Radikal dini qruplaşmalar siyasi meydanda
11:34 14-03-2014
SİYASƏT
Radikal dini qruplaşmalar siyasi meydanda
Azərbaycan hakimiyyəti geri çəkilmək niyyətində deyil
Son günlər gündəmdən düşməyən məsələlərdən biri də nurçularla bağlı məsələdir. Azərbaycanda dini tolerantlığa mənfi təsir göstərdiyi ehtimal edilən təriqət üzvlərinin ciddi dayaqlara sahib olduqları hətta siyasi proseslərə belə müdaxilə etdikləri bildirilir. Bu arada belə fikirdə səsləndirildi ki, nurçular Azərbaycanda həm də müxalifətə gizli şəkildə dayaq olublar. Ümumiyyətlə son zamanlar müşahidə olunan proseslərdən biri də budur ki, radikal dini qruplaşmalar müxalifətlə ciddi əlaqələr qurmağa çalışırlar.
Politoloq Mübariz Əhmədoğlu “Unikal”a verdiyi açıqlamada bildirdi ki, radikal dini qruplaşmaların müxalifətə yaxınlaşması heç də təsadüfi hal deyil:-“Bu gün radikal dini qruplaşmalar müxalifətə yaxınlaşmaqla bir sıra məqsədlər güdürlər. Onlar ölkədəki dini tolernatlığı pozmaqla yanaşı həmdə bir güc olaraq ortaya çıxmağa çalışırlar. Bu səbəbdən də onlar həm müxalifətə yaxınlaşırlar, həmdə xarici qüvvələrlə belə sövdələşmələrə gedirlər. Məqsəd isə hakimiyyətə güc nümayiş etdirməkdir. Bildiyiniz kimi hakimiyyət ölkədəki dini tolerantlığı qorumaq üçün bütün resurslarını işə salıb və geri çəkilmək niyyətindədə deyillər və hakimiyyətin bu addımı cəmiyyət tərəfindən də qəbul olunur. Bu baxımdan radikal qruplaşmalar təşvişə düşüblər və özlərinə əlavə güc toplamaq üçün müxalifətlədə bir masa arxasında oturmağa çalışırlar. Hesab edirəm ki, müxalifətdə olan müəyyən şəxslər radikal qruplaşmalara meyilli olsunlar. Amma ümumilikdə onların radikal dini qruplaşmalarla razılığa gəlməsi mümkün görünmür ”. Bu arada ADP sədri də maraqlı açıqlama ilə çıxış edib.“Nurçular dünya ağalığına nail olmaq istəyir. Amma Azərbaycanda nurçu təriqətinin fəaliyyət göstərməsi üçün münbit şəraitin olması da göz qabağındadır”. Bunu ADP sədri Sərdar Cəlaloğlu Azərbaycanda Fəthullah Gülənə məxsus nurçu camaatının fəaliyyətini şərh edərkən deyib. O bildirib ki, nurçuların cəmiyyətin müxtəlif təbəqələrinə, dövlət strukturlarına nüfuz etməsinin səbəblərindən biri də Azərbaycanda ənənəvi təriqətləri təmsil edənlərin fəaliyyətsizliyidir. ADP sədrinin sözlərinə görə, ölkəmiz 20 ildən çoxdur müstəqillik əldə etməsinə baxmayaraq normal din xadimi ortaya çıxmayıb. Azərbaycan televiziyalarında din mövzusunda verilişlər olduqca azdır. Olanlar da xalq kütlələrinin ruhuna işləmir. Azərbaycanda dini təbliğat yox səviyyəsindədir. Başqa-başqa təriqətlər, o cümlədən nurçuluğun nümayəndələri isə tam fərqli şəkildə, sanballı, əhatəli təbliğatlarını aparırlar”.
Partiya rəhbəri hesab edir ki, Azərbaycanda nurçular heç də özlərinin dedikləri kimi dini təbliğatla məşğul deyillər: “Fəthullah Gülən şəbəkəsinə aid qruplar yalnız təhsil sahəsində aktiv deyillər”,Cəlaloğlunun sözlərinə görə, nurçuluqla müqayisədə Azərbaycandakı digər ənənəvi din mühitinin təbliğatçıları normal fəaliyyət göstərmir: “Ona görə də nurçuluq, vəhhabilik və xristian təriqətləri Azərbaycanda yaxşı inkişaf edib. Azərbaycanda dinin təşkilatlanmasına konseptual olaraq yenidən yanaşmalıyıq”, - deyən S. Cəlaloğlu Qafqaz Müsəlmanları İdarəsini də işin öhdəsindən gəlməməkdə ittiham edib. Onun fikrincə, nurçuların əsas hədəfləri elitar siyasətə hesablanıb: “Nurçuluq mason tipli bir təriqətdir. Türkiyədə olduğu kimi Azərbaycanda da eynilə yazıçılar, sənət adamları, siyasətçilər, deputatlar, nazirlər arasında nurçular var. Bir də görürsən ki, elə də siyasi çəkisi olmayan bir adam gəlib deputat, nazir müavini olur.
Araşdıranda görmək olar ki, belə adamların Azərbaycan şərtlərində ölkəyə gəlməsi kənar təsir olmadan mümkün deyil. Azərbaycan hökumətinin bu gün nurçulara qarşı apardığı mübarizə Türkiyədə AKP hakimiyyətinin yürütdüyü siyasətin surətidir. Azərbaycan müstəqil şəkildə nurçuluğa qarşı mübarizə aparmır. Çünki Türkiyədə nurçuluğun yaratdığı təhlükənin Azərbaycanda gerçəkləşməsi real görünmür. Nurçular əsasən Türkiyədə yaratmaq istədikləri şəriət dövlətinə Azərbaycandakı nümayəndələrinin necə dəstək verəcəyini düşünürlər”.
S.Cəlaloğlu nurçu camaatın Azərbaycan müxalifətində olması ehtimalından danışıb. O bildirib ki, belə bir hal istisna deyil: “Onlar üçün kimin müxalifətdə, kimin iqtidarda olmasının önəmi yoxdur. Əlimdə konkret fakt yoxdur. Amma nurçuların Azərbaycan müxalifətində bəzi adamlara dəstək verməsi ehtimalı güclüdür”.”Unikal”a açıqlama verən politoloq Qabil Hüseyinlidə radikal dini qruplaşmaların müxalifətlə işbirliyinə getməsini təhlükəli məqam kimi dəyərləndirir:-“Onların müxalifətlə işbirliyinə getməsinin kökündə ciddi səbəblər var. İlk növbədə onlar müxalifətdən istifadə etməyə çalışırlar. Bunu hamı bilməlidir ki, radikal dini qruplaşmalar xaricdən maliyyələşirlər və konkret ideoloji tapşırığı yerinə yetirməklə məşğuldurlar. Ola bilsin ki, hansısa məqamda taktiki gediş olaraq müxalifətlə bir araya gəlməyi düşünürlər. Amma onların ideologiyası tamam başqadır və onlar xarici ölkələrdən aldıqları əmri yerinə yetirməklə məşğuldurlar. Bunu da qeyd edim ki, milli müxalifət radikal dini qruplaşmalarla bir araya gələrlərsə onlar sadəcə sıradan çıxacaqlar. Çünki müxalifətdən fərqli olaraq dini qruplaşmaların ciddi maliyyələri var,sosial baza formalaşdıra biliblər. Belə olan halda müxalifət onların şərtləri ilə hərəkət etməli olacaqlar. Təsəvvürünüzə gətirin ki, bu gün Azərbaycanda 70 min vəhhabi var. Bunun nə demək olduğunu təsəvvür edin. Bu o deməkdir ki, bu gün Səüdiyyə Ərəbistanın əmrini yerinə yetirəcək 70 min adamı var. Çünki onlar Səüdiyyə Ərəbistanından gələn maliyyə və əmrlə idarə olunurlar və Azərbaycanın dövlətçiliyi üçün bu real təhlükədir”. Bunu da qeyd edək ki, bir sıra şərq ölkələrində də müxalifətlə radikal dini qruplaşmalar bir araya gəlmişdilər. Bəs nəticə necə oldu?Götürək Suriyanı. Müxalifət kifayət qədər aktivləşmişdi və Bəşər Əsəd hakimiyyəti artıq güzəştlərə belə hazır idi. Müxalifət isə gücünü artırmaq üçün radikal dini qruplaşmalarla bir araya gəldilər. Nəticədə nə baş verdi? Xalq inqilabı, dini qruplaşmaların terror aktı ilə əvəzləndi. Nəticədə bu gün Suriya qan gölündə boğulur. Hazırda bu qruplaşmalar nəinki hakimiyyətə qarşı, həm də bir-birilərinə qarşı savaş açıblar. Məhz bundan sonra dünya dövlətləri də Suriya müxalifətinə kömək etməkdən imtina etdilər. Ekspertlər buna görə hesab edirlər ki, Azərbaycanda da müxalifətlə dini qruplaşmalar bir araya gələrlərsə xoşagəlməz hadisələr baş verə bilər. Bunu da qeyd edək ki, öncələr radikal dini qruplaşmalar siyasi proseslərə o qədərdə həvəs göstərmirdilərsə, indi bütün açıqlamalar siyasi motivli olur. Bunu da qeyd edək ki, dini qruplaşmaların siyasiləşməsinə müəyyən qərb dairələri və Azərbaycandakı bəzi QHT rəhbərləri cəhd göstərir. Bu baxımdan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusu xüsusi olaraq qeyd etmək lazımdır. Leyla Yunus istənilən cəhdində həbsdə olan islamçıları siyasi məhbus siyahısına saldırır və bununla da onların rəğbətini qazanmaqla, onların siyasiləşməsinə imkan yaradır. Bundan başqa aydın olur ki, İrana bağlılığı olan dini qruplaşmalarda açıq şəkildə siyasətə meyillənirlər və hətta qarşıdan gələn parlament seçkilərində iştirak etmək haqqında da düşünürlər. Bəs Azərbaycan hakimiyyəti necə, bu proseslərin qarşısını ala biləcəkmi? Hazırda atılan addımları təhlil etdikdə görürük ki, bütün cəbhələrdə hakimiyyət aktivləşib və zəruri profilaktik tədbirlər həyata keçirilir. İstər qanunvericilik bazasında sərtliyin artırılması, istər maarifləndirmə işlərinin həyata keçirilməsi təqdirəlayiqdir. Bunu da qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bölgələrdə din xadimlərinin maarifləndirilməsi üçün kurslar təşkil ediblər və kifayət qədər ciddi uğurlar əldə olunub. Həmçinin
Elmlər Akademiyasında da radikallaşmanın qarşısını almaq üçün tədqiqat işlərinə start verilib və mərkəzləşmiş şəkildə proseslərin həlli araşdırılır. Beləliklə hesab etmək olar ki, bu kompleks tədbirlərlə Azərbaycanda dini tolerantlığa zərbə vurmağa çalışan qüvvələr sıradan çıxarılacaq və ölkənin milli təhlükəsizliyinə olan təhlükə sıradan çıxacaq. Müxalifət isə ən azından şərq dünyasında radikal dini qruplaşmaların başladığı “inqilab”ların necə sona çatdığını yada salıb onlarla əməkdaşlığın təhlükəli bir oyun olduğunu görərlər.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53