Şok! Bakıda təhlükə saçan yeni möhtəkirlik
12:53 07-03-2014
İQTİSADİYYAT
Şok! Bakıda təhlükə
saçan yeni möhtəkirlik
400-1000 manat arasında dəyişən aparatlarla vətəndaşları aldadanlar kimlərdir?
İndi Bakıda bir dəstə qıvraq gənc peyda olub - şəhəri məhəllə-məhəllə gəzib su təmizləmə aparatı satırlar. Daha çox imkanlı adamların yaşadığı yeni binalara üz tuturlar, kooperativ rəhbərlərinin yardımı ilə mənzil sahiblərini toplayaraq camaatın şəbəkədən istifadə etdiyi suyun çox çirkli olduğunu sübut etməyə çalışırlar.
Üsulları da çox sadədir - şəbəkə suyunu bir qaba doldurub içərisinə iki ədəd elektrod salırlar və cərəyan verirlər, nəticədə suyun üzərində hansısa lehməyə oxşar qat yaranır. Daha sonra şəbəkə suyunu satdıqları təmizləyici qurğudan keçirirlər və elektrodları təkrar salırlar, su olduğu kimi təmiz qalır. "Baxın, şəbəkədən sizə necə də çirkli su verirlər, bu, mütləq təmizlənməlidir", - deyə aparatlarını satmağa çalışırlar.
Bu qıvraq gənclər eyni üsulla marketlərdə satılan qablaşdırılmış bulaq sularını da gözdən salırlar və əksər hallarda niyyətlərinə çatırlar. "Kooperativ iclası"na gələn mənzil sahiblərinin 70 faizi evinə bu cür su təmizləmə qurğusu quraşdırmağa qərar verir. Aparatlar isə elə də ucuz deyil - qiymət 400 manatdan 1000 manata qədər dəyişir.Əslində isə binalara əks-osmos prinsipi ilə işləyən su təmizləyicilər quraşdırılır. Bu prinsip 1970-ci illərdən dəniz suyundan təmiz su alınması üçün işlədilir. Bunun üçün adi şəbəkə təzyiqindən 20 dəfə çox olan yüksək təzyiqdən istifadə edilir. Su əks-osmos üçün istifadə edilən membran vasitəsi ilə təmizlənir, belə membranlar digər tərəfə yalnız su molekullarını buraxır, yəni xlor, ağır metallar, bakteriyalar və viruslar belə membrandan keçmir.Lakin dünyada bu cür təmizlənmiş suyun içilməsinin əleyhinə olanlar çoxdur və Azərbaycan Su İstehsalçıları Birliyinin rəhbəri Dövlət Məmmədov belələrindəndir. "Əks-osmos qurğularından çıxan su ölüdür, onda orqanizm üçün lazım olan minerallar və mikroflora, ən əsası isə oksigen yoxdur. Mən sizi əmin edirəm ki, Bakıda şəbəkə ilə verilən su, istər Şollar suyu, istər Kür və Ceyranbatan suyu, istərsə də Oğuz-Qəbələ suyu əks-osmos suyundan qat-qat yararlıdır. Bu sular şəbəkəyə verilməzdən öncə təmizlənir və içməli hala gətirilir, həm də tərkibindəki həyat üçün vacib minerallar saxlanır. Su təmizləyici aparat satanların elektrodlar vasitəsi ilə şəbəkə suyunun üzərində qat yaratması da normaldır, onun tərkibindəki mineralları göstərir", - deyə Dövlət müəllim bildirib. Onun sözlərinə görə, əks-osmos qurğularının evlərdə içməli su üçün quraşdırılması qanunsuzluqdur: "Bu aparatların evlərə quraşdırılması üçün sertifikatı yoxdur. Bu məsələ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qaldırılmalıdır və evlərə belə qurğuların yerləşdirilməsi qadağan edilməlidir",- deyə Su İstehsalçıları Birliyinin rəhbəri vurğulayır.Ekoloq Telman Zeynalov da əks-osmos üsulü ilə alınmış suyun daimi içilməsini məqsədə uyğun saymır: "Bu su tamamilə mineralsızdır. Ona görə də insan orqanizmində olan bütün mineralları yuyub aparır, yəni istifadəsi məsləhət deyil".Əslində, bu cür qurğuları quraşdıranların işlərini qeyri-rəsmi görməsi də şübhə doğurur. Adətən belə qurğuların quraşdırılması ilə bağlı verilən internet elanlarında stasionar telefon qoyulmur, təklif edilən kreditlər isə bankdan kənar olur. Yəni rəsmi məqam həddindən artıq azdır və bu cür fəaliyyət həm də vergi nəzarətindən kənardır.
Amma Bakıda əks-osmos qurğuları quraşdıran rəsmi şirkətlər də var və onlar müştərilərə bu cür suyu içməyi məsləhət görmürlər. "Biz ifrat təmiz su lazım olan tibb müəssisələrinə, şəbəkə suyundan uzaq olan obyektlərə, evlərə qurğu yerləşdiririk. Müştərilərə bu suyu içməyi məsləhət görmürük. Şəbəkə suyu olan evlərin sahiblərinə bu cür qurğuya ehtiyacları olmadıqlarını bildiririk, çünki şəbəkə suyu içməyə yararlıdır. Amma bizim qurğulardan su içməyə məcbur olanlara isə suyu həm də ozonatordan keçirməyi məsləhət görürük, ozonatordan keçmiş suyu 20 dəqiqədən sonra içmək olar, çünki tərkibi oksigenlə zənginləşir və mikroflora tam bərpa olur",- deyə Bakıda rəsmi fəaliyyət göstərən şirkətlərdən birinin təmsilçisi bildirib. Əslində, ozonator da elə ucuz deyil və qiyməti 300-400 manatdan dəyişir.
Həm də belə suyun daimi işlədilməsi üçün ona lazımi minerallar əlavə edilməlidir. İran körfəzi ölkələrində və Qazaxıstanın Xəzər sahillərində yerləşən Aktau şəhərində su təmizləmə zavodları məhz bu cür fəaliyyət göstərir. Bu, əks-osmos yolu ilə əldə edilmiş suyu xeyli bahalaşdırır. Bakıda rəsmi fəaliyyət göstərən şirkətlərin verdiyi məlumata görə, belə qurğularda suyun 1 litrinin təmizlənməsi üçün təxminən 20 qəpik xərclənir. Buraya təbii ki, tez-tez dəyişdirilməli olan süzgəclərin, işlədilən elektrik enerjisinin və sairənin qiyməti daxildir. Həmçinin qurğuya daxil olan suyun 60%-i kanalizasiyaya axıdılır ki, təmiz su çıxarı təxminən 40% olur. Bunun üzərinə suya əlavə edilən mineralların qiyməti də əlavə olarsa, bu yolla əldə edilən suyun 1 litrinin qiyməti 30 qəpiyə yaxınlaşır. Halbuki, bundan 2-3 dəfə ucuz qiymətə marketlərdən təmiz bulaq suyu almaq mümkündür. Həm də bu yolla əldə edilən su dadsız olur, bir növ yağış suyu tamı verir ki, bu da onu arzuedilməz edir.
Yəni şəbəkə suyu gələn evə təxminən 1500 manata qədər pul xərcləyib sağlamlığa və ailə büdcəsinə zərər vuran bu aparatları quraşdırmağa heç bir ehtiyac yoxdur. Əksinə, Rusiya alimləri şəbəkə suyunu çox ucuz yolla içməli hala salmağın üsulunu tapıblar və soyuducu olan istənilən evdə il uzunu bunu etmək mümkündür.
Bakıda bunun üçün şəbəkə suyunu xüsusi qabda bir gün saxlamaq yetərlidir, bu zaman onun tərkibində qalmış mexaniki qatışıqlar tam çökür, xlor isə sudan ayrılaraq uçur. Həmin suyu soyuğa davamlı qabda soyuducunun buzluğunda dondurmaq lazımdır, bu zamanı onun tərkibindəki bütün bakteriyalar məhv olur. Həmin suyu rahatlıqla əridib üçmək olar.
Çingiz Rüstəmov
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53