Fətullah Gülənin Azərbaycandakı məktəblərində maaş böhranı
Fətullah Gülənin Azərbaycandakı məktəblərində maaş böhranı

"Nurçu"lara bağlı olan universitet və hazırlıq kurslarında müəllimlərin məvacibi yubanır

Son günlər Azərbaycanda Fətullah Gülənə bağlı dövlət məmurlarının olduğu, onların sırasında hətta deputatların varlığı barədə silsilə məlumatlar yayılır. Türkiyə hökuməti ilə gərgin anlar yaşayan nurçular lideri Fətullah Gülənin ölkəmizdəki dayaqlarının zəiflədilməsi yönündə də tədbirlər həyata keçirilir. Bununla bağlı "Unikal" qəzetini məlumatlandıran mənbənin sözlərinə görə, sözügedən şəbəkənin arzuolunmaz fəaliyyəti Azərbaycan hökuməti tərəfindən ciddi şəkildə araşdırılıb və müəyyən önləyici tədbirlər görülməkdədir.

Bu arada isə Türkiyə mətbuatı belə bir iddia ilə çıxış edib ki, baş nazir Rəcəb Tayyib Ərdoğan artıq münasibətləri kəskinləşən və onun haqqında müxtəlif məlumatlar yaydıran Güləni tam sıxışdırmaq məqsədilə yaxın münasibətdə olduğu dairələrə, həmçinin dövlət başçılarına xüsusi müraciət göndərib. Təbii ki, bu iddiaların həqiqəti nə dərəcədə əks etdirdiyini iddia etmək çətindir. Amma bir danılmaz tendensiya da müşahidə olunmaqdadır ki, artıq Gülənə bağlı olduğu şübhə doğurmayan təhsil ocaqlarının fəaliyyətində müəyyən axsamalar müşahidə olunur. Mənbəmizin sözlərinə görə, Orta Asiya respublikalarındakı anoloji məktəblərin tamamilə qapadılması yönündə diskusiyalar başlayıb. Bu prosesin müəyyən əlamətlərini ölkəmizdə də hiss etmək mümkündür.
Düzdür, hələlik hansısa məktəbin və ya kursun bağlanması faktına rast gəlinməyib. Amma "Qafqaz" Universitetinin Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) balansına keçirilməsiylə bağlı söhbətlər kifayət qədər populyardır. Bu baxımdan ötən gün "Unikal"a daxil olan xəbər kifayət qədər ilgincdir. Həmin məlumatda iddia olunur ki, Fətullah Gülənə bağlı olan və Azərbaycanda fəaliyyət göstərən təhsil ocaqlarında əvvəllər müşahidə olunmayan maddi böhran sezilməkdədir. Mənbəmiz bildirir ki, əgər həmin müəssisələrdə əvvəl maaşlar ümumiyyətlə gecikmirdisə, bu sözləri hazırkı dövrlə bağlı demək olmaz. Belə ki, artıq həmin məktəb və hazırlıq kurslarında çalışan personalın məvaciblərində gecikmələr müşahidə olunur. "Çağ Öyretim", "Zirvə" və "Araz" kursları, habelə Qafqaz Universitetinin müəllimləri hazırda ümidlə gecikən maaşlarını gözləməkdədir.
Bu arada isə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bələdiyyə seçkilərindən dərhal sonar ölkəmizdə səfərdədir. Bu səfərin nəticəsindən asılı olaraq isə həmin məktəblərin ümumiyyətlə qapadılması da müzakirə mövzusu ola bilər.
Orxan