Mikayıl Cabbarovun rektorlarla savaşı açıq müstəviyə keçir
14:10 08-04-2014
İQTİSADİYYAT
Mikayıl Cabbarovun rektorlarla savaşı açıq müstəviyə keçir
Ali məktəb rəhbərləri ilə təhsil naziri arasında qarşıdurma dərinləşir
Təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Dövlət İqtisad, Gəncə və Sumqayıt dövlət universitetlərinin rektorları ilə bərabər, bir çox kollec direktorlarını özünə yaxın kadrlarla əvəzləsə də, hələ ki bu istiqamətdə planlarını tam bitmiş saymır.
Yeni məlumata görə, sözügedən hər üç universitetdə yeni rektorların təyinatları birbaşa Mikayıl Cabbarovun təqdimat və istəyi üzrə həyata keçirilib. İddialara görə, Cabbarov adıçəkilən ilk iki ali məktəbin rektorunu və kollec direktorlarını birbaşa "korrupsiya silahı" ilə zərərsizləşdirsə də, Gəncə Dövlət Universitetində daha maraqlı prosesin yaşanmasına rəvac verib. Nazir rüşvətin kökünü kəsəcəyini amaclayan Yadigar Əliyevi zərərsizləşdirmək və müavini Ceyhun Bayramovun xahişini təmin etmək üçün Gəncə Dövlət Universitetinin hazırkı rektoru Yusif Yusifovun təşkil etdiyi çaxnaşmaya açıq şəkildə dəstək verib. Nəticə etibarı ilə Ceyhun Bayramovun maliyyə nazirinin 1-ci müavini işləyən qardaşı Azər Bayramovun xahişi üzrə Yusif Yusifovun təyinatı rəsmiləşib. Bununla da yeni rektorun Maliyyə Nazirliyində Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi işləyən qardaşı Cavanşir Yusifovun qardaşı Yusif Yusifov arzusuna qovuşub. Amma bu o demək deyil ki, Mikayıl Cabbarov bununla illərdir rektor olan elm adamlarına qarşı "yürüş"ü dayandırıb. Onun hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanı, Azərbaycan Texniki Universitetinin rektoru Havar Məmmədovu və digər bir neçə rektoru da dəyişdirmək istədiyi bildirilir. Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayevin, Mədəniyyət və İncəsənət Universitetinin rektoru Timurçin Əfəndiyevin də yeni nazirin
Hədəfində olduğuna dair iddialar var.
Ümumiyyətlə isə müxtəlif mənbələrdən gələn məlumatlarda "yaxınlarda Mikayıl Cabbarov Misir Mərdanovun dövründən rektor olanlara qaşı yeni həmləyə keçəcək" deyə bildirilir.
Xatırladaq ki, Mikayıl Cabbarovun rektorlara qarşı savaş açacağını ilk dəfə olaraq "Unikal" qəzeti yazıb. Qəzetimiz hələ ötən ilin dekabrında "Bəzi rektorların 2014 narahatlığı" başlıqlı yazı dərc edib və həmin yazıda etibarlı qaynaqlara istinadən bildirilib ki, "bəzi rektorların 2014-cü ildə vəzifələri ilə vidalaşacaqlarına dair narahatlıqları var. Söhbət adı ictimai rəydə, KİV-də rüşvət və korrupsiya məsələlərində daha çox hallanan ali təhsil müəssisələrinin rəhbərlərindən gedir. Onlar son bir ayda iki rektorun əvəzlənməsindən sonra növbənin özlərinə yetişə biləcəyindən əndişəlidirlər. Bu arada Milli Məclisin bəzi deputatlarının həm rektor, həm millət vəkili olan ali təhsil müəssisə rəhbərləri ilə bağlı tələblər səsləndirməsi, bir çox universitet rektorları ilə bağlı müxtəlif KİV-lərdə davamlı şəkildə tənqidlər səsləndirilməsi və ifşaedici materialların intensivləşməsi də təsadüfi hesab olunmur. İddia edilir ki, bütün bunlar ölkədə ali təhsilin vəziyyətinin yaxşılaşdırılması üçün bəzi dövlət ali təhsil müəssisələri rəhbərlərinin əvəzlənməsi prosesinin davam etdirilməsi üçün ictimai rəyi hazırlamaq məqsədi daşıyır. Bu ehtimalların doğru olub-olmadığını isə bizə 2014-cü il göstərəcək".
"Unikal"ın bu yazdıqlarından cəmi iki ay sonra başlayan proses məlumatlarımızın həqiqiliyini ortaya qoydu. Eyni zamanda açıq görünür ki, təhsil naziri ilə bəzi rektorlar arasında soyuq rüzgarlar get-gedə şiddətlənir.
Ehtimallar var ki, bu prosesin davamında bir çox ali məktəb rəhbərləri Cabbarova qarşı birləşsinlər və ona qarşı vahid cəbhə təşkil edərək ali məktəb rəhbərlərinin əksəriyyətinin əvəz edilməsi planlarının önünü kəsmək istəsinlər. Əks halda bir neçə universitet rəhbərinin də öz postu ilə vidalaşmasının mümkünlüyü qətiyyən şübhə doğurmur.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53