Vaşinqtonda Heydər Əliyev Fondunun "Uşaq ürəyini xilas et" təşkilatı ilə birgə layihəsinin təqdimatı
12:43 02-04-2014
SİYASƏT
Vaşinqtonda Heydər Əliyev Fondunun "Uşaq ürəyini xilas et" təşkilatı ilə birgə layihəsinin təqdimatı
Heydər Əliyev Fondunun “Uşaq ürəyini xilas et” (Save a Child’s Heart) xeyriyyə təşkilatı birgə həyata keçirəcəyi layihənin icrası ilə əlaqədar Vaşinqtonda “Beynəlxalq Bnay Brit” (B ai B ith International) təşkilatının ofisində xüsusi təqdimat mərasimi olmuşdur.
“Beynəlxalq Bnay Brit” təşkilatının vitse-prezidenti Daniel Mariaşi tədbiri açaraq iştirakçıları salamlamış, Heydər Əliyev Fondu ilə “Uşaq ürəyini xilas et” təşkilatı arasında əməkdaşlığı yüksək qiymətləndirmişdir.
“Uşaq ürəyini xilas et” təşkilatının icraçı direktoru Devid Lituak təmsil etdiyi təşkilat haqqında məlumat verərək bildirmişdir ki, qurumun əsas mərkəzi İsraildə yerləşir. Heydər Əliyev Fondu ilə əməkdaşlıq sayəsində Azərbaycan təşkilatın əməkdaşlıq edəcəyi sayca 49-cu ölkə olacaqdır. O, 1995-ci ildə təsis edilmiş bu təşkilata könüllülük prinsipi əsasında dəstək verən həkimlər tərəfindən 2 mindən artıq uşağın həyatının xilas olunduğunu bəyan etmişdir. Bildirilmişdir ki, Heydər Əliyev Fondu ilə qurulan tərəfdaşlıq nəticəsində, bundan sonra ağır ürək çatışmazlığı ilə doğulmuş azərbaycanlı uşaqlar təşkilatın İsraildə fəaliyyət göstərən Uolfson Tibbi Mərkəzində (Wolfson Medical Center) əməliyyat oluna biləcəklər. D.Lituak demişdir ki, bu layihə çərçivəsində azərbaycanlı mütəxəssislər üçün təlimlər keçiriləcək və təşkilat ölkəmizdə müvafiq ixtisaslaşmış tibbi mərkəzin yaradılmasına dəstək verməyə hazırdır.
Mərasimdə çıxış edən Heydər Əliyev Fondunun ABŞ üzrə nümayəndəsi Cəmilə Paşayeva-Seyidzadə əvvəlcə bu il yaranmasının 10 illiyini qeyd edəcək Fondun fəaliyyəti haqqında məlumat vermişdir. O, “Uşaq ürəyini xilas et” təşkilatı ilə əməkdaşlığın yaratdığı imkanları bir daha xatırladaraq, uşaqların sağlamlığı və rifahının sərhəd tanımadığını, milli mənsubiyyətə görə fərqləndirilmədiyini qeyd etmiş və bu layihənin uşaqların həyatının xilası kimi ülvi bir məqsədə xidmət etdiyini vurğulamışdır. O, Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın özünün ixtisasca bir həkim olaraq, səhiyyə sahəsindəki layihələri, o cümlədən uşaqların müalicəsinə xüsusi qayğı göstərdiyini və bu fəaliyyətləri şəxsən diqqətdə saxladığını bildirmişdir.
C.Paşayeva-Seyidzadə “Uşaq ürəyini xilas et” təşkilatı ilə birgə layihənin təqdimat mərasiminin Vaşinqtonda keçirilməsinə baxmayaraq, bu layihənin, eyni zamanda 3 ölkə - Azərbaycan, ABŞ və İsrail arasında mövcud körpülərin möhkəmləndirəcəyinə ümid etdiyini bildirmişdir.
Tədbir iştirakçıları, həmçinin Heydər Əliyev Fondunun fəaliyyəti haqqında filmə baxmış, Fondun müxtəlif mövzulara həsr olunmuş nəşrləri ilə yaxından tanış olmuşlar.
Azərbaycanın ABŞ-dakı səfirliyinin müşaviri Fəxrəddin İsmayılov tədbirdə demişdir ki, ölkə rəhbərliyinin müəyyən etdiyi uzaqgörən siyasət nəticəsində əldə olunmuş tərəqqi sayəsində Azərbaycan humanitar yardım alan ölkədən fəal bir donor ölkəyə çevrilmişdir. Bu gün Azərbaycan tərəfindən beynəlxalq aləmdə aparılan xeyriyyə fəaliyyətlərində Heydər Əliyev Fondunun çox mühüm pay sahibi olduğunu bildirən səfir, bu layihənin insanlar arasında əlaqələr kontekstində Azərbaycanın ABŞ və İsrail ilə dostluq və tərəfdaşlıq münasibətlərinə əhəmiyyətli bir töhfə verəcəyini qeyd etmişdir.
İsrailin ABŞ-dakı səfirliyinin müşaviri Eli Qroner öz növbəsində Heydər Əliyev Fondu və “Uşaq ürəyini xilas et” təşkilatı arasında qurulan əməkdaşlığı yüksək qiymətləndirmiş, bu əməkdaşlığı ölkələrimiz və xalqlarımız arasında mövcud dostluq münasibətlərinin növbəti bir nümunəsi olduğunu vurğulamışdır.
“Uşaq ürəyini xilas et” təşkilatının ABŞ nümayəndəliyinin prezidenti Barri Perlis tədbir zamanı Heydər Əliyev Fondunun milli və beynəlxalq səviyyədə gördüyü işlər barədə aldığı məlumatlardan çox mütəəssir olduğunu söyləmiş, Fondun əməkdaşlıq üçün “Uşaq ürəyini xilas et” təşkilatını seçdiyinə və ona verdiyi dəstəyə görə dərin təşəkkürünü ifadə etmişdir.
Mərasimdən bir neçə gün öncə isə Heydər Əliyev Fondunun ABŞ üzrə nümayəndəsi C.Paşayeva-Seyidzadə “Uşaq ürəyini xilas et” təşkilatının ABŞ İdarə Heyətinin rəhbəri xanım Fransis Kuk ilə görüşərək, təşkilatlar arasında əməkdaşlıq perspektivlərini müzakirə etmişdir. Vaxtilə ABŞ-ın Yaxın Şərq ölkələrində ilk qadın səfiri olmuş F.Kuk Heydər Əliyev Fondu ilə qurulan tərəfdaşlıqdan böyük məmnunluğunu bildirmiş, Fondun fəaliyyəti haqqında hələ ötən il Fransanın Kann şəhərində keçirilmiş Azərbaycan mədəniyyət günlərinin şahidi olmaqla xəbər tutduğunu açıqlamışdır. O, Heydər Əliyev Fondu ilə birgə layihənin uğurla həyata keçiriləcəyinə əminliyini ifadə etmişdir.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53