Azərbaycan tolerantlığın mərkəzidir
01:28 06-04-2014
SİYASƏT
Azərbaycan tolerantlığın mərkəzidir
Heydər Əliyev Fondundan yeni addım
Azərbaycanda milli və dini tolerantlığın qorunması və inkişafı üçün dövlət səviyyəsində ciddi addımlar atılmaqdadır. Bu addımlar həm mənəvi-mədəni sahədə, həm də praktik fəaliyyətdə özünü göstərməkdədir. Ən maraqlısı isə budur ki, Azərbaycanda bu proses tək ölkə daxilində deyil həm də ölkədən kənarda müxtəlif sərgilər, müxtəlif aksiyalar təşkil etməklə reallaşdırılır.
Bu baxımdan Heydər Əliyev Fondunun son aksiyasını xüsusi ilə qeyd etmək yerinə düşər. Belə ki, aprelin 3-də Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə dünya şöhrətli fotoqraf Rza Deqatinin ölkəmizdə dini tolerantlığa həsr olunmuş “Azərbaycan. Tolerantlıq məkanı” fotosərgisi açılıb. Fotosərgini ölkəmizin Rusiyadakı səfirliyi, habelə Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzi təşkil edib.Sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, tanınmış Rusiya siyasətçiləri və mədəniyyət xadimləri iştirak ediblər.
Yəhudi İcmaları Federasiyasının prezidenti, Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinin baş direktoru Aleksandr Boroda çıxışı zamanı qeyd edib ki, Azərbaycan tarixən bütün millətlərin nümayəndələri üçün qonaqpərvər ev olub. O bildirib ki, yəhudi icması Azərbaycanda bütün xalqlarla sülh şəraitində yaşamışdır və yaşayır: “Mühüm məsələ budur ki, bu sərgiyə gələn başqa dövlətlərin nümayəndələri öz ölkələrində belə səmimi mühiti necə yaradacaqları barədə düşünsünlər. Rusiyanın bir çox regionlarının nümayəndələri də bu sərgidən çox şey əxz edə bilərlər. “Azərbaycan. Tolerantlıq məkanı” sərgisi pəncərədə işıqdır, bu pəncərədən baxmaq, diqqəti bunun üzərində cəmləmək lazımdır”.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da mərasimdə çıxış edib. O, səmimi qəbula və qonaqpərvərliyə görə Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzinə minnətdarlığını bildirib.
“Bu gün biz sizə tanınmış fotoqraf Rza Deqatinin müasir dünyanın ən aktual mövzularından birinə - tolerantlıq mövzusuna dair işlərini təqdim edirik. Bu işlər fotoqrafın Azərbaycanda tolerantlıq ruhuna səmimi və obyektiv baxışıdır. Onun əsərlərinin qəhrəmanları xristianlar, yəhudilər və müsəlmanlardır. Onlar birlikdə çoxmədəniyyətli, müasir, çoxşaxəli Azərbaycan adlı vahid mənzərə yaradırlar. Azərbaycanda – bu qədim torpaqda həmişə müxtəlif millətlərə, mədəniyyət və ənənələrə məxsus insanlar yaşamışlar. Onların hər biri öz töhfəsini vermiş və tarixdə öz izini qoymuşdur. Bu gün ölkəmizdə xristianlar, müsəlmanlar və yəhudilər sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Tolerantlıq anlayışı xalqımız üçün hər hansı nailiyyət deyildir: bu, normadır, bu, həyat tərzidir, biz heç vaxt başqa cür yaşamamışıq. Azərbaycanda yəhudiliyin 2400 il tarixi vardır, halbuki bu torpaqda ilk kilsə IV əsrdə, ən qədim məscid isə VIII əsrdə yaranıb.
Xristianlar, müsəlmanlar və yəhudilər bu qədim diyarı öz Vətəni sayırlar. Bu gün ölkəmizdə sinaqoqlar, məscidlər, pravoslav və katolik kilsələri, habelə atəşpərəst məbədləri görmək olar. Azərbaycanda 21 qeyri-müsəlman icması mövcuddur. Tolerantlıq, qonaqpərvərlik, dözümlülük ənənələri xalqımız tərəfindən qayğı ilə qorunub saxlanılır, daha doğrusu, bu, Azərbaycan xalqının ən böyük sərvətidir. Azərbaycan beynəlxalq dialoqu, mədəni dialoqu dəstəkləyir. Artıq bir neçə ildir ölkəmizdə dünyanın hər yerindən qonaqların bir araya gəldiyi Beynəlxalq Humanitar Forum, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə idman yarışları, elmi diskussiyalar, yaradıcılıq tədbirləri keçirilir. Heydər Əliyev Fondu bu mövzuya böyük diqqət yetirir. Fondun səyləri ilə Azərbaycanda 20-ə yaxın məscid, sinaqoq və kilsə təmir olunub. Fond təkcə Azərbaycanda deyil, başqa ölkələrdə də belə fəaliyyətlə məşğuldur. Heydər Əliyev Fondu Fransada X əsrə aid kilsəni təmir edib. Bundan əlavə, Strasburq, Versal və Vatikanda abidələrin, kilsələrin bərpasına kömək etmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu yaxınlarda Həştərxanda müqəddəs knyaz Vladimirə abidə qoyulub.
Bu gün biz Rusiyanın paytaxtı Moskvada belə bir tədbir keçiririk. Rusiya çoxmillətli ölkədir. Burada təqribən yüz xalqın nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayır və müxtəlif dinlərə etiqad edirlər. Azərbaycan və Rusiyanı uzun illər dostluq və mehriban qonşuluq münasibətləri bağlayır. Ümumi tariximiz var və biz bir-birimizi yaxşı anlamağı öyrənmişik. Bu gün dünyada multikulturalizm anlayışı, təəssüf ki, şübhə altına alınır. Bir çox münaqişələr bəzən bir-birini anlamaqdan və başa düşməkdən imtina etmək səbəbindən baş verir. Odur ki, inam, anlayış, ehtiram və sevgini qoruyub saxlamaq bu gün çox vacibdir”.
Sonra sərgidə nümayiş olunan fotoşəkillərin müəllifi, dünyanın ən tanınmış fotoqraflarından biri, mənşəcə azərbaycanlı Rza Deqati bu nəcib təşəbbüsü dəstəklədiyinə görə Heydər Əliyev Fonduna və şəxsən Fondun vitse-prezidenti Leyla Əliyevaya minnətdarlığını bildirib. O deyib ki, Azərbaycanda şahidi olduğu dözümlülük mühiti dünyada ən nadir modellərdən biridir.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə zəmanəmizdə hər gün faciəli hadisələrin şahidi olduğumuzu bildirib. O qeyd edib ki, zərərçəkənlərin təqsiri yalnız ondan ibarət olur ki, onlar başqa cür düşünür, yaxud başqa cür dua edir və geyinirlər: “Belə sərgilər, Rza Deqatinin çəkdiyi fotoşəkillər kimi gözəl şəkillər bu cür kədərli halların getdikcə daha da azalması üçün lazımdır. Azərbaycan dövləti dini tolerantlığın qorunmasına kömək edir. Bu yaxınlarda dövlət hesabına xristian mədəniyyət mərkəzi inşa edilib. Sinaqoq tikilmiş və yəhudi icmasının istifadəsinə verilib”.
P.Bülbüloğlu onu da bildirib ki, Azərbaycanın müsəlman, xristian və yəhudi icmalarının rəhbərləri və nümayəndələri məxsusi olaraq sərginin açılış mərasimində iştirak etmək üçün Moskvaya gəliblər.
Sonra qonaqlar sərgi ilə tanış olublar. Ekspozisiyada dünya şöhrətli fotoqraf R.Deqatinin Azərbaycana səfərləri zamanı çəkdiyi fotoşəkillər nümayiş etdirilir. Fotoşəkillərdə Müqəddəs Məryəm Kilsəsi, Müqəddəs Mirodaşıyan Qadınlar Kafedral Kilsəsi, Qax rayonunda Kürmük məbədi, Şamaxıda Cümə Məscidi, Şəhidlər xiyabanı, Əjdərbəy Məscidi, Məşədi Dadaş Məscidi, Çotari kilsəsi (Müqəddəs Yelisey Kilsəsi) təsvir olunub. Bundan əlavə, Quba rayonunda yerləşən Qırmızı Qəsəbədə və “Xabad Or-Avner” məktəbində və s. çəkilmiş şəkillər nümayiş etdirilir. Bu fotoşəkillər təsdiq edir ki, müxtəlif dinlərdən və millətlərdən olan insanlar Azərbaycanda qardaşlıq şəraitində yaşayırlar.
Sərginin açılış mərasimində 500-dən çox qonaq – rəsmi şəxslər, Rusiya Dövlət Dumasının deputatları, tanınmış incəsənət xadimləri, Rusiya ictimaiyyətinin nümayəndələri, xarici ölkələrin RF-də akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Heydər Əliyev Fondunun, Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları, Ümumrusiya Azərbaycanlılar Konqresinin nümayəndələri iştirak ediblər.
Bununla paralel olaraq ölkə daxilində də ciddi addımlar atılmaqdadır. Demək olar ki, sistemli şəkildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi,istərsə də Qafqaz Müsəlmanları İdarəsi müəyyən addımlar atmaqda, maarifləndirmə işlərini gücləndirməkdədirlər. Əsas məqsəd isə bu günə qədər mövcud olan tolerantlığı qorumaq,ölkəyə daxil olmuş radikal və qeyri-ənənəvi təriqətlərin fəaliyyətini zəiflətməkdir. Elə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin şimal bölgəsinə səfəri də bununla bağlı oldu., QMİ-nin sədrinin bölgəyə səfəri Quba rayonundan başlayıb. Şeyxülislam Allahşükür Paşazadə əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib. Ardınca din xadimləri Quba Soyqırımı Memorial Kompleksində və ərazidəki kütləvi məzarlıqda olub, soyqırımı qurbanlarının xatirəsini anıb, dualar oxuyublar.
Şeyxülislam Allahşükür Paşazadə Qubadakı Hacı Cəfər məscidini ziyarət edib, namaz qılıb, dualar oxuyub. Buradakı dini icmanın nümayəndələri ilə görüşdən sonra məscidin təmiri üçün 10 min manat yardım ayrılıb və müxtəlif dini ədəbiyyatlar təqdim olunub.
Sonra Heydər Əliyev Mərkəzinin konfrans zalında rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri və dindarların iştirakı ilə müşavirə keçirilib.Müşavirədə Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev çıxış edərək ölkəmizdə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığının qorunmasının beynəlxalq hüquqi normalara uyğun olduğunu qeyd edib. Bildirilib ki, ölkədəki tolerantlıq mühitinin qorunub saxlanması, təhrikçi dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması istiqamətində bir sıra işlər həyata keçirilir. Görülən tədbirlərin əhali tərəfindən razılıqla qarşılandığı, dindarların maarifləndirilməsi ilə bağlı belə görüşlərin əhəmiyyəti vurğulanıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə görüşdə çıxış edərək Azərbaycanda mövcud dini durum barədə danışıb. Müstəqillik illərində Azərbaycanda dinə və dini icmaların fəaliyyətinə dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərildiyini vurğulayan Şeyxülislam hazırda ölkəmizdə 2 minə yaxın məscidin fəaliyyət göstərdiyini, onlarla məscidin bərpa olunduğunu, yeni ibadətgah yerlərinin yaradıldığını diqqətə çatdırıb. Vətəndaşlarımızın Prezident İlham Əliyevin yürütdüyü siyasətdən, dini dəyərlərə olan ehtiramından razılıqları xüsusi vurğulanıb.
QMİ-nin sədri bildirib ki, Azərbaycandakı sabitlik bəzi qüvvələri, bədxahlarımızı ciddi narahat edir. Onlar qarışıqlıq yaratmaq üçün din amilindən istifadə edirlər. Lakin belə qüvvələr bilməlidirlər ki, Azərbaycanda heç vaxt məqsədlərinə çata bilməyəcəklər.
Görüşdə akademik Vasim Məmmədəliyev çıxış edərək dindarların maarifləndirilməsinin vacibliyindən söz açmış, bu cür tədbirlərin əhəmiyyətindən danışıb.
Sonra jurnalistlərə müsahibə verən Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, dindarların maarifləndirilməsi üçün tədbirlər bundan sonra daha da geniş vüsət alacaqdır. Bu səbəbdən dini icma üzvləri üçün xüsusi kursların təşkili nəzərdə tutulub. Bundan əlavə, sağlam dini ədəbiyyatın artırılması və icmalara təqdim olunması işi sürətləndiriləcəkdir.
Respublikamızın şimal bölgəsinə səfəri çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və onu müşayiət edən şəxslər Qusar və Xaçmaz rayonlarında da olub, şəhər məscidlərində yerli dindarlarla görüşüb, məscidlərin imamlarına, dini icmaların rəhbərlərinə tövsiyə və tapşırıqlarını veriblər.
Digər Xəbərlər
2024-11-22 16:52:45
2024-11-22 16:39:03
2024-11-22 16:22:26
2024-11-22 16:16:52
2024-11-22 12:08:23
2024-11-22 11:55:21
2024-11-21 23:44:15
2024-11-21 16:33:31
2024-11-21 15:56:17
2024-11-20 20:48:42
2024-11-20 18:18:44
2024-11-20 16:00:24
2024-11-20 14:48:12
2024-11-20 11:23:54
2024-11-20 10:14:04
2024-11-20 09:55:06
2024-11-20 01:08:25
2024-11-20 00:15:08
2024-11-19 18:39:46