Qeyri-ənənəvi təriqətlərə öldürücü zərbə
10:34 12-03-2014
SİYASƏT
Qeyri-ənənəvi təriqətlərə öldürücü zərbə
Azərbaycanda qanunsuz olaraq dini məzhəbləri yaymaq terror sayılacaq
Son zamanlar Azərbaycanda radikal dini qruplaşmaların gündəmə gəlməsi sözsüz ki, birmənalı qarşılanmadı. Bu sahədə diqqəti daha çox cəlb edənlər isə Suriyaya azərbaycanlı gənclərin gedişini təmin edən xəvariclərlə, Türkiyəyə bağlılığı olan nurçular idi. Birincilər radikal baxışları ilə tanınsalarda, ikincilər rəsmən bir təriqət kimi qəbul olunmur və əsasən təhsil, media və səhiyyə sektorunda fəaliyyət göstərirlər.
Nəticədə demək olar ki, hakimiyyət içində hakimiyyət yaratmış kimi görünürlər. Bu baxımdan Türkiyədə olanları xüsusi olaraq qeyd etmək lazımdır. Məlum oldu ki, Türkiyədə nurçular dövlətin içinə o qədər yeriyiblər ki, hətta baş naziri belə həbs etməyə cəhd etdilər. Məhz bu təhlükə ortaya çıxandan sonra Azərbaycanda da nurçuların fəaliyyətinə diqqət artırıldı. Xəvariclərə gəldikdə isə onların dövlət üçün təhlükə olduqları aydınca görünür. Belə ki, onlar Azərbaycan əhalisini onlar kimi olmadıqlarına görə kafir adlandırır və xilafətin qurulmasını əsas məqsədləri hesab edirlər. Sözsüz ki, silah yolu ilə. Buna görə də demək olar ki, dövlətin bütün strukturları hərəkətə keçdi və bunun qarşısını almaq, dini-milli tolerantlığın qorunması üçün konkret addımlar atdılar. Amma proseslərin daha sistemli olması və ciddi nəticələr əldə etmək üçün qanunvericilik bazasında müəyyən dəyişikliklər etməyə ehtiyacın olduğu aşkarlandı. Məhz bunu nəzərə alaraq Azərbaycan qanunvericiliyində terror anlayışının əhatə dairəsi genişləndiriləcək. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsindən verilən məlumata görə, “Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna bununla bağlı yeni əlavə və dəyişikliklər təklif olunub.Təklif edilən müddəalara əsasən terrorçuluğa açıq çağırışlar, Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmək, aqressiv dini təriqətlərə qoşularaq silahlı qrup yaratmaq və ölkə daxilində, xaricində terrorçuluğu maliyyələşdirmək terror faktı kimi qiymətləndiriləcək. Cinayət Məcəlləsinin terrorçuluğa dair maddələri bu hallara da şamil olunaraq sərt cəzalar tətbiq ediləcək. Bununla bağlı “Unikal”a açıqlama verən Zahid Oruc faktı təsdiqləyərək bunun səbəblərini açıqlayıb:-“Bəli belə bir məsələ var və artıq iki komitədən bununla bağlı konkret təkliflər qəbul olunub. Bu günlərdə Milli Məclisdə həm hökümətin hesabatı dinləniləcək, həm də bu məsələ müzakirəyə çıxarılacaq. Hesab edirəm ki, buna artıq ciddi zərurət var. Çünki hazırda “Dini etiqad azadlığı” haqqında qanuna müvafiq olaraq dini təşkilatlar sərbəst fəaliyyət göstərirlər və onların fəaliyyətinə hər hansı müdaxilə yoxdur. Amma bununla paralel olaraq elə təriqətlər var ki, qeydiyyatları yoxdur və gizli şəkildə fəaliyyət göstərirlər. Halbu ki, onlar cəmiyyətə açıq olmalı və məsuliyyətlərini nümayiş etdirməlidirlər. Amma onlar bunu etmir və bunun özü artıq dini azadlığa bir zərbədir. Bundan başqa Suriya məsələsində aydın oldu ki, müəyyən qüvvələr hansısa yolla gəncləri yoldan çıxararaq Suriyaya döyüşlərə aparırılar və bunun qarşısı alınmalıdır. Əslində onların gördüyü iş elə terrorun bir növüdür. Bütün bunları nəzərə alaraq bu məsələni gündəmə gətirdik və bunun ciddi təsirləri olacaq. Yeri gəlmişkən bunu da qeyd edim ki, BMT-in qəbul etdiyi bir çox sənədlərdə qeyri-qanuni şəkildə fəaliyyət göstərən qurumlar terror qurumları kimi qəbul olunub. Sadəcə dövlətlər öz milli qanunvericilik bazalarına uyğun olaraq BMT-in bu tövsiyyəsini ya qəbul edir, yada buna ehtiyac hiss etmir. İndiki halda biz hesab edirik ki, qanunla bu məsələnin təsdiqini həll etməliyik”. Bunu da qeyd edək ki, əksər Avropa ölkələrində bu metoddan istifadə olunur və İspaniya ilə İngiltərədə bu daha sərt şəkildə həyata keçirilir. Qeyd edək ki, İspaniya bask probleminə görə hətta hansısa dini motivli aqressiv çıxış edən şəxslər belə terrorçu kimi nəzarətə götürülür. Ekspertlər hesab edir ki, qərbin özündə belə hallar olsada Azərbaycanda qanuna ediləcək bu dəyişikliyi birmənalı qəbul etməyəcəklər. Çünki əslində Azərbaycanda dini və milli tolerantlığı pozmaq istəyən qüvvələr elə qərbdə əyləşiblər və erməni lobbisi ilə sıx bağlıdırlar. Buna baxmayaraq qanunun qəbulu qaçılmazdır. “Unikal”a açıqlama verən professor Kamil Səlimov hesab edir ki, bu sahədə bir sıra mühüm addımlar atılmalıdır:-“Parlament belə bir addım atmağa hazırlaşırsa görünür əllərində başqa ciddi arqumentlər var. Hesab edirəm ki, bu sahədə real təhlükələr var və bu səbəbdən də mütləq mühüm addımlar atılmalıdır. Mən hesab edirəm ki, bu qanunun qəbulu ilə yanaşı proflaktik addımlarda atılmalıdır. Nə mənada? Təsəvvür eləyin ki, qanunun sərtliyi ilə bu şəxslər həbs olunur. Nəticədə onlar yenə hansısa auditoriyaya düşürlər və başlayırlar məhbusların arasında təbliğata . Nəticədə orada da özlərinə ciddi dayaqlar yaratmış olurlar. Məhbus psixologiyası isə elədir ki, bu cür məqamlara tez meyilli olurlar. Buna görə düşünməliyik ki, onları həbsxanalarda islah edə bilərikmi? Məncə indidən maarifləndirmə işləri həyata keçirilməli və bu cür terrora meyilli qüvvələri bu yoldan çəkindirməliyik. Bunu da qeyd edim ki, biz bir sıra təkliflər planı hazırlamışıq və lazımi dövlət orqanlarına təqdim etmişik. İnanıram ki, yaxın vaxtlarda bu istiqamətdə real addımlar atılacaq.Bunu da qeyd edim ki, terrorun müxtəlif növləri də mövcuddur. Məsələn milli müstəvidə formalaşan terrorçular, ekstremizm həddində formalaşan terrorçuluq, dövlət siyasətinə yönəli terror forması. Biz bütün bunların hər birini mütləq nəzərə almalıyıq. Çünki sonra bu məsələ kifayət qədər məcrasından çıxa bilər”.Bu arada Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə dindən şəxsi məqsədlər üçün istifadə cəhdlərinə qarşı müsəlmanların birləşməsini vacib sayacaq açıqlama ilə çıxış edib. A.Paşazadə qeyd edib ki, qloballaşma şəraitində İslama qarşı artan hücum və haqsız ittihamlar, dini səviyyədə qarşıdurma yaratmaq, dindən şəxsi məqsədlər üçün istifadə cəhdləri fonunda sülh və ədalətin bərqərarı üçün bütün İslam ümmətinin bir araya gəlməsi zəruridir: "İslam sülh dinidir. Sülh İslamın cövhərindədir. Dünyamızın çağdaş durumunda iqtisadi, siyasi, mənəvi sahələrdə yaşanan çoxsaylı problemlər fonunda sülhün təmini olduqca mühümdür. Əminəm ki, inşallah, müsəlman ümməti böyük sınaqların öhdəsindən layiqincə gələcək, məmləkətlərimizdə və ümumən İslam dünyasında sülh və istiqrar bərqərar olacaqdır".A.Paşazadə vurğulayıb ki, İslam dünyada ümümi sülhün bərqərar olması baxımından əhəmiyyət kəsb edən sivilizasiyalararası dialoq və multikulturalizmə böyük önəm verir: "İslam özgə mədəniyyətlərlə səmərəli qarşılıqlı dialoq yaratmaq ənənələrinə malik bir dindir. Hər zaman olduğu kimi, bu gün də sülh, İslami birlik və İslam həmrəyliyi məsələsi olduqca vacibdir. Ümmətdaxili ixtilaflar nəticəsində İraqda, habelə Əfqanıstan, Livan, Suriya və Fələstində illərdən bəri qırğınlar davam edir ki, nəticədə müsəlman ümməti əziyyət çəkir və bu faciəli hadisələr bizi hədsiz narahat edir".Bunu da qeyd edək ki, Şeyxülislam Hacı Allahşükür Paşazadə hər dəfə belə açıqlamalar verəndən sonra ciddi təpkilərlə qarşılaşır. Bu isə göstərir ki, radikal qruplaşmalar məqsədlərinə nail olmaq üçün bütün hazırlıqlarını görüblər və geri çəkilmək niyyətində deyillər. Məhz bu faktoruda nəzərə alaraq qanunvericilikdə sərtləşməni artırmaq vacibdir. Nəyə görə? İlk növbədə ona görə ki, belə təriqətlərin fəaliyyəti qanunla yasaq olsada onlar yenə aktiv fəaliyyətdə olurlar və işlərini davam etdirirlər. Qanun isə bunun qarşısını almaqda aciz olur. Məsələn, götürəyin elə İslam Partiyasını. Bu partiyanın rəsmi fəaliyyəti yasaqlandı və aydın oldu ki, bu partiya İranda müəyyən qüvvələrlə əlbirdir və buna görə partiyanın bir neçə üzvü hətta həbs olundu. Amma bu gündə bu partiya fəaliyyət göstərir və zaman-zaman bəyanatlarla çıxış edirlər. Deməli bunun qarşısını almaq üçün daha ciddi tədbirlər həyata keçirilməlidir. Məhz bu qanunun qəbulundan sonra belə təşkilatların fəaliyyəti tam olaraq durdurulacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə əsasında. Səhifəni hazırladı Eldəniz Elgün
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35