Metro ticarəti kimin nəzarətinə keçir?
Metro ticarəti kimin nəzarətinə keçir?
Yığışdırılan ticarət köşklərinin sahibləri üçün “Metro Ticarəti Mərkəzi” yaradılır

“Bakı Metropoliteni”nin 21 stansiyasında artıq 10 gündən çoxdur ki, ticarət köşklərinin fəaliyyəti dayandırılıb.
Bundan əvvəl köşkləri sökülən sahibkarlara “Amay” , “Yeni Günəşli” ticarət mərkəzlərində, “Keşlə”, “Yaşıl” və “Şərq” bazarlarında yerlər təklif olunduğu haqqında məlumat verilmişdi.
Həmin təkliflə razılaşacaqları təqdirdə ticarətçilərdən 3 ay müddətində dövlət rüsumu alınmayacağı vəd olunsa da, onlar buna etiraz edirlər. Vətəndaşlar bunu adıçəkilən yerlərdə alverin zəifliyi ilə izah edirlər.
Yeni məlumata görə, onlara təklif olunan növbəti məkan “Lotos” ticarət mərkəzidir. Sözügedən ticarət mərkəzində mebel mağazasının satıcısı deyib ki, bu səbəbdən hətta onlar iş yerlərini dəyişdirməli olublar (hafta.az): “Əvvəl “Neftçilər” metrosunun üstündə rahat yerdəydi iş. İndi metrodakılara görə bütün malları Masazır-Xırdalan yolunda yerləşən obyektə köçürüblər. Artıq metrodakılar köçüblər yerlərinə. Yer böyük olduğuna görə onlar üçün 200-dən çox köşk yaradılıb. Düzdür balaca köşklərdi, amma onsuz da metroda da onlar xırda-xuruş satırdılar. Köşklərin sahəsi 2 metrin 3 metrə olar”.
Satıcının sözlərinə görə, metro ticarətçiləri bu təklifdən olduqca razıdır və bu, ən sərfəli təklifdir. Belə ki, “Lotos”da köşk sahiblərindən ayda 300 manat icarə pulu alınacaq. Nəzərə alsaq ki, köşklərin ən azı 100-ü sahibkarını tapacaq, deməli, rəhbərlik ayda 30 000 manat icarə pulu götürəcək.
Bundan əvvəl xırda köşklər yaradılan həmin böyük məkanda məhz mebel mağazası yerləşib. Maraqlısı budur ki, mebel mağazası üçün sahibkarlar rəhbərliyə 13 000 manat icarə haqqı ödəyiblər. İndi isə ayrı-ayrı ticarətçilərdən toplanacaq ümumi məbləği iki qatdan da çox çıxır.
Ticarətçilərin məlumatına görə, köşklər “Metro Ticarət Mərkəzi” adı altında fəaliyyət göstərəcək. Şərtlərlə razılaşan hər bir ticarətçi “Lotos”a müraciət edə bilər.
Məlumat üçün deyək ki, metro ticarəti bağlanandan sonra və əvvəl metro ticarətçiləri dəfələrlə metro stansiyaları və Bakı meriyası qarşısında etiraz aksiyaları təşkil etmişdilər. Sonuncu dəfə isə şikayətçiləri Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qəbul edib.
Qeyd edək ki, “Metro Ticarəti Mərkəzi”nin yaradılması Bakı Metropoliteninin stansiyalarından yığışdırılan ticarət köşklərinin bir əldə cəmləşdirilməsinə başlandığı barədə rəylərin ortaya çıxmasına səbəb olub. Yeni ticarət mərkəzinin hansısa iri məmurun nəzarətində fəaliyyətə başlayacağına dair də iddialar var. Azərbaycan reallığından çıxış etdikdə isə bu iddialar kifayət qədər ağlabatan xarakter daşıyır.
Xatırladaq ki, yayılan xəbərdə adı keçən “Lotos” ticarət mərkəzinə Hacı Araz adlı şəxsin rəhbərlik etdiyinə dair bundan əvvəl mətbuatda bir çox məlumatlar dərc edilib.
Ülviyyə Qasımlı