Deputat qaçqınlardan və məcburi köçkünlərdən üzr istədi
19:40 05-04-2014
İQTİSADİYYAT
Deputat qaçqınlardan və
məcburi köçkünlərdən üzr istədi
Azay Quliyev yenə də QHT-lərə xəbərdarlıq etdi
Milli Məclisin bugünkü plenar iclasında deputat Azay Quliyev BMT Baş Assambleyasının Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü tanıdığını və beynəlxalq hüquqa səs verdiyini bildirib. O bu hadisənin Azərbaycan üçün çox mühüm seçim olduğunu vurğulayıb.
“Azərbaycan öz xarici siyasəti ilə beynəlxalq təşkilatlar qarşısında nə qədər ədalətli siyasət yürütdüyünü göstərdi. Bu, Azərbaycanın uğrudur”.
A. Quliyev XİN-in xaricdə Azərbaycanı təmsil edən millət vəkilləri ilə daimi görüşlər keçirilməsini təklif edib.
Deputat 1000-ə yaxın QHT-nin hələ də hesabatını QHT-lərə Dövlət Dəstəyi Şurasına təqdim etmədiyini də nəzərə çatdırıb.
Qənirə Paşayeva Bakıdakı ATƏT və BMT missiyalarını suçladı
“ATƏT və BMT-nin ikili standartlar yanaşması nə qədər davam edəcəksə, təəssüf ki, bu qurumlardakı insanlara da inam olmayacaq”Bu sözləri Mili Məclisin iclasında Qənirə Paşayeva deyib. O, Tovuz rayonunda ermənilərin dinc insanları atəşə tutması haqqında danışıb. “Tovuz rayonunda baş verənlərə görə, çox narahat olduq. Amma beynəlxalq təşkilatlar ayrı vaxtlarda Azərbaycanda baş verən bir hadisəyə görə, səslərini başlarına atırdılarsa, nədənsə bu dəfə susurlar. Buradan səslənib deyirəm ki, ATƏT və BMT-nin Azərbaycandakı baş ofisləri nə üçün Azərbaycana mülki şəxsin yaralanması ilə bağlı heç bir açıqlama vermədilər? Bunlar niyə cəbhə bölgəsində yaralanan mülki şəxslərə baş çəkmirlər? Bunlar bizi çox narahat edir. Amma eyni zamanda bu qurumlar öz hərəkətləri ilə işə üzlərini ortaya qoyurlar”.
İlyas İsmayılov parlamentdə təkrar seçki tələb etdi
Millət vəkli, Ədalət Partiyasının sədri İlyas İsmayılov Milli Məclisin iclasında çıxış edərək, boş qalmış seçki dairələri üzrə təkrar seçki keçirilməsini istəyib.
İ.İsmayılov belə seçki dairələrinin sayının 3 olduğunu xatırladıb. O, bildirib ki, Zaqatalanın deputatı Hikmət Atayev ötən il yol qəzasında dünyasını dəyişib, Xətaidən deputat seçilmiş Gülər Əhmədova məlum hadisələrdən sonra mandatından imtina edib, YAP-ın icra katibi Əli Əhmədov isə baş nazirin müavi təyin olunub.
İ.İsmayılov onların yerinə təkrar seçki keçirilməməsinin Konstitusiya və Seçki Məcəlləsinə zidd olduğunu vurğulayıb.
“Krıma gedənlər elə İsmayıllıya da gedirdilər”
“Yeni Azərbaycan Partiyası Ukrayna, xüsusilə Krım ətrafında baş verən hadisələrlə bağlı mövqeyini açıqlayıb”.
Bunu Milli Məclisin iclasında Siyavuş Novruzov deyib. YAP icra katibinin müavini qeyd edib ki, partiyanın və onun sədrinin Ukrayna ilə bağlı mövqeyi tam aydın ifadə olunub:
“Hakim partiyanın sədrinin mövqeyi artıq BMT-də öz əksini tapıb. Ancaq təəssüf ki, başqa partiyalar burada dəstək göstərmək əvəzinə, Azərbaycanın MDB-dən çıxmasını təklif edərək qıcıq yaradır. Digər bir qrup isə Rusiyanın ATƏT-in Minsk Qrupu həmsədrliyindən kənarlaşdırılmasını ortaya atır. Başqa bir dəstə isə ara qarışdırmaq üçün Krıma gedir. Krıma gedənlər elə İsmayıllıya da gedirdilər. Hadisələrin nəticəsini gözləmədən azərbaycanlılara qarşı qıcıq yaratmağa ehtiyac yoxdur. Əgər siyasi partiyalar belə bir dəstək vermək istəyirlərsə, o zaman buyursunlar hər biri öz bəyanatı ilə çıxış etsin”.
Sözümü niyə kəsirsən?” – Vitse-spiker deputata hirsləndi
Deputat Zahid Oruc parlamentin sessiyasında növbəti dəfə yol kənarındakı hasarlardan danışıb.
Deputat qeyd edib ki, hələ yol kənarları bir qırağa, bunu milli ənənəmizə necə yeridiblərsə, hamımız qonşularımızdan iri divarlarla ayrılırıq:
"10 sot əraziyə 3500-4000 manata yaxın daşları Qaradağdan gətirib qonşularımızla aramızda Çin səddi kimi çəkirik. Çox istərdim ki, ölkə prezidentinin bir sərəncamı olsun. Bu divarları, dəmir karkasları söksək, hərdən bir-birimizi görsək, nə olar? Bu, bizim milli bəlamıza çevrilib, gərəksiz bir yükdür, millət bundan azad olmalıdır”.
Vitse spiker Bahar Muradova deputata cavab olaraq bildirib ki, hər bir xalqın öz ənənələri var:
“Bizim də qismətimizə bu yazılıb, yəqin. Əsas insanların qəlbləri ilə ürəkləri arasında hasar olmasın. Azərbaycan xalqı öz siyasətini seçərkən, bir qəlbin, bir ürəyin sahibi kimi çıxış edir. Yəqin, zamanla bu arzularınıza cavab olar, bu məsələlər ötəridir”.
Millət vəkili Zahid Orucun çıxışı zamanı ucqar kəndlərin qazlaşdırılması probleminə vitse spiker Valeh Ələsgərov da münasibət bildirib. O bildirib ki, hər bir kəndə qaz çəkilməsi gözəl bir iş olardı:
“Amma deputatlar ya özləri, ya da riyaziyyatı bilən birisindən xahiş etsinlər, hesablasın ki, ucqar kəndlərin qazlaşdırılması neçəyə başa gəlir. Kəndlərin bioqazlaşdırılması həyata keçirilməldir. Bu mümkündür”.
Valeh Ələsgərov bu sözləri deyən zaman Zahid Oruc vitse spikerin sözünü kəsib. Vitse-spiker də bundan xoşhal olmayıb. Qeyd edib ki, mən səni tənqid etmədim, sözümü niyə kəsirsən? Mən deputatlara üzümü tutaraq dedim.
Daha sonra çıxışını davam etdirən vitse spiker qeyd edib ki, kəndlərdə bioqazlardan istifadə mümkündür:
“Gəlin, buna imkan yaradaq. Yoxsa hər kəndə qaz xətti çəkməyə heç bir ölkənin pulu çatmaz”.
Deputat Etibar Hüseynov Milli Məclisdə üzr istədi: "Gərək elə deməyəydim"
Milli Məclisin iclasında deputat Etibar Hüseynov Qarabağ camaatından üzr istəyib. "Gərək elə deməyəydim" deyən E.Hüseynov parlamentdəki bugünkü çıxışı zamanı üzr istəyib.
Etibar Hüseynov KİV-də onun adından yayılan müsahibə və açıqlamaları təkzib edib. Bugünkü plenar iclasda çıxış edən deputat bildirib ki, sosial mediyada təxribatla üzləşib. O, qeyd edib ki, 10 gün ərzində heç bir KİV orqanına açıqlama və müsahibə verməyib.
“Mənim barəmdə eyni adam və eyni ünvandan məlumatlar yayılır, insanlarda mənfi emosiya, qıcıq yaradan başlıqlar qoyurlar. İki gündür heç bir televiziyaya və qəzetə açıqlama vermirəm. Amma gün ərzində bəlkə də 10 dəfə mənim dilimdən insanları qıcıqlandıran açıqlamalar yayılır. Guya deyirəm ki, qarabağlılar gedib torpaqlarını azad etsinlər, gedib Suriyada vuruşmağı öyrənsinlər. Bunların hamısı bir mərkəzdən idarə olunan qara kampaniyadır.
Səmimi şəkildə bəyan edirəm ki, televiziyadakı çıxışım zamanı heç kimi təhqir etmək fikrim olmayıb. Gərək həmin məsələ ilə bağlı daha ətraflı danışardım ki, insanlar arasında belə çaşqınlıq olmasın. Əgər kiminsə heysiyyətinə toxunan ifadə işlətmişəmsə, həmin insanlardan üzr istəyirəm. Səhvini anlayıb üzr istəmək böyüklük əlamətidir”.
Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib ki, məsələni şişirtməyə ehtiyac yoxdur. Parlament sədrinin sözlərinə görə, dünən o və Milli Məclisin intizam komissiyasının sədri Siyavuş Novruzov Etibar Hüseynovla ciddi söhbət aparıb və deputatı ciddi tənqid ediblər.
"Bacardığı qədər, qabiliyyəti çatdığı qədər üzr istədi. Millət vəkillərindən xahiş edirəm ki, bu məsələni xırdalamayaq”.
Sonra spiker üzünü Etibar Hüseynova tutaraq “Əslində, yaxşı ki ətraflı danışmamısan. Bu vəziyyətdən sonra nə qədər az danışsan, daha yaxşıdır”. Sədr deputata bundan sonra uğursuz açıqlama verməməyi məsləhət görüb.
Etibar Hüseynov bir neçə gün öncə ANS telekanalının efirindən qaçqın və köçkünlərin Bakı mühitini korlaması barədə fikirlər səsləndirmişdi və bu, ciddi etirazlara səbəb olub. E.Hüseynov doğma torpaqlarını itirmiş insanlar haqqında efirdən dediyi epitetlərin ("ac-yalavac", "təhsilsiz", "mədəniyyət görmədilər" və s.) ardından özünün Facebook səhifəsində ona irad bildirən qarabağlıları Suriyaya döyüşməyə gedənlərlə müqayisə edib və ikincilərin əmr gözləmədiklərini vurğulayıb.
“Əgər aranızda belə qeyrəti qıcqıranlar varsa, onda bunu nümayiş etdirmək üçün Facebook meydanına deyil, bu gün hələ də işğal altında olan müqəddəs Qarabağ meydanına üz tutun".
Deputatın çıxışından qəzəblənən qaçqın və köçkünlər qarabağlı deputatlardan Etibar Hüseynovun məsuliyyət məsələsini Milli Məclis rəhbərliyi qarşısında qaldırmağı tələb etmişdilər.
İnsan alverinə qarşı milli koordinator azyaşlı qızlarla bağlı iradı qəbul etdi
“Ötən 10 il ərzində 566 insan alveri və 14 məcburi əmək faktı müəyyən edilib”. Bunu Milli Məclisin plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə milli koordinator, general-leytenant Vilayət Eyvazov deyib. Parlamentdə illik məlumatı məruzəsi edərkən o, qeyd edib ki, bu əməllərə görə 385 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
“5 mütəşəkkil dəstə və 152 cinayətkar qrup zərərləşdirilib və 529 insan alveri qurbanın cəmiyyətə inteqrasiyası təmin edilib. Ötən il 80 insan alveri, 4 məcburi əmək faktı aşkarlanıb. Bu cinayətlərə görə 14 qadın olmaqla 17 nəfər məsuliyyətə cəlb olunaraq məhkəmə qarşısına çıxarılıb. İnsan alveri cinayətində təqsirləndirilərək axtarışa verilmiş 17 nəfərdən 5 tutularaq istintaq orqanlarına təhvil verilib. Müəyyən edilmiş 56 qurbandan 41-i qadın, 15-i kişi olub. Onlardan 19-u Türkiyəyə, 16-sı BƏƏ-yə, 15-i Rusiya, biri isə İran İslam Respublikasına aparılıb. 5 nəfər isə ölkə daxilində məcburi əməyə cəlb edilib”.
V. Eyvazov qeyd edib ki, Azərbaycanda azyaşlı uşaqların, xüsusilə də azyaşlı qızların məcburi əməyə cəlb olunmasına qarşı sərt mübarizəyə başlanacaq.
Milli Koordinator illik hesabatının müzakirəsi zamanı deputat Elmira Axundovanın iradına cavab olaraq bildirib ki, problemlərin varlığı ilə razılaşır.
“Amma buradan elan edirəm ki, bu gündən etibarən Azərbaycanda azyaşlı qızların, ümumiyyətlə, azyaşlı uşaqların məcburi əməyə cəlb olunmasına qarşı mübarizədə ciddi tədbirlərə başlanacaq”.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53