Krım böhranı Qarabağ  münaqişəsinə  necə təsir edə bilər?
Krım böhranı Qarabağ
münaqişəsinə
necə təsir edə bilər?
Elxan Şahinoğlu: "Yerevanın avantürasına
Moskvanın yaşıl işıq yandırması problematikdir"

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu "Media forum" saytına özəl açıqlamasında Krım böhranının Qarabağ münaqişəsinə təsiri ehtimalını şərh edib. O deyib:
"Rusiya prezidenti Vladimir Putinin Krımla bağlı danışarkən "beynəlxalq hüquqda xalqların öz müqəddəratını müəyyənləşdirmək hüququ var" ifadəsi işlətməsi, şübhəsiz, İrəvanın ürəyincə olub. Ermənistan rəsmiləri bu ifadəni sülh danışıqlarında hər zaman təkrarlayır və Dağlıq Qarabağ üçün də bu hüququn tanınmasına çalışırlar. Krım referendum keçirib birtərəfli şəkildə "müstəqillik" elan etsə, ardınca da Moskva Krımın "müstəqilliyini" tanısa, İrəvan Dağlıq
Qarabağ xalqının da referendum yoluyla "müstəqilliyini" müəyyənləşdirmək vacibliyini ön plana çıxaracaq. "Krıma olarsa, Dağlıq Qarabağa niyə olmasın?" sualını gündəmə gətirməyə çalışacaqlar. Ancaq Kosovo misalında olduğu kimi, Krım nümunəsi də Yerevana kömək etməyəcək. Yerevan Dağlıq Qarabağın da Krım kimi öz müqəddəratını təyin etmək hüququnun olduğunu gündəmə gətirərsə, ABŞ və Avropa Birliyinin etirazı ilə üzləşəcək. Belə başa düşüləcək ki, Yerevan Rusiyanın Krımı işğalından öz məqsədi üçün yararlanmaq istəyir. Qərb Krımın işğalına etiraz etdiyi kimi İrəvanın bu siyasətinə qarşı da çıxacaq.
Digər tərəfdən, İrəvanın məqamdan istifadə edərək Dağlıq Qarabağla Krım arasında bərabərlik işarəsi qoymağa çalışması Moskvanın özündə də soyuq qarşılana bilər. Onsuz da Moskva Krım siyasətinə görə ABŞ və Avropa Birliyinin siyasi və iqtisadi sanksiyaları ilə üz-üzə qalıb, imicinə zərər dəyib və belə bir ağır dövrdə Putinin "Dağlıq Qarabağın haqqının tanınması" məsələsində İrəvana verəcəyi dəstək onun vəziyyətini bir az daha mürəkkəbləşdirə bilər. Ona görə də Yerevanın avantürasına Moskvanın yaşıl işıq yandırması problematikdir.
Buna baxmayaraq indiki məqamda rəsmi Bakının da ehtiyatlı siyasət aparması vacibdir. Azərbaycanın siyasi dairələrində son zamanlar belə fikir səslənir ki, Rusiyanın başı qarışıb, Qərblə problemləri dərinləşib, belə bir vəziyyətdə Yerevana real dəstək verə bilməyəcək. Ona görə də itirdiyimiz Qarabağ torpaqlarını müharibə yolu ilə geri qala bilərik. Birincisi, Rusiyanın başı Krıma qarışsa da, Qərblə üz-üzə qalsa da, Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsinə imkan verməyəcək. Çünki Rusiya Dağlıq Qarabağı da itirərsə, Cənubi Qafqazdakı mövqelərini tam laxlatmış olacaq. Bu, Ukraynanın itirilməsindən sonra Rusiyaya ikinci ağır zərbə olar. Ona görə də bütün hallarda Rusiya ordusu Ermənistanı müdafiə edəcək, Dağlıq Qarabağ separatçılarına real dəstək verəcək. Azərbaycan Dağlıq Qarabağda məhz indi müharibəyə başlayarsa, Rusiya Abxaziya, Cənubi Osetiya və Krımın nümunəsində olduğu kimi Dağlıq Qarabağın da "müstəqilliyini" tanıya bilər. Belə bir təhlükənin varlığını unutmamalıyıq.
İkincisi, Azərbaycanın Dağlıq Qarabağda müharibəyə başlaması Bakını ABŞ və Avropa Birliyi ilə də üz-üzə qoyacaq. Əlbəttə, Vaşinqton və Brüssel Rusiyanın Cənubi Qafqaz, o cümlədən Ermənistan üzərində nəzarətinin azaldılmasını istəyir. Bu, Krımın işğalından sonra Qərb üçün daha da aktualdır. Ancaq bu o demək deyil ki, Qərb də Azərbaycanın müharibə planına yaşıl işıq yandıra bilər. Çünki müharibə Azərbaycanın xeyrinə olmayacaqsa, Rusiya Azərbaycanın zəifləməsinə çalışacaq. Ukraynada kənar bir dağıdıcı ölkə - Rusiya var. Azərbaycanın zəifləməsində isə, azı, 3 ölkə maraqlıdır -Rusiya, Ermənistan və İran".