Səfər Əbiyev kirvəsini hakimiyyətin üstünə qaldırdı
12:34 02-04-2014
İQTİSADİYYAT
Səfər Əbiyev kirvəsini hakimiyyətin üstünə qaldırdı
Sabiq nazir müavini Aslan Aslanovun son açıqlaması hansı mətləblərdən xəbər verir?
Prezident İlham Əliyevin həyata keçirdiyi son kadr islahatlarından sonra vəzifələrini itirən nazir və nazir müavinlərinin hərəkətlənmələrini müşahidə etməkdəyik. Əslində bununla bağlı ölkə mediasında bəzi əlamətlər görülməkdəydi, amma bir neçə gün bundan öncə kənd təsərrüfatı nazirinin müavini, eyni zamanda sabiq müdafiə naziri Səfər Əbiyevin kirvəsi Aslan Aslanovun mətbuata verdiyi açıqlama həmin əlamətlərin ən böyüyü sayıla bilər.
Ölkə gündəmində “bomba” effekti yaradan bu açıqlamada olduqca maraqlı və ziddiyyətli məqam yetərincədir. Bundan başqa Aslan Aslanovun gözlənilmədən kulisdən açıq səhnəyə çıxaraq özü və təmsil olunduğu komanda üçün mənfi nəticələr verə biləcək açıqlamaya imza atması isə heç də sadə məsələ olmayıb. Bu haqda “Unikal” qəzetinə konkret informasiyalar daxil olub və bir qədər sonra həmin informasiyalar və bunlardan çıxan nəticələr haqda ətraflı bəhs edəcəyik. İndi isə Aslan Aslanovun qalmaqallı açıqlamasında işlətdiyi bəzi fikirlərə göz ataq:
“Mən kənd təsərrüfatı nazirinin müavini təyin olunanda şəxsən cənab prezidentlə danışmışam. Bu vəzifəyə gələndən sonra da gördüyünüz kimi istehsal hər il artıb. Mən namusla, qeyrətlə xidmət etmişəm. Kənd Təsərrüfatı Nazirliyində öz kurasiyama aid olan işlərin öhdəsindən layiqincə gəlmişəm. Kənd Təsərrüfatı Nazirliyində nazir müavini tək mən olmamışam, orada nazir müavinləri çox olub. Ancaq mən nazir müavini olmağıma baxmayaraq digər nazirlərlə danışıqları aparıb kurasiyama aid olan bitkiçilik və heyvandarlıqla bağlı məsələləri həll edirdim. Nazirlikdə nə isə problem olanda çox narahat olurdum, çalışırdım ki, həmin problemlər həllini tapsın. Hər zaman kənd təsərrüfatının inkişafı üçün çalışmışam”.
Göründüyü kimi, Aslan Aslanov yuxarıdakı fikirlərilə sanki kimlərəsə meydan oxuyaraq vəzifədən azad olunmasının yanlış qərar olduğunu diqqətə çatdırır. Amma bir məsələni “unudur” ki, nazir müavinlərinin vəzifəyə təyinatı və vəzifədən azad edilməsi birbaşa prezidentin səlahiyyətində olan məsələdir. Belə olan halda özünün iddia etdiyi kimi “çox yaxşı işləyən”, “nazir müavini kimi öz sahəsiylə kifayətlənməyib digər sahələrə də əl atan” Aslan Aslanov görəsən nə demək istəyir? Prezidentin onu vəzifədən azad etməsi yanlış qərar imiş? Axı o bütün açıqlaması boyunca prezidentin kursuna sadiqliyini də az qala hər iki cümlədən bir təkrarlayır? Bu Aslan Aslanovun məlum açıqlamasındakı o qədər də asan izah edilməyən ziddiyyətlərdən biri olaraq diqqəti elə ilk baxışdan özünə çəkməkdədir. Onun açıqlamasının “kuliminasiya nöqtəsini təşkil edən aşağıdakı parçada kifayət qədər maraqlı nüanslar var, onlarla tanış olaq:
“Cənab prezident məni hamıdan yaxşı tanıyır və mənim barəmdə hansı qərar qəbul edibsə, bu onun səlahiyyətlərinə aid olan məsələdir.
Digər tərəfdən isə kimsə mənim barəmdə prezidentə yalandan nə isə çatdırıbsa, mən həmin adamı şərəfsiz sayıram. Çünki bizim ailəmiz 1964-cü ildən bəri ulu öndər Heydər Əliyevlə tanışdır. Rəhmətlik atam da o vaxtı Heydər Əliyevin vaxtında vəzifədə işləyib. Ona görə də vəzifəsindən asılı olmayaraq kimsə gedib mənim haqqımda cənab prezidentə yalandan məlumat veribsə, o adam şərəfsizdir. Mən bu cür adamları şərəfsiz sayıram. Digər tərəfdən isə cənab prezident heç zaman həmin adamların yalan sözlərinə inanmaz”.
Açıqlamanın bu hissəsindən də göründüyü kimi, Aslan Aslanov kifayət qədər “irəli gedib” və bu “irəliləmə”nin onun karyerasında hansı rolu oynayacağı başqa bir yazının mövzusu ola bilər. Hər halda hər kəsə aydındır ki, istənilən şəxs, o cümlədən elə Aslan Aslanov haqqında da prezidentə kimlər məlumat verə bilər. Həmin şəxslər isə sıradan biriləri deyil və Aslan Aslanovun düz 3 yerdə mücərrəd şəkildə kimlərə “şərəfsiz” deməsi təbii ki, cavabsız qalmayacaq. Eyni zamanda məsələnin başqa bir tərəfi də var ki, Aslan Aslanov uzun müddət mühüm dövlət vəzifələri daşımış biri kimi nə dediyinin fərqindədir və bütün bunları planlı şəkildə edib. O zaman ortaya yeni bir sual çıxır: Aslan Aslanov durduğu yerdə özünü niyə odun içinə atsın?
Bununla bağlı “Unikal” qəzetini bilgiləndirən mənbə isə iddia edir ki, sabiq nazir müavinini bu işə təhrik edən sabiq müdafiə naziri və yaxın qohumu Səfər Əbiyevdir: “Aslan Aslanov hakimiyyət daxilində keçmiş müdafiə naziri Səfər Əbiyevin təsiri altında olan şəxs kimi tanınır. Belə ki, Aslan Aslanov atdığı bütün addımlarla bağlı məhz Səfər Əbiyevlə məsləhətləşir. Odur ki, bu açıqlamanın həmmüəlliflərindən birinin də məhz Səfər Əbiyev olması daha ağlabatandır. Görünür, Səfər Əbiyev kirvəsini hakimiyyətdəki bəzi qüvvələrin üstünə qaldırmaqla revanş götürmək niyyətindədir. Amma Səfər Əbiyev-Aslan Aslanov ittifaqının bu gedişlərlə nəyəsə nail olacağını düşünmək sadəlöhvlük olardı. Əksinə Aslan Aslanovun məlum açıqlaması onların revanş imkanlarının üzərindən birdəfəlik xətt də çəkə bilər”.
Orxan Həsənli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53