Parlament seçkilərinə hazırlıq başlayıb
Parlament seçkilərinə hazırlıq başlayıb
YAP hazırkı deputatlarının 80 faizindən imtina edəcək

Azərbaycanda prezident seçkilərindən sonra ictimai-siyasi mühitdə ciddi dəyişikliklər baş verməyə başladı. Bir tərəfdən baş verən kadr islahatları, digər tərəfdən korrupsiyaya qarşı aparılan mübarizə müəyyən dəyişikliklərə yol açdı. Bununla paralel olaraq ölkədən kənarda baş verənlərdə siyasi prosesləri aktivləşdirdi. O cümlədən Ukrayna və Türkiyədə baş verənlər Azərbaycana da təsirsiz ötüşmədi.

Xarici siyasətdə
aydınlaşma

Gəlin öncəliklə Ukrayna hadisələrinin təsirinə baxaq. Ukraynada baş verənlər bir başa Azərbaycan siyasətinə və iqtisadiyyatına təsir etməsə də xarici siyasət kursunda müəyyən aydınlaşmalara imkan yaratdı. Belə ki, əksər hallarda balanslı siyasət yürüdən və Qərblə Rusiyaya eyni məsafədə yanaşan Azərbaycan bu dəfə seçim etməli oldu. Belə ki, Ukraynanın ərazi bütövlüyü məsələsi BMT-də müzakirəyə çıxarıldı və ilk dəfə Azərbaycan açıq şəkildə Rusiyaya qarşı dayanan qüvvələrlə bir sırada durdu. Düzdür əksər ekspertlər hesab edir ki, bu kifayət qədər riskli addım idi və buna görə Rusiya Azərbaycanı cəzalandıracaq. Amma bu da faktdır ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü qəbul etməsəydi faktiki olaraq Dağlıq Qarabağın müstəqilliyinə səs verə biəcək dövlətlərin yaranmasına təkan vermiş olardı. Görünür bunu Rusiya anlayır və bu səbəbdən Azərbaycanın mövqeyi top-tüfənglə qəbul olunmadı.

Türkiyənin acı reallığı

Bu arada Azərbaycana təsir edən faktorlardan biri də Türkiyədə baş verənlər oldu. Nurçu Ərdoğan qarşıdurması Azərbaycana da təsirini göstərdi və ölkədə hakimiyyət strukturlarına daxil ola bilmiş nurçuların təmizlənmə prosesi başladı. İlk qurbanlıq isə Elnur Aslanov oldu. Amma ekspertlər hesab edir ki, bu sadəcə başlanğıcdır və daha ciddi təmizləmələr hələ bundan sonra olacaq. O cümlədən aydın olub ki, parlamentdə də 20-dən çox nurçu deputat var ki,onlarda real təhlükədir. Müşahidəçilər bunu da bildirir ki, nurçular həmçinin ölkənin iqtisadiyyatına da təsir etmə gücündədirlər və orta sahibkarlığın çox böyük bir hissəsi məhz onların nəzarətindədir. İndi onların zərərsizləşdirilməsi də gündəmdədir və bütün bunlar istər istəməz ölkənin siyasi gündəmini aktivləşdirəcək. Bütün bunlar 2015-ci il parlament seçkiləri ərəfəsində baş verəcək. Bu baxımdan ölkədəki siyasi qüvvələrin indidən parlament seçkilərinə hazırlığını təhlil etmək maraqlı olardı. Maraqlıdır, hazırda ölkədəki siyasi qüvvələr bir ildən sonra baş verəcək parlament seçkilərinə nə qədər hazırdır?

Müsavatın tərpənişi

Gəlin öncəliklə müxalifət düşərgəsinin parlament seçkilərinə hazırlığına baxaq. Müxalifət düşərgəsində ənənəvi müxalifətdən müəyyən məsafə saxlayan Müsavat partiyasının durumuna baxmaq maraqlı olardı. Əslində Müsavat partiyası parlament seçkilərinə məhz Milli Şuradan istefa verməklə başlayıb. Yəni kollektiv mübarizədən imtina edərək təkbaşına gücünü səfərbər etmək xətti tutdu və əlavə yüklərdən imtina etdi. Yəni Müsavat üçün başqa təşkilatlarında məsuliyyətini daşımaq mənasız göründü və bu səbəbdən ənənəvi müxalifətdən kənara çəkilərək hazırda bütün imkanlarını səfərbər edərək təşkilatlanma işləri ilə məşğuldurlar. İlk növbədə bölgələrdə ki, yerli təşkilatlarını yenidən səfərbər edir, bu biri tərəfdən isə qrultaya hazırlıq işləri görürlər. Əslində qrultayın bu günə qədər keçirilməməsinin başlıca səbəblərindən biri də budur ki, qurultayı parlamet seçkilərindən öncəyə salmaqla təşkilatlanma işlərini daha yaxşı qura bilərlər, həmçinin qrultayın özüdə seçkiöncəsi ciddi təbliğat rolunu oynaya bilər. Ekspertlər hesab edir ki, bu seçkilərdə Müsavat ən azından 3 mandata sahiblənə biləcək. Bunu da qeyd edək ki, hələ Müsavat Milli Şuradan imtina edən zaman AXCP aktivləri bəyan etdilər ki, Müsavat hakimiyyətlə danışıqlara gedib və 5 mandat alacaqlar.

AXCP-in çıxılmaz
durumu

Müxalifət düşərgəsində parlament seçkilərinə hazırlıq görə bilməyən əsas güclərdən biri də AXCP-dir. Bu günlərdə yenidən qərargahsız qalan AXCP həm də yerli rayon təşkilatlarını formalaşdıra bilmir və demək olar ki, son prezident seçkilərində AXCP rəhbərliyi ilə üzvləri arasında bir uçurum yarandı. Belə ki, səfil durumda olan AXCP üzvlərindən fərqli olaraq təşkilatın sədri Əli Kərimlinin ciddi əmlakı, sərvəti ortaya çıxdı. Bu isə özülüyündə Əli Kərimliyə olan inamı sarsıtdı. Bundan başqa aydın oldu ki, AXCP-in yürütdüyü siyasətdə də ciddi qüsurlar var. İlk qüsur isə budur ki, AXCP düzgün hədəf seçə bilmir. Üzdə hakimiyyətə qarşı mübarizə apardığını bəyan edən AXCP əslində bütün gücü ilə Müsavata qarşı savaş aparır və nəticədə mübarizə müxalifətdaxili proseslərə yönəlir. Bundan başqa AXCP-in Milli Şuranı qoruyub saxlamağa çalışması da effekt vermədi. Belə ki, aydın oldu ki, Milli Şura heç bir təsir imkanına malik deyil və AXCP-in bu aylarda atdığı addımlar sadəcə olaraq səmərəsiz olub. AXCP-in başqa bir problemi isə budur ki, hazırda cəmiyyətin qəbul edəcəyi reytinqli üzvləri də yoxdur. Ciddi yanaşsaq aydın olur ki, AXCP-də Fuad Qəhrəmanlı ilə Əli Kərimlidən başqa cəmiyyətə çağırış edəcək bir kimsəsi qalmayıb. Sözsüz ki, buda seçkilər zamanı ciddi problemlər yaradacaq. Ekspertlər hesab edir ki, 29015-ci il parlament seçkiləri AXCP üçün ən uğursuz seçki ili olacaq.

Loyal müxalifətin
irəliləyişi

Ekspertlər hesab edir ki, qarşıdan gələn seçkilərdə loyal müxalifət daha aktiv olacaq. Əsasən İqbal Ağazadənin, Fazil Qəzənfəroğlunun, Qüdrət Həsənquliyevin sədri olduğu partiyalar azından iki mandat qazana biləcəklər. Bunun əvəzində isə ADP, Ədalət partiyası oyundankənar durumda qalacaqlar. Həmçinin aydın oldu ki, parlamentdə loyal müxalifət kifayət qədər aktivdirlər və demək olar ki, parlamentin effektli olmasında xüsusi rol oynayırlar. Bu səbəbdən güman etmək olar ki, bitərəf deputatların yerini məhz loyal müxalifət tuta biləcək.

Bitərəflərin
tərəfsizliyi

Son 5 ildə parlamentin fəaliyyətinə diqqət yetirəndə aydın oldu ki, parlamentdə demək olar ki, heç bir effekt verməyən, əskinə parlamentin fəaliyyətini zəiflədənlərin böyük bir qismi məhz bitərəflərdir. Məsələn, götürək Etibar Hüseynovu, 5 illik fəaliyyəti dövründə diqqəti bir qaçqınları təhqir etməklə və bir də üzr istəməklə özünə cəlb etdi və bunun parlament fəaliyyəti bununla da tamamlandı. Yaxud götürək Ceyhun Osmanlını. Bu şəxs isə sadəcə olaraq nurçuların təsirində olması ilə diqqəti cəlb etdi və yəqin ki, bu onun parlamentdəki son fəaliyyət mərhələsidir. Ümumiyyətlə aydın oldu ki, bu dəfəki parlamentdə kifayət qədər təsadüfü şəxslər var və yəqin ki, bunlardan təmizlənməli olacağıq.

YAP-da dəyişikliklər

Parlament seçkilərində sözüsüz ki, yenə də əsas söz sahibi YAP olacaq. Amma analitiklərin fikrincə YAP bu dəfəki seçkilərdə tərkibində ciddi dəyişikliklər edəcək və gənclərə üstünlük daha çox veriləcək. Çünki Gülər Əhmədova olayından sonra YAP çıxılmaz duruma düşdü və buna görə də adı korrupsiya qalmaqallarında bu və ya digər şəkildə hallanan şəxslər ümumiyyətlə oyundan çıxarılacaqlar. Həmçinin aydın oldu ki, YAP-çı olan elə deputatlar var ki, onlar həm də hansısa qüvvələrin təsirindədirlər. Elə nurçu qalmaqalında aydın oldu ki, dünənə qədər ən etibarlı kadrlar kimi tanınan elə deputatlar var ki, onlar üçün nurçuluq hər şeydən önəmlidir. Buna görədə bu tip şəxslərdə YAP-ın siyahısından çıxarılacaq. Nəhayət, bunu da qeyd edək ki, bu gün YAP-ı təmsil edən deputatların böyük əksəriyyəti çox böyük ehtimal ki, icraedici strukturlarda işlərlə təmin olunacaqlar ki, buna görə də parlamentdə təmsil olunmayacaqlar. Nəhayət kifayət qədər yaşa dolmuş şəxslərdə parlamentdə iştirak etməkdən imtina edəcəklər. Beləliklə ciddi təhlil etsək aydın olur ki, YAP xətti ilə parlamentdə təmsil olunan deputatların 80 faizi gələn seçkilərdə daha olmayacaqlar.

Son

2015-ci il parlament seçkiləri həm də dünyanın diqqət mərkəzində olacaq və kifayət qədər ajiotajlı olacaq. İlk növbədə həm də ona görə ki, 2015-ci ildə Azərbaycanda ilk Avropa Olimpiada oyunları keçiriləcək və istər-istəməz dünyanın diqqət mərkəzində olacağıq. Bununla yanaşı həm də kənar qüvvələrin Azərbaycandakı seçkilərə müdaxiləsi müşahidə olunacaq. İlk növbədə bu müdaxilə Rusiyadan gələcək. Son prezident seçkilərində də gördük ki, Rusiya son ana qədər Milli Şura vasitəsi ilə Azərbaycandakı seçkilərə müdaxilə etməyə cəhd etdilər. Bu parlament seçkilərində də eyni proseslər təkrarlanacaq. Ekspertlər hesab edir ki, 2015-ci ildə erməni lobbisinin də Azərbaycana basqısı təsəvvürə gəlməyəcək həddə artacaq. Çünki gələn il qondarma erməni soyqırımının yubiley ili olacaq və buna görə indidən erməni lobbisi Azərbaycana və Türkiyəyə öldürücü zərbələr hazırlamaqdadırlar. Buna görə də Azərbaycan hakimiyyəti parlament seçkilərinə indidən hazırlıqlar görməli və ilk növbədə kənar təsirləri minimuma endirməlidir. Bunu da unutmayaq ki, son illər Azərbaycanda radikal dini qruplaşmalarda kifayət qədər artıb və 2015-ci ildə, qaynar bir zamanda onlarda hansısa məqsədlərini həyata keçirtməyə çalışacaqlar. Necə ki, "Eurovision" mahnı yarışması zamanı bu qüvvələr dəfələrlə terror aktları həyata keçirtməyə çalışdılar. 2015-ci ildə isə bir tərəfdən seçkilər, digər tərəfdən isə olimpiada bu qüvvələri yenidən aktivləşdirəcək. Görünür bunu nəzərə alan hakimiyyət artıq radikal qruplaşmalara qarşı mübarizəni gücləndirib və məqsəd 2015- ci ilə qədər bu qüvvələrin fəaliyyətini minimum həddə salmaqdır. Beləliklə gördüyünüz kimi kifayət qədər gərgin siyasi proseslər hələ qabaqdadır və indidən hazırlıqlara start verilib. Amma istənilən halda qarşıdakı parlament seçkilərində hansısa surpriz gözləməyə dəyməz. Çünki YAP bu gündə alternativsiz siyasi partiya rolunu oynayır və ən demokratik seçkilərdə belə üstünlüyünü qoruyub saxlaya biləcək.

Mehdi Əli