deyil. Belə olan halda, "Azəriqaz"a ayrılan milyonlarla vəsait hara xərclənir? Təbii ki, müvafiq orqanlar "Azəriqaz" rəhbərliyinin diqqətinə həm bu, həm də digər sualları çatdıracaqlar. Onların bu suala hansı cavabı verməsindən asılı olmayaraq isə cəzanın tətbiqi qaçılmazdır.
Başqa sözlə, bir müddət əvvəl son xəbərdarlıq alan "Azəriqaz" rəhbəri Lökbatanda yolun sonuna gəldi...
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53