Cahangir Əsgərova ikinci dopinq şoku
11:35 10-04-2014
İQTİSADİYYAT
Cahangir Əsgərova ikinci dopinq şoku
AZAL "şef"inin klubu bağlandı
Bakının Şüvəlan qəsəbəsində yerləşən AZAL idman klubu bağlanıb. Belə ki, iki gün öncə AZAL-ın bütün əməkdaşlarına ərizə yazmaları tapşırılıb.
Bu qərarın Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən 9 idmançımıza kəsilən cəza ilə bağlı olduğu bildirilir. Həmin ağırlıqqaldıranlar dopinq-testdən keçə bilmədiklərindən, diskvalifikasiyaya məruz qalıblar. AZAL klubu isə Azərbaycan milli komandasının bazası sayılırdı.
Klub nəzdində fəaliyyət göstərən ağırlıqqaldırma üzə komandanın baş məşqçisi Xanlar Nəbiyev lent.az-a açıqlamasında xəbəri təsdiqləyib: "İki gün öncə bizə dedilər ki, klub bağlanılır, ona görə hamımız istefaya göndərilirik. Biz də ərizəmizi yazdıq. Gələcəkdə nə olacağını bilmirik".
AZAL idman klubunda ağırlıqqaldırma ilə yanaşı, üzgüçülük bölməsi də olub. Klubun direktoru eyni zamanda Azərbaycan Ağır Atletika Federasiyasının icraçı direktoru vəzifəsində çalışmış İsgəndər Əsgərov olub. Lakin o, 9 ağırlıqqaldıranımızın dopinq -testdən keçə bilməmələri səbəbindən cəzaya məruz qalmalarının ardından hər iki vəzifəsindən istefa verib. O, Ağırlıqqaldırma Federasiyasının prezidenti, eyni zamanda "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin rəhbəri Cahangir Əsgərovun yaxın qohumudur.
Nəbiyev bildirib ki, klub əməkdaşlarının taleyinə yeni direktor təyinatından sonra aydınlıq gələcək: "Hər yeri möhürləmişik ki, yeni direktorun gəlişinədək heç nə yoxa çıxmasın".
Qeyd edək ki, Ağır Atletika Akademiyası yaxınlığında AZAL futbol klubuna məxsus stadion da yerləşir. Həmin arenada eyniadlı futbol komandası ev oyunlarını keçirir.
"Unikal"ın araşdırması nəticəsində məlum olub ki, AZAL futbol klubu 1996-ci ildən fəaliyyətə başlayıb. Komanda əvvəllər AMMK adı altında (təsısçi "Azərbaycan Beynəlxalq Gənclər Komitəsi"nin (rusca Azerbaydjanskiy Mejdunarodnıy Molodёjnıy Komitet-in şərəfinə) futzal üzrə həvəskarlar liqasında çıxış edib. Klub 1997-ci ildə futzal üzrə həvəskarlar liqasında 8 komanda arasında 1-ci olub. Bir çox futzal turnirlərində ölkəmizi təmsil edib. Daha sonra peşəkar futzal liqasına qatılan AMMK daim mükafatlar uğrunda mübarizə aparıb. 2002/2003-cü il Futzal üzrə Çempionlar Liqasında Azərbaycanı təmsil edib və qrup oyunlarında ikinci yeri tutub. 2004-cü ildə AFFA-da peşəkar futbol klubu kimi qeydiyyatdan keçib və həmin ildə 17 yaşlılardan ibarət milli komandanın bazasında AMMK adı altında 1-ci dəstədə mübarizə aparıb. AMMK mövsümün yekununda 1-ci yeri tutaraq güclülər dəstəsinə vəsiqə qazanmışdır. 2005-ci ilin avqust ayında klub adını dəyişərək "Olimpik" adlanıb. 2005/2006-cı il mövsümündə komanda Azərbaycan Çempionatında 12-ci yeri tutub. 2006/2007-ci il mövsümündə komanda heyətini gücləndirərək qarşısına iddialı məqsədlər qoyub. 2006/2007-ci il mövsümünü 5-ci yerdə bitirən klubumuz 2007/2008-ci il mövsümündə çempionluğu son turda əldən vermiş və vitse-çempion adını qazanmışdır. 2008/2009-ci illər Avrokuboklar mövsümündə ölkəmizi UEFA-nın klub yarışlarında təmsil edən "Olimpik" birinci təsnifat mərhələsində Serbiyanın "Voyvodina" komandası ilə qarşılaşmışdır. İlk oyunda səfərdə 1-0 hesabı ilə məğlub olan "Olimpik" Bakıdakı oyunda heç-heçə (1-1) etmişdir. Daha sonra isə 2010/2011-ci il mövsümünün yekunlarına görə Premyer Liqada 4-cü yeri tutan komandamız növbəti dəfə beynəlxalq arenaya çıxıb. UEFA Avropa Liqasına vəsiqə qazanan AZAL ilk mərhələdə Belorusiyanın "Minsk" klubu ilə qarşılaşıb. Bakıdakı oyunda heç-heçəyə razılaşan (1-1) AZAL səfərdən məğlub dönüb - 2:1. Bununla da klubumuz hər iki cəhddə mərhələ keçmək vəzifəsinin öhdəsindən gələ bilməmişdir. 2009-2010-cu il mövsümündən etibarən klubun adı "Olimpik-Şüvəlan P.F.K.-Bakı" adına dəyişdirilib. Bunun arxasınca futbol klubu AZAL adı ilə əvəzlənib.
Həmin vaxtdan da klub Cahangir Əsgərovun himayəsi altına keçib.
Qeyd edək ki, Əsgərovun himayəsindəki idman federasiyasında baş verən dopinq qalmaqalının AZAL "şef"ini möhkəm qəzəbləndirdiyi bildirilir. O, yaşananlarla bağlı kifayət qədər təfərrüatlı araşdırmalar aparılmasını və cavabdehlərə olduqca sərt cəzaların verilməsini tapşırıb.
Buna səbəb kimi, ölkədə və onun hüdudlarından kənarda kifayət qədər rezonans doğuran dopinq skandalından sonra Cahangir Əsgərovun baş verənləri iqtidariçi rəqiblərinin kompromata çevirə biləcəyi ehtimalı göstərilir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53