Şok! Krım parlamenti Rusiyaya birləşmək barədə qərar qəbul etdi
12:51 07-03-2014
İQTİSADİYYAT
Şok! Krım parlamenti Rusiyaya
birləşmək barədə qərar qəbul etdi
Rus hərbçiləri Krımda hərbi gəmini batırdılar, Ukrayna hərbi gəmilərinin dənizə çıxışı bağlandı
Ukraynanın Krım Muxtar Respublikasının separatçı rəhbərliyi Rusiya Federasiyasına birləşmək qərarına gəlib.
"lenta.ru" xəbər portalının verdiyi məlumata görə, Krım parlamenti "Rusiya Federasiyasının subyekti qismində Rusiya Federasiyasının tərkibinə daxil olmaq prosedurunun başlanması haqqında" qərar qəbul edib və bu təkliflə Rusiya rəhbərliyinə müraciət edib. Müraciət prezident Vladimir Putinə və Rusiya parlamentinə ünvanlanıb.
Bu qərardan qısa müddət əvvəl isə parlament martın 30-na təyin olunan referendumun vaxtını və sualını dəyişib. Ümumxalq səsverməsi martın 16-da keçiriləcək və orada Ukraynanın tərkibində qalıb-qalmamaq, Rusiyaya birləşib-birləşməmək barədə sual qoyulacaq.
Rusiya Dövlət Duması komitəsinin sədri:
"Ukraynada hakimiyyət çevrilişinin əsas
hədəfi ölkəni NATO-ya üzv etməkdir"
"Ukraynada gerçəkləşən hakimiyyət çevrilişinin əsas hədəfi ölkəni NATO-ya üzv etməkdir". Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr üzrə Komitəsinin sədri Aleksey Puşkov deyib.
Onun sözlərinə görə, Maydanda toplaşan kütlənin hədəfi məhz bu olub: "Ali Radanın bloklara qoşulmamaq siyasətinin dəyişdirilməsi ilə bağlı qanun layihəsini müzakirə etməsi sürpriz bir hadisə deyildi. Onların məqsədi elə bu idi. Maydandakılar da bunu qarşılarına məqsəd qoymuşdular. Müxalifətin kirayələdiyi snayperlər buna etiraz edənləri öldürürdü".
Qeyd edək ki, xarici mətbuat Ukrayna kəşfiyyatı əməkdaşına istinadən Avropa Birliyinin ali nümayəndəsi Ketrin Eştonla Estoniya xarici işlər naziri Urmas Paet arasında olan telefon danışığının mahiyyətini açıqlayıb. Həmin telefon danışığı zamanı Maydanda baş verən qanlı hadisələrlə bağlı atəş açan snayperlərin müxalifət tərəfindən kirayələnmiş təxribatçılar olduğu bildirilib.
Rusiya XİN:
Ukraynanın NATO-ya
qoşulması mümkün deyil
"Ukrayna NATO-ya qoşulmayacaq". Bunu Rusiya xarici işlər nazirinin müavini Vasili Nebenzya deyib.
"Hesab edirəm ki, Ukrayna bütün hallarda NATO-ya qoşulmayacaq. Fikrimcə, bu mümkün deyil. Çünki, təkcə biz yox, Qərb də yaxşı başa düşür ki, Ukraynanın NATO-ya üzvlüyü Rusiya Federasiyası üçün nə deməkdir", - deyə Rusiya XİN başçısının müavini bildirib.
Ukrayna hərbi gəmilərinin dənizə çıxışı bağlanıb
Rusiyalı hərbçilər Krımda hərbi gəmini batırıblar. Bununla da onlar Ukrayna Hərbi-Dəniz Donanmasının Cənub hərbi-dəniz bazasından gəmilərin dənizə çıxışını bağlayıblar. Bu barədə UNİAN-a Sevastopoldakı mənbə məlumat verib.
Məlim olub ki, srağagün saat 23.00-da "Donuzlav" qarnizonunda fərqləndirici nişanları olmayan hərbçilər blokpostları tərk etməyə başlayıblar. Yarımsaat sonra Rusiya Qara dəniz donanmasına məxsus gəmilər ərazini tərk edib.
"Oçakov" gəmisinə gəldikdə isə onun xeyli müddətdir istifadəyə yararsız olduğu üzə çıxıb. Məlum olub ki, rusiyalı hərbçilər öncə onu su ilə doldurublar. Sonra isə partlayış baş verib və gəmi batmağa başlayıb.
Əməliyyatdan əvvəl Rusiya gəmilərinin projektorları vasitəsi ilə Ukrayna müşahidə postuna tərəf güclü işığın verildiyi bildirilir.
ABŞ-ın BMT-dəki səfiri: "Putin beynəlxalq
ictimaiyyətin
səbrini sınamasın"
"Vladimir Putin beynəlxalq ictimaiyyətin səbrini sınamasın". Bunu "Azadlıq Radiosu"na açıqlamasında ABŞ-ın BMT-dəki səfiri Samanta Pauer deyib.
Diplomat qeyd edib ki, Rusiya prezidentinin hərbi əməliyyatlara başlayacağı təqdirdə, Rusiya hansı nəticələrlə üzləşəcəyini yoxlamaq istəyini səhv adlandırıb. "ABŞ hələ də ümid edir ki, Putin ona problemin həlli ilə bağlı təklif olunan sülh variantını seçəcək", - deyə o vurğulayıb.
S.Pauer həmçinin Krımda silahlı şəxslərin BMT baş katibinin elçisinin səfərinə mane olduqlarını pisləyib.
Obama və Kemeron: "Rusiya artıq öz
əməllərinin cəzasını
çəkməyə başlayıb"
ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeron hesab edirlər ki, Rusiya Ukraynadakı hərəkətlərinə görə artıq əvəz ödəməyə (itkilərə məruz qalmağa) başlayıb.
UNİAN agentliyinin verdiyi məlumata görə, bu barədə iki lider arasındakı telefon danışığına dair Ağ Evin yaydığı açıqlamada deyilir. Hər iki lider Rusiyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü pozmasından ciddi narahatlığını ifadə edib. Onların fikrincə, hazırkı vəziyyət qəbuledilməzdir. "Moskva artıq öz hərəkətlərinin əvəzini ödəməyə başlayıb, Rusiyadakı investisiya mühitinə inam azalıb", - deyə açıqlamada bildirilir.
Britaniya baş nazirinin dəftərxanası da Kemeron və Obamanın telefon danışığı ilə bağlı rəsmi məlumat yayıb. Məlumata əsasən ABŞ prezidenti və Britaniyanın hökumət başçısı razılaşıblar ki, Rusiyanın Ukraynada bundan sonrakı istənilən hərəkətinin qarşısının alınması və gərginliyin azaldılması istiqamətində birgə işin davam etdirilməsi zəruridir. Qeyd edilib ki, hazırkı vəziyyət qəbul edilə bilməz, çünki Rusiya öz hərbçilərini Ukraynadan hələ geri çağırmayıb və Kiyevdəki yeni hakimiyyəti tanımaqdan imtina edir.
ABŞ konqresmenləri
və senatorları Obamanı Avropa və Ukraynaya
təbii qaz ixracına
başlamağa çağırdı
ABŞ Respublikaçılar Partiyasının nüfuzlu simaları prezident Barak Obamanı ABŞ maye qazının əsas tərəfdaş ölkələrə ixracı üçün mövcud bürokratik əngəlləri aradan qaldırmağa çağırıblar. "Fox News"un verdiyi məlumata görə, respublikaçılar hesab edirlər ki, ABŞ-ın qaz ixrac etməsi üçün mövcud bürokratik əngəllər aradan qaldırılsa, Avropa və Ukraynanın Rusiya təbii qazından asılılığını azaltmaq mümkün olacaq.
"Bu addım indi heç vaxt olmadığı qədər bizə lazımdır", - deyə Senatın Silahlı qüvvələr üzrə komitəsinin üzvü Cim İnhouf söyləyib. Nümayəndələr Palatasının sədri Con Beyner də eyni fikirdədir. O bəyan edib ki, ABŞ öz müttəfiqlərini Rusiya qazından asılı olmağa məcbur etməməlidir: "Qaz ixracına faktiki qadağa anlamına gələn məhdudiyyətlərin aradan qaldırılması və ixracın başlaması ABŞ-ın öz müttəfiqlərinə yardım göstərdiyini aydın nümayiş etdirər və ölkəmizdə yeni iş yerlərinin yaradılmasına səbəb olar".
Senator Con Barasso hesab edir ki, Avropa və Ukraynanın Rusiya qazından asılılığı Moskvanın qazın qiymətləri vasitəsilə bu region üzərində manipulyasiyalarına əsas verir: "Əgər prezident Obama doğrudan da Ukrayna dövlətinə və xalqına kömək etmək istəyirsə, bu ölkəyə sürətli qaz ixracına icazə verməlidir. Bu, Ukraynanın Rusiya enerji ehtiyatlarından asılılığına və Vladimir Putinin siyasi manipulyasiyalarına son qoyardı".
Nümayəndələr Palatasının Enerji və ticarət komitəsinin sədri Fred Apton da hesab edir ki, maye qazın ixracının genişlənməsi Rusiyanın təsirini azaltmağa imkan verəcək, ona görə də bu istiqamətdə sürətlə hərəkət etmək lazımdır. O qeyd edib ki, rəhbərlik etdiyi komitə Şərqi Avropanın baha olmayan yeni enerji mənbələri əldə etməsi üçün qanun layihələrinin hazırlığını davam etdirəcək. F.Apton bildirib ki, hazırkı bürokratik məhdudiyyətlər Rusiyanın bölgədə öz nüfuz dairəsini genişləndirməsi cəhdləri ilə mübarizədə Vaşinqtonun əlini-qolunu bağlayır.
Rəsmi iddia: Ukraynalılar Rusiyada qaçqın
statusu almaq istəyir
Rusiya Federal Miqrasiya Xidmətinə müraciət edən ukraynalıların sayı hər gün 20 faiz artır. Bu barədə Rusiya Federasiya Şurasının konstitusiya qanunvericiliyi komitəsinin rəhbəri Andrey Klişas bildirib.
A.Klişas qeyd edib ki, Ukrayna vətəndaşlarının müraciəti qaçqın statusunun alınması ilə bağlıdır. "Qaçqının statusu almaq üçün müraciət edən Ukrayna vətəndaşlarının sayı 80 faiz artıb. Ümumilikdə isə müraciətlərin sayı hər gün 20 faiz artır. Rəsmi məlumatlara görə, 4 Martda Federal Miqrasiya Xidmətinə 3 min müraciət daxil olubsa, 5 Martda müraciətlərin sayı 5,5 min olub. Müraciətlərin çox hissəsi sadələşdirilmiş formada Rusiya vətəndaşlığının əldə edilməsi ilə bağlıdır", - A.Klişas söyləyib.
Kerri: "Bütün dünya
Ukraynanın müdafiəsi üçün birləşib"
Rusiya səhv seçim etdiyindən bütün dünya Ukraynanı dəstəkləmək üçün birləşib. Bunu isə ABŞ-ın dövlət katibi Con Kerri deyib: "Rusiyanın Ukraynanın ərazi bütövlüyünü pozması bütün dünyanı Ukrayna xalqını müdafiə etmək üçün birləşdirib".
Kerinin fikrincə, bu Rusiyanın seçimidir: "Biz isə hesab edirik ki, bu düzgün seçim deyil. Rusiya vəziyyəti gərginləşdirmək yolunu seçməlidir".
Dövlət katibinin sözlərinə görə, bu təkcə Ukrayna-Rusiya böhranı deyil: "Bu bütün Avropanın böhranıdır. Hər şey Rusiyanın gərginliyi azaltmağa hazır olub-olmamasından asılıdır. Biz Rusiya tərəfini ordunu yubanmadan çıxartmağa çağırırıq. Bizə təcili, bir daha qeyd edirəm təcili bu problemin həlli üçün fəaliyyət lazımdır".
Yanukoviç infarkt olub?
Ukraynanın səlahiyyətləri əlindən alınan prezidenti Viktor Yanukoviç haqqında növbəti iddia ortaya atılıb. Məlumata görə, Ukraynanın paytaxtı Kiyevdən qaçan və Rusiyada olan Yanukoviç infarkt olub. Onun ağır vəziyyətdə Moskvadakı xəstəxanalardan birində çatdırıldığı deyilir.
Hələlik həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər. Bu iddialarla bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, bir necə gün öncə də Ukraynalı hüquq müafiəçisi, Avromaydan hadisələrinin fəallarından biri Mixail Leded Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin Rostov xəstəxanasında ürək tutmasından öldüyünü bildirmişdi. Mixail Lebed bunu öz Facebook hesabında yazmış və məlumatı Rostov kardioloji institutundakı dostundan aldığını qeyd etmişdi:
"Yanukoviçi martın 3-də gecə saat 11-də gətiriblər. 1 saat sonra isə o, ürək tutmasından ölüb".
Rusiya prezidenti Vladimir Putin isə onun sağ-salamat olduğunu demişdi. "O, hətta onun haqqında belə xəbərlər yayanların dəfnində də soyuqlamağa imkan tapacaq".
Yanukoviç və iki
oğluna sərt cəza
Avropa Birliyi (AB) büdcə vəsaitlərinin qanunsuz istifadəsində şübhəli bilinən 18 eks Ukrayna məmurunun siyahısını dərc edib. AB sabiq prezident Viktor Yanukoviç də olmaqla həmin şəxslərin maliyyə hesablarını və aktivlərini dondurub.
Siyahıda Yanukoviçin iki oğlu, keçmiş daxili işlər naziri, eks baş prokuror və onun oğlu, Təhlükəzilik Xidmətinin rəhbəri, Prezident Administrasiyasının rəhbəri, Yanukoviçin məsləhətçisi və digər məmurlar var.
AB-nin yaydığı bəyanatda qeyd olunur ki, sanksiya dərc olunduğu andan qüvvyə minmiş hesab ediləcək.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53